İnam Kərimov ADAU-da olub

XALQ.AZ xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində 2018/2019-cu tədris ilinin açılışı olub. Bu münasibətlə baş tutan tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, universitetin pedaqoji kollektivi, tələbə və valideynlər iştirak ediblər.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək, universitetin maddi-texniki bazasının müasirləşdirilməsindən,  rəqabətədavamlı kadr hazırlığının təmin edilməsindən və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyinin verdiyi dəstəkdən danışıb. O, yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər barədə də ətraflı məlumat verib. Bildirib ki, bu il ADAU-ya 1300-yə yaxın tələbə qəbul olunub.  Onlardan 21 nəfəri 500-dən artıq bal toplayıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən aqrar siyasət kursunun nəticələrindən söz açıb. Qarşıda duran vəzifələr və onların icrasında Azərbaycan Dövlət Aqrar Universitetinin rolundan danışıb.

Tədbirdə iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəlim və tələbələrinə yeni dərs ilində uğurlar arzulayıb. O bildirib ki,  təhsilin inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Bu gün ADAU-da yaradılan şərait təhsilə və həmçinin aqrar sahənin inkişafına yönələn diqqətin bariz nümunəsidir.

Sonra nazir İnam Kərimov kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı ixtisasları üzrəyüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüşüb. İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı və dəstəyi ilə bu ildən etibarən Azərbaycan Dövlət Aqrar Universitetini fərqlənmə diplomu ilə bitirən tələbələr ixtisasları üzrə işlə təmin olunacaqlar. Bu il ilk olaraq 10 belə tələbənin işlə təmin olunacağını deyən nazir, növbəti ildən bu rəqəmin daha da artacağına ümid etdiyini bildirib. O, həmçinin yeni yaradılan Dövlət Aqrar İnkişaf Mərkəzlərinin fəaliyyəti barədə də danışıb. İnam Kərimov qeyd edib ki, DAİM-lərin işinin uğurla təşkili bu mərkəzlərdə gənc, peşəkar kadrların çalışmasını zəruri edir və ADAU da bu baxımdan baza rolunu oynaya bilər.

Daha sonra Kənd Təsərrüfartı naziri İnam Kərimov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Byaramov Aqronomluq fakültəsində akademik Cəlal Əliyev adına auditoriyanın açılışında iştirak ediblər. ADAU-da yaradılan heyvandarlıq, balıqçılıq, quşçuluq kompleksləri və istixanalarla, Baytarlıq korpusunun 2-ci və 3-cü mərtəbələrinin əsaslı təmirdən sonrakı vəziyyəti, habelə Aqrotexnologiya və İqtisadiyyat korpusu ilə də tanışlıq olub.

 

 

Orxan