“İlk olaraq bu ailələrə uşaqpulunun verilməsinə başlamaq lazımdır”

usaq pulu

Son günlər müzakirə olunan məsələlərdən biri də uşaqpulunun yenidən bərpa edilməsidir. Bu məsələ Milli Məclisdə müxtəlif deputatlar tərəfindən də qaldırılıb.

Qeyd edək ki, uşaqpulu məsələsinin Milli Məclisin payız sessiyasında müzakirə olunması gözlənilir. Belə ki, Milli Məclisin rəhbərliyi səviyyəsində uşaqpulu ilə bağlı işçi qrup yaradılıb. Azərbaycanda uşaqpulu yenidən bərpa edilə bilərmi?

Deputat Aydın Hüseynov bildirib ki, cənab prezidentin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sağlamlığının qorunması və sosial rifah halının daha da yaxşılaşdırılmasıdır: “Büdcəmizdə də sosial tədbirlərin keçirilməsi üçün hər zaman 40 faizə qədər vəsait nəzərdə tutulur. Biz görürük ki, heç bir proseslərə və təhdidlərə baxmayaraq həmişə sosial tədbirlər həyata keçirilir. Sosial layihələrin keçirilməsi üçün də maliyyə mənbələrimiz qorunub saxlanılır. Uşaqpulu da son dövrlərin ən aktual məsələlərindən biridir. Hesab edirəm uşaqpulu bərpa edilə bilər. Çünki cəmiyyətdə hər hansı formada maraq doğurursa, o təmin olunur. Təmin olunma formasına gəlincə, bu problemin çox optimal formada həll olunmasının tərəfdarıyam. Bilirsiniz ki, ölkəmizdə ünvanlı sosial yardım istiqmətində də xeyli işlər görülüb. Burada da düşünürəm ki, uşaqpulu ünvanlı verilsə, daha yaxşı olar. Yəni birinci mərhələdə ilk olaraq aztəminatlı ailələrə uşaqpulunun verilməsi istiqamətində addımlar atılmalıdır”.