İlham Əliyevin N.Nazarbayevlə Bakı görüşü-Fotolar

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin aprelin 3-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verdi.

Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qazaxıstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Nursultan Nazarbayevə, Qazaxıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Qazaxıstan prezidentləri rəsmi foto çəkdirdilər.

 

 

 

 

 


 

Aprelin 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü olub.

Prezident İlham ƏLİYEV ali qonağı salamlayaraq dedi:

-Nursultan Abişeviç, xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyə çox şadam. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Bizim münasibətlərimiz çox uğurla inkişaf edir. Biz bir sıra istiqamətlər üzrə əməkdaşlıq edir, beynəlxalq aləmdə həmişə bir-birimizi dəstəkləyir, regionda çoxsaylı mühüm birgə tədbirlər, təşəbbüslər həyata keçiririk.

Bugünkü səfərin gündəliyi kifayət qədər genişdir. Müzakirə edəcəyimiz xeyli məsələlər var. Əminəm ki, qəbul edəcəyimiz qərarlar, imzalanacaq sənədlər ölkələrimiz arasında münasibətlərin daha fəal inkişafı işinə xidmət edəcək. Biz buna çox böyük əhəmiyyət veririk. Qazaxıstan bizim üçün dost, qardaş ölkədir. Onun çox böyük potensialı var və Sizin rəhbərliyinizlə Qazaxıstanın qazandığı nailiyyətlər dost kimi bizi sevindirir. Buna görə əminəm ki, səfəriniz çox məhsuldar, səmərəli olacaq, yaxşı nəticələr verəcək. Bu, ölkələrimizi daha da yaxınlaşdıracaq və regionumuzda daha əlverişli şərait yaradacaq. Bir daha xoş gəlmisiniz.

X X X

Prezident Nursultan NAZARBAYEV dedi:

-Əvvəla ölkənizə rəsmi səfərə dəvətə görə çox sağ olun İlham Heydər oğlu. Mən bu səfəri böyük məmnuniyyətlə edirəm. Çünki mən burada özümü evdəki kimi hiss edirəm.

Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər heç vaxt və heç bir halda pozulmayıb, əksinə, biz tariximizin, mədəniyyətimizin, dinimizin yaxınlığını qeyd etmişik və münasibətlərimizi bu etimad əsasında qurmuşuq. Müstəqilliyi bərpa etdikdən sonra biz Heydər Əliyevlə birlikdə bunun bünövrəsini yaratmışıq və indi həmin işi davam etdiririk.

Nümayəndə heyətimiz buraya səmimi əminliklə gəlib ki, bu səfər və danışıqlar ticari-iqtisadi, siyasi münasibətlərin möhkəmləndirilməsinin, xalqlarımızın və ölkələrimizın daha da yaxınlaşmasının yeni əsasını qoyacaq. Biz artıq dünən Sizinlə ilkin danışıqlara başlamışıq və bu yeni şəraitdə hansı perspektivlərin, imkanların olduğunu görürük. Elə indi – dünyada böyük dəyişikliklərin, iqtisadi-siyasi cəhətdən böhranın baş verdiyi zamanda bizim ixrac-birja məhsullarımız çöküb. Bu, bir tərəfdən, pisdir, digər tərəfdən, məlum olduğu kimi, problemdə imkanları da görmək lazımdır. Biz də bu imkanları onda görürük ki, iqtisadiyyatı şaxələndirməliyik, yeni istehsal sahələri yaratmalıyıq, yeni işlər görməliyik, buna isə elmi və innovasiyaları cəlb etməliyik. Bu işlər həm sizdə, həm də bizdə həyata keçirilir və yeni əsaslar üzərində ölkələrimizin iqtisadi əlaqələrini kəskin şəkildə yüksəltmək mümkündür. İşimizi davam etdirmək üçün vaxtı bir daha dəqiqləşdirməliyik.

Mən Sizi keçirilmiş referendum münasibətilə təbrik edirəm. Əminəm ki, bu referendum Azərbaycan xalqının rifahına xidmət edəcək. Bu referendum xalqın şəxsən Sizə olan etimadını bir daha nümayiş etdirdi. Belə mürəkkəb dövrdə bu, çox mühüm məqamdır. Biz səmimi qəlbdən Sizi təbrik edirik.

Mən Bakı şəhərinin necə inkişaf etdiyini, daha da gözəlləşdiyini görürəm. Yeni paytaxt quran insan kimi mənim üçün bu, aydındır, bunun necə başa gəldiyini bilirəm. Şəhər gözəlləşir, çünki bu, ölkənin simasıdır. Hər gələn paytaxtı, ölkəni görür, həmçinin Azərbaycan da inkişaf edir. Mən bir daha qeyd edirəm ki, biz yaxın qonşularıq və biri-birinə etibar edən dostlarıq.

Bizim nümayəndə heyətinə göstərilən səmimi qəbula görə sağ olun. Aparacağımız danışıqlar və imzalayacağımız bəyannamə özlüyündə bizim gələcəkdə ölkələrimiz və xalqlarımız üçün nəzərdə tutduğumuz böyük işlərdən xəbər verir. Təşəkkür edirəm.

