İllərdir yoxa çıxan məşhur iş adamı həbs edildi

XALQ.AZ xəbər verir ki, söhbət “Hilal Agro” şirkətinin rəhbəri Viləş Əhədovdan gedir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, V.Əhədovu Qax Rayon Polis Şöbəsinin əməkdaşları tutub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Viləş Əhədov rayonun Qorağan kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi 1 kq narkotik vasitə olan heroin və 500 qram metamfetamin aşkar olunaraq götürülüb.
Davam etdirilən tədbirlərlə V. Əhədova həmin narkotik vasitəni satan şəxs də müəyyən olunub. Qax RPŞ və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 55 yaşlı Hüseyn Məmmədov da Bakı şəhəri ərazisində saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilən zaman narkotik vasitə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
V.Əhədov bir neçə il əvvəl ölkədə perspektivli iş adamı kimi tanınırdı. Əvvəllər “Azercell” şirkəti ilə tərəfdaş olan “VİER” MMC-nin direktoru idi. O, 2011-ci ildə fəaliyyətə başlamış “Hilal Agro” şirkəti ət sektorunda heyvanların kökəldilməsi üzrə ixtisaslaşmış şirkətin rəhbəri olur.
Bakının müxtəlif yerlərində “Halal ət” mağazalar şəbəkəsi fəaliyyətə başlayır. Criminal.az-ın yazdığına görə, şirkətin adı həm də zaman-zaman mediada müxtəlif maliyyə maxinasiyalarında, eyni zamanda nurçularla sıx əlaqələri olub.
Belə ki, şirkətin rəhbəri Əhədov Viləş Ayxan oğlu, özü də daxil olmaqla bir neçə nəfərlə şəriklik edərək 500 min manat qarşılığında mal-qara almaq üçün sözləşib. Şəriklərdən Cem Ərsoy Səlcuk və Məmmədov Qaşqay adlı şəxs bu pulların bir qisminin istifadə olunmasını bildirsələr də, yerdə qalan 293 min manatın yoxa çıxdığını bildiriblər. Bu barədə məlumat verən Məmmədov Qaşqay həmin 293 min manatın geri qaytarılmadığını dilə gətirib. Bildirib ki, şirkətin rəhbəri Əhmədov Viləş pullarla bərabər yoxa çıxıb.
Qeyri-rəsmi məlumatlara görə, V.Əhədov 3 milyon manatlıq dələduzluqda suçlanır.
Yeganə