“İnformasiya təhlükəsizliyi milli təhlükəsizlik qədər vacibdir”

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciəti vətəndaş mövqeyi ətrafında birləşməyə yönələn çağırışdır. Xüsusilə indiki həssas dövrdə – informasiya məkanında qarşıdurmanın miqyasının genişləndiyi bir vaxtda cəmiyyətin hər bir üzvü məsuliyyətli olmalı, Birinci vitse-prezidentin müraciətində də qeyd olunduğu kimi, çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaq istəyənlərə fürsət verməməlidir.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib: “Birinci vitse-prezident haqlı olaraq, müraciətində əsas vəzifələrimizdən birinin ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq olduğunu xatırladır. Azərbaycan Prezidentinin nüfuzlu beynəlxalq tribunalarda erməni yalanlarını, bədnam qonşumuzun işğalçı və terrorçu mahiyyətini faktlarla əsaslandırması Ermənistanın informasiya müharibəsində mövqelərini zəiflətməkdədir. Bu prosesin davamlılığını təmin etmək üçün ordumuz ön cəbhədə fəal olduğu kimi, biz də informasiya cəbhəsində fəal olmalı, güc balansını öz xeyrimizə dəyişməliyik. Bu istiqamətdə cəmiyyətin hər bir üzvü səfərbər olmalıdır. Yalnız düzgün və hədəfə yönəlmiş strategiya sayəsində informasiya resurslarının təhlükəsiz istifadəsinə və dezinformasiyalardan ibarət erməni təbliğatının zərərsizləşdirilməsinə nail ola bilərik. Sərhəd təxribatı zamanı bilərəkdən və ya bilməyərəkdən erməni KİV-lərinin məqsədli şəkildə yaydığı dezinformasiyalara istinad etmək, onu tirajlamaq yolverilməzdir. Bununla qarşı tərəfin informasiya cəbhəsində möhkəmlənməsinə rəvac vermiş oluruq. Yalnız media nümayəndələri deyil, sosial şəbəkə istifadəçiləri də məsələnin ciddiliyini anlamalıdır. Bu gün informasiya müharibəsində mövqeyimizin möhkəmlənməsi istiqamətində hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərk etməlidir. Çünki informasiya təhlükəsizliyi milli təhlükəsizlik qədər vacib və strateji məsələdir. Xüsusilə gənc nəsil bu sahədə daha prinsipial və qətiyyətli olmalıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın da müraciətində qeyd olunduğu kimi, əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etmək yolverilməzdir.

Hər birimiz ön cəbhədə olduğu kimi, informasiya cəbbəsində də düşmənə adekvat cavab verməyi, qarşı tərəfin dayaq nöqtələrini zəiflətməyi bacarmalıyıq”.