 

 


Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin geniş tərkibdə görüşü olub.

Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

-Hörmətli Nursultan Abişeviç, hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sağ olun ki, bizim dəvətimizi qəbul edərək ölkəmizə səfərə gəlmisiniz.

Bu səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Mən, ilk növbədə, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə Sizi bir daha təbrik etmək istərdim. Bu, dünya miqyaslı məsələlərdə Qazaxıstanın rolunun, Sizin şəxsi nüfuzunuzun etiraf edilməsi və təkcə bizim regionda deyil, bütövlükdə planetdə sülhün möhkəmlənməsi üçün Sizin irəli sürdüyünüz təşəbbüslərin tanınması deməkdir.

Biz münasibətlərimizin inkişafından çox məmnunuq, biz daim əlaqə saxlayırıq. Bu gün biz artıq bir sıra məsələlərə dair fikir mübadiləsi apardıq. Biz bu işə dünən axşam başladıq və artıq baş tutmuş fikir mübadiləsi göstərir ki, müzakirə edilən bütün məsələlər barədə mövqelərimiz tamamilə üst-üstə düşür. Siyasət sahəsində fəal qarşılıqlı əlaqələrimizi, iqtisadi sahədə, nəqliyyat sahəsində yaxşı perspektivləri ətraflı müzakirə etmişik və indi nümayəndə heyətlərinin iştirakı ilə diskussiyaları davam etdirəcəyik.

Əminəm ki, bizim bu gün qəbul edəcəyimiz qərarlar qısa müddətdə əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa və regional əməkdaşlıq baxımından yeni şərait yaratmağa imkan verəcək. Həm Qazaxıstan, həm də Azərbaycan konkret nəqliyyat, enerji layihələri, iqtisadi inkişafla bağlı layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmlətmək üçün çox iş görür. Mənim üçün bu da xoşdur ki, şirkətlərimiz arasında qarşılıqlı investisiyalar qoyuluşu başlanır və artıq yaxşı nəticələr verir.

Fikrimcə, Sizin səfəriniz və qəbul ediləcək qərarlar investisiyaların həcmini artırmaq üçün özəl sektoru da stimullaşdıracaq. Sizi bir daha salamlamaq və əmin olduğumu bildirmək istərdim ki, bu səfər çox uğurlu keçəcək və ölkələrimizi daha da yaxınlaşdıracaq. Xoş gəlmisiniz.

X X X

Prezident Nursultan NAZARBAYEV dedi:

-Sağ olun, hörmətli İlham Heydər oğlu. Mən, ilk növbədə, Sizin ölkənizə çoxdan gözlənilən bu səfərə dəvət üçün dərin təşəkkürümü bildirmək istərdim. Biz azərbaycanlı qardaşlarımızın səmimiyyətini, qonaqpərvərliyini hiss edirik. Dövlətlərarası beş sənəd, müvafiq sazişlər, idarələrarası razılaşmalar hazırlanıb. Bu sənədlər bizim iştirakımızla imzalanacaq. Son illərdə bizim münasibətlərimizdə yeni mərhələ olan bu sənədlər dövlətlərimiz arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlıq məsələlərini həll edəcək.

Biz həqiqətən bütün məsələləri müzakirə etdik. İmzalanmaq üçün hazırlanmış Bəyannamədə hər şey – bütün istiqamətlər üzrə münasibətlərimiz nəzərə alınıb. Biz aydınlaşdırdıq ki, yaxın iki-üç il ərzində əmtəə dövriyyəsini kəskin şəkildə – bir neçə dəfə artırmağa imkan var. İdarələr arasında, xüsusən nəqliyyat-kommunikasiya nazirlikləri arasında imzalanacaq sənədlər, müvafiq razılaşmalar hər iki dövlət üçün böyük səmərə vəd edir.

Digər məsələlərə – həm iqtisadi və siyasi, həm də mədəni-humanitar məsələlərə gəldikdə isə biz münasibətlərimizi bir daha vurğulamaq üçün gənclərin dövlətlərimizdəki müvafiq ali məktəblərə qəbul edilməsi, mədəni münasibətlərin, ziyalıların görüşlərinin, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin bərpa olunması məsələlərinə diqqət yetirməliyik. Bunun üçün yaxşı imkanlar, bir növ körpü var. Qazaxıstanda bizim vətəndaşlarımız olan 130 min etnik azərbaycanlı yaşayır. Onlar bizim vətəndaşlarımızdır və bütün məsələlərə tam şəkildə qoşulublar. Bu, bizim ticari əlaqələrimiz üçün yaxşı körpüdür. Mən bilirəm ki, məhz onlar müştərək müəssisələr açır, biznes qurur və bizim münasibətlərimizi yaxşılaşdırmağa kömək edirlər. Fikrimcə, biz bunu dəstəkləməliyik.

 

 


Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Prezidentlərin Birgə Bəyannaməsini imzaladılar.

“Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş”i “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Qazaxıstan Dəmir Yolları Milli Şirkətinin prezidenti Kanat Alpısbayev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergitutma sahəsində Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”u Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek imzaladılar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2017-2018-ci illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın xarici işlər naziri Kairat Abdraxmanov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Qazaxıstanın Baş nazirinin birinci müavini Askar Mamin imzaladılar.

