“İndi hər birimizin ürəyi Qarabağda döyünür”- Deputat

Azərbaycan Ordusu işğalçı Ermənistanın növbəti hərbi təxribatına layiqli cavab verərək, uğurlu əks-hücum əməliyyatı həyata keçirir. Əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük zərbə vurulub, Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib.

Ordumuz öz ərazimizdə Vətənimizin bütövlüyü uğrunda mübarizə aparır və bu mübarizə son qarış torpağımız erməni işğalından azad olunanadək davam etdiriləcək. Azərbaycan bir qarış torpağının belə işğal altında qalması ilə barışmayacaq.

Tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. Bu gün Azərbaycan xalqı cənab Prezidentin ətrafında sıx birləşərək, yeni zəfər xəbərlərini gözləyir. Yaşından, sosial durumundan, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs torpaqlarımızın azadlığı uğrunda döyüşə səfərbər olub. İndi hər birimizin ürəyi Qarabağda döyünür.

Düşmən Azərbaycanın qüdrətli Ordusu, xalqımızın döyüş ruhu, tükənməz Vətən sevgisi qarşısında yenilməyə məhkumdur.

Belə bir vəziyyətdə, cəbhədə gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan Ermənistan ordusu dinc sakinlərin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutaraq mülki əhalini hədəf alır, qadın və uşaqları qətlə yetirir, çoxsaylı ev və təsərrüfatlara böyük ziyan vurur.

Bütün bunlar Ermənistan ordusunun faşist, terrorçu mahiyyətini bir daha sübut etməklə, düşmənin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə əməl etmədiyini göstərir. İşğalçı Ermənistan hərbi təcavüz nəticəsində “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyası, həmçinin, BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozur.

Belə olan halda, dünya ictimaiyyəti, beynəlxlaq qurumlar müharibə cinayətləri törədən Ermənistanın bu qəddarlığına biganə qalmamalıdır. Cinayətkarlar BMT Nizamnaməsinə uyğun olaraq xüsusi beynəlxalq tribunalda cavab verməli, layiqli cəzalarını almalıdır.

Emin Hacıyev
Milli Məclisin deputatı