İnam Kərimov qəbul keçirib

Kənd təsərrüfatı naziri İnam Kərimov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qazax, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Daşkəsən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
XALQ.AZ xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, İ.Kərimov yeni istifadəyə verilmiş Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 42 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, kənd təsərrüfatı məhsullarının satışına köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub. Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında “Səyyar Xidmət” Qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 79 nəfər mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz edilib. Bununla yanaşı, 1 ədəd kənd təsərrüfatı texnikası texniki baxışdan keçirilib və daha 1 ədədi isə dövlət qeydiyyatına alınıb.
İ.Kərimov “Səyyar Xidmət” Qrupunun işi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.
Orxan

Comments are closed.