 

 

 


 

Aprelin 3-də Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanmasından sonra Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli Nursultan Abişeviç.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Nursultan Abişeviç, bir daha Sizi Azərbaycanda səmimi qəlbdən salamlayır və “Xoş gəlmisiniz” deyirəm. Siz bizim əziz dostumuzsunuz. Azərbaycanda Sizi çox sevirlər, hörmət edirlər və Sizin səfəriniz ikitərəfli münasibətlərimizdə böyük hadisədir. Bizim ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm təməli var. Bu il biz dövlətlərimiz arasında diplomatik münasibətlər qurulmasının 25 illiyini qeyd edirik, hərçənd xalqlarımızın qarşılıqlı münasibətlərinin tarixi yüzilliklərlə hesablanır. Bu tarix həmişə dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək tarixi olub.

Bu gün Qazaxıstan və Azərbaycan fəal inkişaf edən iki müstəqil dövlət kimi əməkdaşlığın ikitərəfli formatını möhkəmləndirir. Nursultan Abişeviçin bugünkü səfəri, apardığımız danışıqlar, imzalanmış sənədlər ölkələrimiz arasında olduqca möhkəm əlaqələrin mövcudluğunu sübut edir. Biz qarşılıqlı siyasi fəaliyyəti fəal inkişaf etdirir, həm rəsmi səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində çox tez-tez görüşürük. Söhbət etmək və münasibətlərimizin inkişaf yollarını müəyyənləşdirmək üçün həmişə vaxt tapırıq. Biz beynəlxalq strukturlarda fəal əməkdaşlıq edir, bir-birimizə həmişə qarşılıqlı dəstək oluruq. Bu da bizim münasibətlərimizin səmimiliyinin yaxşı göstəricisidir. Fürsətdən istifadə edərək, bir daha Nursultan Abişeviçi və bütün qardaş Qazaxıstanı dünya siyasətinin ali strukturuna – BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etmək istəyirəm. Bu, dünya ictimaiyyətinin Qazaxıstana münasibətinin göstəricisi, Qazaxıstanın uğurlarının, eləcə də onun beynəlxalq və qlobal işlərdə rolunun tanınması deməkdir. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Qazaxıstanın fəaliyyəti sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə yönələcək. Əminəm ki, bu qurumda onun işi uğurlu olacaq. Həmçinin Azərbaycanın təmsil olunmadığı beynəlxalq strukturlarda Azərbaycanı dəstəklədiyinizə görə təşəkkür etmək istərdim.

Bu gün biz, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələləri müzakirə etdik. Mən Nursultan Abişeviçə nizamlanma məsələsində indiki vəziyyət barədə məlumat verdim. Bizim mövqeyimiz indicə imzalanmış Birgə Bəyannamədə də əksini tapıb. Mən bu mövqeyə görə minnətdaram. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların, ilk növbədə, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində nizamlanmalıdır. Qərar suverenlik, beynəlxalq miqyasda tanınmış sərhədlər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul olunmalıdır və nizamlanmanın bu əsas bəndləri bu gün imzalanan Bəyannamədə əks olunub. Bu, münaqişələrin nizamlanması üzrə Qazaxıstanın prinsipial mövqeyinin daha bir göstəricisidir. Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır. Bu, həmçinin Qazaxıstanın ölkəmizə münasibətinin təcəssümüdür.

Biz bu gün ticari-iqtisadi inkişafa dair məsələləri siyahı üzrə birbaşa müzakirə etdik və əmtəə dövriyyəsini sürətlə artıra biləcəyimiz mövqeləri müəyyənləşdirdik. Əmtəə dövriyyəmizdə artım olsa da, bu, bizim nə potensialımızı, nə də niyyətlərimizi əks etdirə bilməz. Buna görə də gələn ay hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb. Artıq konkret olaraq müzakirə etdiyimiz bəndlər üzrə prezidentlərin göstərişləri, ölkələrimizin ixrac mövqeləri nəzərə alınmaqla qısa müddətdə əmtəə dövriyyəsini, daha dəqiq desək, qarşılıqlı ixracı artırmağa imkan verəcək sənədlər hazırlanıb qəbul edilməlidir. Bunun üçün hər cür imkan var.

Mən, həmçinin çox şadam ki, Azərbaycan Qazaxıstana fəal sərmayə qoymağa başlayıb və Aktauda logistika mərkəzinin açılışı və həmin şəhərdə energetika-maşınqayırma zavodunun inşası bizim ticari-iqtisadi əməkdaşlığımızın möhkəmlənməsinə yönəldilmiş birbaşa Azərbaycan investisiyalarıdır. Qazaxıstan bazarı bizim üçün böyük maraq doğurur. Bir daha demək istəyirəm ki, biz Qazaxıstana ixrac edə biləcəyimiz və oradan idxal edə biləcəyimiz mövqeləri bənd-bənd konkret müzakirə etdik. Həmçinin müasir texnika əldə olunması ilə əlaqədar iri layihələri müzakirə etdik. Biz Qazaxıstandan müasir nəqliyyat vasitələri, teplovozlar, elektrovozlar alırıq. Mən, həmçinin Nursultan Abişeviçə bütün gəmi növləri, tankerlər, bərələr istehsal edən bizim Bakı gəmiqayırma zavodunun potensialı barədə məlumat verdim. Biz özümüz sifarişlər yerləşdiririk və həmçinin bu müasir müəssisənin imkanlarından istifadə etməyə Qazaxıstan şirkətlərini də dəvət edirik.

