İnam Kərimov fermerlər şurası yaratdı

Avqustun 3-də Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının yaradılmasına həsr olunmuş toplantı keçirilib.

XALQ.AZ xəbər verir ki,  Nazirlikdən  verilən məlumata görə, ölkənin qabaqcıl fermerlərinin iştirakı ilə keçirilən toplantıda çıxış edən nazir İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev nazirliyin qarşısında fermerlərə daha yaxın olmaq, onların problemlərini dinləmək və problemlərdən həll yollarını birgə axtarmaq kimi vəzifələr qoyub. Aqrar sahədə institusional layihələrin həyata keçirilməsinin davam etdiyini deyən nazir fermerləri Prezident İlham Əliyevin imzaladığı son fərmanla bağlı məlumatlandırıb.

Yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılacağını deyən İ.Kərimov bildirib ki, yeni qurum vahid pəncərə sisteminin tətbiqinə, şəffaflığın tam təmin olunmasına imkan verəcək. DAİM-lər yanında Fermer və Koordinasiya Şuralarının yaradılacağını xatırladan nazir bildirib ki, bu gün təsis olunan qurum da Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasıdır:

“Kənd Təsərrüfatı Nazirliyinin son məqsədi odur ki, fermerlər torpaqdan daha səmərəli istifadə edə bilsinlər, daha çox məhsul istehsal edib, daha çox qazansınlar. Fermerlərin problemlərinin müəyyənləşmək, onların öz fəaliyyətlərini daha mükəmməl qurmasına kömək göstərmək məqsədilə Aqrar Tədqiqatlar Mərkəzi, fermerlərin öz məhsulu satmasına yardım göstərmək üçün “Dövlət Aqrar Ticarət Şirkəti” MMC yaradılıb. “Aqrolizinq” isə fəaliyyətini təkmilləşdirməli, ölkəyə yeni texnikalar gətirilməli, qiymətlər əlçatan olmalıdır”, – deyə o, qeyd edib.

Nazir Azərbaycanda 11 regional aqrokimya laboratoriyasının yaradıldığını xatırladıb. Onun sözlərinə görə, bu laboratoriyalar fermerlərə torpağın tərkibini analiz etməyə imkan verəcək, əkin sahələrində meydana çıxan bir çox problemlərin qarşısını əvvəldən almağa şərait yaradacaq. Nazir İnam Kərimov həmçinin könüllülük prinsipi əsasında kooperativlərin yaradılmasının vacibliyini vurğulayıb və fermerləri bununla bağlı maarifləndirmə işini sürətləndirməyə çağırıb.

Tanınmış fermerlərdən Fatma Hüseynova, İldırım Məmmədov, Bayram Əlləzov, Lətif Cəfərov, Mikayıl Davudov, Rafət Abbasov, Elman Nərimanov, Sahib Ramazanov, İvan Kazakov, Tərlan Hüseynov, Anar Tahirov, Suliddin Mahmudov, Aydın Həsənquliyev, Cümşüd Babayev çıxış edərək fermerlərin qarşısında duran vəzifələr, meydana çıxan problemlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Görüşdə toxum və gübrələrin keyfiyyəti, sahələri daşdan təmizləyən texnikanın olmaması, suvarma problemləri, heyvandarlığın inkişafı üçün atılacaq addımlar ətrafında müzakirələr aparılıb. Görüşün sonunda 14 nəfərdən ibarət Fermerlər Şurasının İdarə Heyəti təsis olunub.

 

 

 

Orxan