Tranzitlə əlaqədar məsələlər həm məhdud tərkibdə söhbət çərçivəsində, həm də ölkələrimizin nəqliyyat nazirliklərinin rəhbərlərinin iştirakı ilə nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə bu gün çox geniş müzakirə olundu. Çox böyük potensiala malikik və yaxın vaxtlarda bu potensial bütünlüklə işə düşəcək. Biz bu il Asiyadan Avropaya və Avropadan Asiyaya bizim ərazimizlə daşımaların vaxtını əhəmiyyətli dərəcədə azaldacaq Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşəcəyini gözləyirik. Qazaxıstanda da, Azərbaycanda da bütün lazımi infrastruktur yaradılıb. Həmçinin məmnuniyyətlə qeyd edildi ki, bir neçə gün əvvəl artıq yeni Kurık limanından Azərbaycana ilk yük göndərilib və bu da, həmçinin potensialın göstəricisidir. Bu, müəyyən dərəcədə test yükü idi. Əminəm ki, bu, iqtisadi baxımdan çox səmərəli olacaq. Biz, həmçinin qeyd etdik ki, son bir ildə Azərbaycandan və Qazaxıstandan qonşu dövlətlərə yüklərin tranziti əhəmiyyətli dərəcədə, bəzi mövqelərə görə isə hətta 8 dəfə artıb. Əlbəttə, bunun üçün təkcə infrastrukturlar kifayət deyil, hərçənd, bunsuz mümkün də deyil. Biz Şərq–Qərb yolunun üstündə yerləşən bütün dövlətlərin tariflərinin endirilməsi və eyniləşdirilməsi üzərində çox fəal işləyirik. Bu gün bizim verdiyimiz tapşırıqlar bu yolu həm xeyli qısaldacaq, həm də iqtisadi baxımdan cazibədar edəcək.

Neft əməliyyatları, tranziti sahəsində əməkdaşlıq da müzakirə olundu. Biz, həmçinin necə irəli gedə biləcəyimizi dəqiq başa düşürük. Başqa sözlə, bütün ticari-iqtisadi, tranzit, nəqliyyat, enerji məsələləri bloku çox geniş müzakirə olundu, özü də konstruktiv və müfəssəl. Buna görə biz yaxın vaxtlarda yaxşı nəticələr gözləyirik.

Əlbəttə, humanitar sahədə əməkdaşlıq da müzakirə olundu. Biz bu əməkdaşlığın möhkəmləndirilməsi üzrə konkret addımlar müəyyənləşdirmişik. Eləcə də gənc nəslin biri-birini yaxşı tanıması, dostluq etməsi və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ölkələrimizin yaxınlaşması məqsədilə Qazaxıstan və Azərbaycan rəhbərlərinin apardıqları siyasəti onların da gələcəkdə aparması üçün Qazaxıstan və Azərbaycan gənclərinin müxtəlif tədbirlərdə iştirakını nəzərdə tutmuşuq.

Bir daha Nursultan Abişeviçə Azərbaycana rəsmi səfərə gəlməyə vaxt tapdığına görə təşəkkür etmək, ən yaxşı arzularımı və yeni görüşlərə ümid bəslədiyimi bildirmək istəyirəm. Bir daha xoş gəlmisiniz.

Prezident Nursultan Nazarbayevin
bəyanatı

-Hörmətli İlham Heydər oğlu.

Əvvəla, mən bu rəsmi səfərə dəvətə görə təşəkkür etmək istəyirəm. Biz bu səfəri səbirsizliklə gözləyirdik. Böyük məmnuniyyətlə buraya gəlmişik. Mən azərbaycanlı dostlarımızdan qardaşlıq münasibəti, dostluq hissi və qonaqpərvərlik duyuram.

Dünən axşam və bu gün səhər məhdud və geniş tərkiblərdə görüşlərdə biz bütün məsələlər kompleksini müzakirə etdik. Siz bu barədə ətraflı məlumat verdiniz. Mənə yalnız bunu əlavə etmək qalır ki, bizim qarşılıqlı münasibətlərimizin əsas məsələsi ticarətdir. Ticarəti genişləndirmək əsasında bütün digər münasibətləri inkişaf etdirmək lazımdır. Ticarət bazisdir, təməldir. Biz ticari münasibətlərdə əmtəə dövriyyəsinin artırılmasının vacibliyini xüsusi ilə qeyd etdik. Demək olmaz ki, 140 milyon dollar potensialımıza cavab vermir, amma bizim imkanlarımızı göstərmir. Buna görə də bu sahədə birinci yerə Xəzər dənizi ilə nəqliyyat-logistika əməkdaşlığı çıxır. Qazaxıstan yeni İpək Yoluna cəlb olunub – Çin Xalq Respublikasının “bir kəmər-bir yol” təşəbbüsü əsasında Çinin sərhədindən Xəzər dənizinə qədər ümumi uzunluğu 2 min kilometrədək olan dəmiryolu inşa edilib. Artıq bu yol işləyir və öz bəhrələrini verir. Qərbi Çin-Qərbi Avropa avtobanının 2700 kilometrlik hissəsi inşa olunub. İndi söhbət Çindən konteynerlərin gətirilməsindən gedir. Yəqin eşitmisiniz, konteynerlər artıq Qərbi Avropaya, Böyük Britaniyaya 14 sutka ərzində çatdırılır, halbuki dənizlər və okeanlar vasitəsilə 40-45 sutkaya gətirilirdi. İndi isə məsələ belə qoyulub ki, yüklər Avropaya Qafqaz – Bakı, Xəzər dənizi vasitəsilə gətirilsin. Burada isə böyük potensial mövcuddur. Hesablamalar göstərir ki, daşımaların həcmi 6-7 milyard dollarlarla ölçüləcək. Onların böyük hissəsi Bakıdan keçəcək. Hesablamalar onu da göstərir ki, bu, Azərbaycana 500-600 milyon dollar gəlir gətirəcək. Yəni, burada çox böyük potensial var. Biz bütün dövlətlərdən – Türkiyədən, Gürcüstandan, Azərbaycandan xahiş etmişik və Qazaxıstana tapşırıq vermişik ki, daşımalar üçün tariflərin sərfəli olmasına diqqət yetirsinlər. Türkiyə ilə Rusiya arasında baş verən hadisələrlə əlaqədar Qafqaz vasitəsilə daşımaların həcmi artıb. Biz dərhal hiss etdik ki, həm Bakı, həm də Aktau hətta bunun öhdəsindən gəlməkdə çətinlik çəkirdilər. İndi Ukrayna bu marşrut vasitəsilə bütün Mərkəzi Asiya ilə ticarət qurmaq istəyir. Buna görə də burada çox böyük imkanlar açılır, biz bunu qeyd etdik.

İkinci məsələ. İlham Heydəroğlu qeyd etdi, əgər Qazaxıstanın idxalının nə olduğuna, Azərbaycanın ixrac və idxalının nələr olduğuna baxsaq belə çıxır ki, biz bir-birimizdə olan malları uzaq ölkələrdən alırıq. Məsələn, şəkər. Qazaxıstanda böyük şəkər qıtlığı var. Biz onu alırıq, amma Azərbaycandan da ala bilərik. Yaxud, Azərbaycan, məsələn, siqaretləri 250 milyona alır. Biz bunun yarısını verə bilərik və sair. Əgər bu malların siyahısına nəzər yetirsək, biz əmtəə dövriyyəsini kəskin artıra bilərik. Biz 2020-ci ilədək əmtəə dövriyyəsini 500 milyon dollara qədər artırmağı qarşıya vəzifə qoymuşuq. Amma mən dünən eşidəndə ki, bizim təkcə nəqliyyat nazirliklərimiz 500 milyonluq müqavilə imzalayıblar, onda deyə bilərik ki, biz 1 milyard həcmində əmtəə dövriyyəsinə nail ola bilərik.

Sənaye siyasəti hesabına biz müasir paravozlar, teplovozlar, dəmir yollarının yuxarı hissələrinin, istiqamətləndirici tənzimləyicilərinin və sairlərinin inşasını aparmışıq. Bütün bunlar Azərbaycan üçün zəruridir, biz bunları tədarük edəcəyik – metal məhsullar, mis, polad və sair. Təkcə Azərbaycandan Aktauya gətirilən tərəvəz məhsulları artıq bütün Qazaxıstana yayılır və bu həcm bir il ərzində 12 dəfə artıb. Bu, ölkələrimiz arasındakı nəhəng imkanlardan xəbər verir, yəni, ticarət, bax, budur.

Ticarətdə ikinci energetikadır. Biz vaxtilə Bakı-Tbilisi-Ceyhan boru kəmərini dəstəkləmişik, gələcəkdə belə perspektiv var ki, Qazaxıstan nefti bu magistral ilə də Türkiyəyə, Avropaya və daha uzaqlara gedəcək. Biz bu məsələni də müzakirə etdik. Azərbaycan tərəfinin Bakıda inşa etdiyi xüsusi logistika mərkəzi, Bakıda və Aktaudakı taxıl terminallarımız ölkələrimiz arasında müvafiq məhsulu saxlamağa və boşaltmağa imkan verir. Yəni, nəqliyyat, energetika, kənd təsərrüfatı məhsulları ilə ticarət ölkələrimiz arasında əmtəə dövriyyəsinin əsas sahələridir.

Əlbəttə, prezidentlər görüşərkən regional təhlükəsizlik, ümumi təhlükəsizlik problemlərini müzakirə etməyə bilməzlər və bununla əlaqədar Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvi kimi əsas diqqətini, əlbəttə, bizim regionumuza və Suriyaya, Əfqanıstan da daxil olmaqla Mərkəzi Asiya regionuna yönəldəcək. Bununla əlaqədar bir daha qeyd edə bilərəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qazaxıstan bizim səs verdiyimiz Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə, yəni, beynəlxalq münasibətlərin hamılıqla qəbul olunmuş normalarına əsaslanır. Ümumiyyətlə, Qazaxıstan Azərbaycanla olduğu kimi, Ermənistan və Gürcüstanla da mehriban münasibətlər saxlayır. Biz istərdik ki, burada sülh olsun və məsələ sülh yolu ilə həll edilsin. Biz bu yolda əlimizdən gələni edirik, necə deyərlər, hamıya məsələnin sülh yolu ilə həll olunmasını təklif edirik. Yeri gəlmişkən, bu, həm Ermənistan, həm də Azərbaycan xalqlarının, eləcə də, bizim hamımızın maraqlarına cavab verir. Hamımız bir yerdə yaşayırıq. Biz ticarət etməli, yaşamalı və inkişaf etməliyik.

Bizi, həmçinin bütün dünyanı bürüyən terrorçuluq narahat edir. Siz bilirsiniz ki, Suriya prosesinin nizamlanması Astanada da gedir, biz həm müxalifəti, həm hökuməti, həm də bütün bu məsələlərə cəlb olunmuş dövlətləri öz paytaxtımızda toplaya bildik. Biz bu məsələlər üzərində işləyirik.

Düşünürük ki, bu səfər zamanı bizim danışıqlarımız Azərbaycan-Qazaxıstan münasibətlərinə tamamilə yeni yol açacaq, yeni impuls verəcək. Bunlar hər iki dövlət üçün sərfəlidir, ölkələrimiz arasındakı ənənəvi dostluğu, etimadı möhkəmləndirir. Çünki bizim eyni tariximiz, mədəniyyətimiz, dilimiz, ümumi köklərimiz var və bu da bizi yaxınlaşdırır. Qazaxıstan ilə Azərbaycan arasında həll edilməmiş heç bir problemin, münaqişəli vəziyyətlərin olmaması əməkdaşlıq üçün bütün yolları üzümüzə açır. Şəxsən mən danışıqlardan, uğurlardan çox razıyam. Əlbəttə, bu, Azərbaycan tərəfinin dəstəyi ilə mümkün olub. İlham Heydər oğlu, Sizin tərəfinizdən Qazaxıstana göstərilən qonaqpərvərliyə, dostluğa görə mən şəxsən Sizə çox minnətdaram. Mən Sizi Qazaxıstana rəsmi səfərə dəvət edirəm. Sizi iyunun 10-da keçiriləcək “Ekspo-2017”nin açılışında fəxri qonaq olmağa dəvət edirəm. Mən, həmçinin sədr kimi sizi Şanxay Əməkdaşlıq Təşkilatına qonaq dəvət edirəm. Həmin görüşlərdə dialoqumuzu davam etdirərik və bu gün verdiyimiz tapşırıqların necə icra olunduğunu yoxlayarıq.

Hökumətlərarası komissiyaya, bizim hökumətlərə bütün imkanları təhlil edərək yol xəritəsini, müvafiq razılaşmaları və praktik işləri tərtib etmək tapşırılıb. Hamınıza diqqətə, dostluğa və bu münasibətə görə təşəkkür edirəm. Azərbaycan xalqına böyük uğurlar, xoşbəxtlik və tərəqqi arzulayıram. Referendumun keçirilməsi münasibətilə Sizi təbrik edirəm. Ümidvaram ki, bu, Sizin xalqınızın rifahına və dövlətlərimiz arasında dostluğun inkişafına xidmət edəcək. Diqqətinizə görə təşəkkür edirəm.

 


 

Aprelin 3-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli Nursultan Abişeviç, hörmətli qonaqlar, əziz dostlar.

Bu gün bizim münasibətlərimizin tarixində çox əlamətdar gündür. Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə böyük hadisədir. Səfər çox uğurlu, səmərəli olub, yaxşı nəticələr verib. Biz bu gün bu barədə artıq mətbuata və ictimaiyyətə məlumat vermişik. Mən böyük məmnuniyyətlə elan edirəm ki, bu gün Nursultan Abişeviç Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı imzalanıb.

“Heydər Əliyev” ordeni Azərbaycan dövlətinin ali mükafatıdır və mənə çox xoşdur ki, bu gün həmin mükafatı Heydər Əliyevin böyük dostu və Azərbaycan xalqının, Azərbaycanın dostu Nursultan Abişeviç Nazarbayevə təqdim edirəm. Nursultan Abişeviç, bu, həm də ona görə rəmzi xarakter daşıyır ki, Siz uzun illər boyu Heydər Əliyev ilə dostluq etmisiniz və onunla birlikdə işləmisiniz. Siz Sovet dövründə də həmişə ünsiyyət saxlayırdınız. Atamın söhbətlərindən xatırlayıram ki, sizin aranızda həmişə çox səmimi və yaxın münasibətlər olub. Ölkələrimizin müstəqilliyi dövründə də sizin aranızda həmişə xüsusi münasibətlər olub. Bunu bizim vətəndaşlar da bilirdi və indi də bilirlər, MDB məkanında da bunu bilirlər. Əslində, Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əsasını siz ikiniz qoymusunuz.

Təəssüf ki, Azərbaycanda müstəqilliyin ilk illəri faciəli hadisələrlə, çətin sınaqlarla dolu olub. Azərbaycanın həmin dövrdəki rəhbərliyi nəinki özünün tarixi dostları ilə münasibətləri nizamlaya bilməyib, hətta onların çoxu ilə bu münasibətləri o dərəcədə korlayıb ki, sonradan uzun illər boyu həmin münasibətləri qaydaya salmaq lazım gəlib. Qazaxıstanın bəxti gətirib ki, müstəqilliyin lap əvvəlindən bu ölkəyə Nursultan Abişeviç Nazarbayev kimi görkəmli lider rəhbərlik edib. Bu, Qazaxıstanı çox bəlalardan, çox risklərdən qoruyub. Bu gün – Qazaxıstanın müstəqilliyinin elan edilməsindən 25 il sonra qüdrətli dövlət çox məsələləri həll edir, uğurla inkişaf edir, irəliləyir. Buna görə də Heydər Əliyevin adını daşıyan ordenin Sizə təqdim edilməsi ədalətli qərardır və bir daha demək istəyirəm ki, bu qərar rəmzi məna daşıyır.

Sizin rəhbərliyinizlə Qazaxıstan dünyada böyük nüfuz sahibi olan güclü dövlətə çevrilib. Ölkənizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bunun ən yaxşı göstəricisidir. Çox nümunə göstərmək olar, lakin mənim fikrimcə bu, dünya birliyinin Sizə və Sizin ölkənizə münasibətinin göstəricisidir. Siz regional məsələlərdə çox böyük rol oynayırsınız, çoxsaylı uğurlu layihələr barədə təşəbbüs irəli sürürsünüz, həmçinin istər bizim regionda, istərsə də bütün planetdə sülhün möhkəmləndirilməsi işinə böyük töhfə verirsiniz. Suriyada sülhün möhkəmləndirilməsi və risklərin azaldılması üçün Sizin sülhyaratma səyləriniz dünya birliyi tərəfindən çox yüksək qiymətləndirilir. Siz uzun illər boyu sanki həlli mümkün olmayan məsələləri həll etməyə nail olmusunuz.

Sizi həm də “Ekspo-2017” sərgisinin keçirilməsinə uğurla hazırlaşmağınız münasibətilə təbrik etmək istərdim. Bu, ölkənin yetkinliyinin, onun imkanlarının, potensialının, habelə Sizin əməkdaşlığa yönəlmiş siyasətinizin daha bir göstəricisidir. Ona görə ki, bu, əməkdaşlığın genişləndirilməsinə, əmtəə dövriyyəsinin artırılmasına, ölkənin potensialının nümayiş etdirilməsinə yönəlmiş sırf sülh təşəbbüsüdür.

Sizin rəhbərliyinizlə Qazaxıstan uğurla tərəqqi edir, regionlarda coşqun inkişaf prosesi gedir. Siz paytaxt Astananı yaratmısınız. Sizin respublikanın hər bir sakini bu nadir, son dərəcə gözəl şəhərlə haqlı olaraq fəxr edə bilər. Siz qısa müddətdə praktiki olaraq həlli mümkün olmayan işlər görmüsünüz və bu gün mahiyyət etibarı ilə ölkənin potensialını, onun coşqun inkişafını təcəssüm etdirən gözəl paytaxt şəhəri yaratmısınız. Mən hər dəfə Astanaya gələndə görürəm ki, quruculuq prosesi hələ də davam edir. Hərçənd, belə hesab etmək olar ki, artıq hər şey edilib, lakin Sizin daim qurub-yaratmaq, irəliyə doğru hərəkət etmək xarakteriniz bütün istiqamətlər üzrə fəal inkişafı stimullaşdırır. Qazaxıstan dövlətinin güclü iqtisadi potensialı hamıya məlumdur. Sizin sənayeləşdirmə siyasətiniz çox yaxşı nəticələr verib. Siz Qazaxıstanda ölkənizin sakinləri olan çoxsaylı xalqlar arasında nadir şərait – sülh və qarşılıqlı anlaşma ab-havası yaratmısınız. Bu gün, xüsusən dini, etnik zəmində münaqişələr, müxtəlif iddialara əsaslanan münaqişələr fonunda Qazaxıstanın nadir təcrübəsinə daha çox ehtiyac var. Ola bilsin ki, əvvəllər bu məsələni belə qəbul etmirdilər, düşünürdülər ki, bu, belə olmalıdır. Lakin əslində belə deyil. Bu, böyük istedad tələb edir, hər bir xalqın nümayəndəsinin özünü öz ölkəsində, öz evində olduğu kimi hiss etməsi və öz ölkəsi üçün daha çox iş görməyə çalışması üçün şərait yaratmaqdan ötrü bu məsələyə çox ehtiyatla yanaşmaq tələb olunur.

Nursultan Abişeviç, Siz Prezident olduğunuz illərdə çox təşəbbüslər irəli sürmüsünüz, onlar çox uğurlu layihələrə çevrilib. Siz irəli sürdüyünüz bütün təşəbbüsləri reallaşdıra bilmisiniz. Sizin rəhbər istedadınız burada da təzahür edir və hesab edirəm ki, bu istedadın əsası öz xalqınıza sevgidir. Mən Sizin öz ölkənizə necə münasibət bəslədiyinizi, öz xalqınızı necə sevdiyinizi dəfələrlə görmüşəm və müşahidə etmişəm. Bu vətənpərvərlik hissi, öz ölkəsinə, öz xalqına görə qürur hissi heyranlığa layiqdir. Azərbaycanda Sizi çox sevirlər, Siz bunu bilirsiniz. Sizin öz ölkəniz üçün etdiklərinizə, Azərbaycana münasibətinizə görə Sizi hamı özünə doğma hesab edir, Sizə böyük hörmət bəsləyir. Biz bunu hiss edirik, bilirik, görürük. Azərbaycan xalqı Sizi xüsusən bizim iştirak etmədiyimiz təşkilatlarda Azərbaycanın dəstəklənməsi üzrə fəaliyyətinizə görə yüksək qiymətləndirir. İnanın ki, Sizin hər bir sözünüz, hər bir hərəkətiniz çox geniş ictimai rezonansa səbəb olur. Buna görə düşünürəm ki, Sizə hələ uzun illər boyu fəal işləmək, sağlamlıq arzularımı çatdırmaqla, bu gün bütün xalqımızın fikrini ifadə etmiş olaram. Siz Qazaxıstana, Qazaxıstanın bütün dostlarına lazımsınız. İcazə verin, bu şərəfli missiyanı yerinə yetirim və yüksək mükafatı Sizə təqdim edim.

X X X

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Prezident Nursultan Nazarbayevə təqdim etdi.

X X X

Daha sonra Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev çıxış etdi.

Prezident Nursultan Nazarbayevin
çıxışı

-Hörmətli İlham Heydər oğlu, dostlar, xanımlar və cənablar.

Mən çox həyəcanlıyam, ölkənizin bu cür ali ordenini Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Məni çox riqqətə gətirən odur ki, bu orden Heydər Əlirza oğlu Əliyevin adını daşıyır. Mən Heydər Əliyev ilə 25 il ərzində – 1979-cu ildən onun ömrünün sonuna qədər tanış idim. Bütün bu illər ərzində onu yaxından tanımışam. Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində olanda mən ona güvənirdim, onun dəstəyini hiss edirdim. İndi, bu il isə siz də, biz də müstəqilliyin, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyini qeyd edirik. Bu, çox rəmzi məna daşıyır. Mən o vaxt Heydər Əliyevlə bərabər razılaşdığımız işləri faktiki olaraq davam etdirirəm. Bizim bugünkü danışıqlarımız, görüşlərimiz onu göstərir ki, biz onun başladığı işi uğurla davam etdiririk. Heydər Əliyev, əlbəttə, öz ölkəsinin və xalqının müstəsna patriotu, Azərbaycanda qan tökülməsinə son qoymuş və bugünkü Azərbaycanın əsasını yaratmış qeyri-adi və böyük insan idi. Bu, bizim münasibətlərimizin daha da möhkəmlənməsinin əlamətidir. Mən belə bir ordenin laureatı adını böyük şərəflə daşıyacağam.

İlham Heydər oğlu, bununla əlaqədar mən də demək istəyirəm ki, Siz bizim tanıdığımız Bakı şəhərinin simasının dəyişdirilməsində böyük uğurlar qazanmısınız. Bakı qədim şəhərdir, vaxtilə burada neft mancanaqları mərkəzi küçələrdə qoyulmuşdu. İndi köhnə Bakının və ən yeni, modernləşdirilmiş Bakının gözəl koloritini tanımaq olmur. Onun dənizkənarı bulvarı, gözəl binaları göz oxşayır. Boş çöldə Astana şəhərini tikmiş bir insan kimi mən bunun nə demək olduğunu bilirəm. Ona görə fürsətdən istifadə edib Sizi bu münasibətlə təbrik edirəm. Biz Sizin Azərbaycan xalqının, ölkənizin, şəhərinizin rifahı üçün gördüyünüz bütün işləri müşahidə edirik. Beləliklə, Azərbaycan xalqına dost, ona etimad bəsləyən, xoş gələcək, əmin-amanlıq və firavanlıq arzulayan Qazaxıstan həmişə Sizin yanınızda olacaq. Mən şəxsən Sizə möhkəm cansağlığı arzu edirəm. Siz öz ölkəniz üçün, ölkələrimiz arasında möhkəm dostluq üçün hələ çox iş görəcəksiniz. Mən istəyirəm ki, bizim münasibətlərimiz iki dövlətin və onların xalqlarının rifahına xidmət etsin.

X X X

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin şərəfinə ziyafət verilib.

 


 

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 3-də başa çatıb.
XALQ.AZ xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.