İnsanın əxlaqı, vicdanı yerində olmasa, yenə öz bildiyini edəcək.

XALQ.AZ illət vəkili Nəsib Məhəməliyevin müsahibəsini təqdim edir:


– Nəsib müəllim, bilirsiniz ki, hazırda bütün dünya COVİD-19 pandemiyasının təsiri altındadır. Ölkəmizdə də koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bir sıra tədbirlər görülüb. Dövlət tərəfindən bu sahədə atılan addımları necə qiymətləndirirsiniz?


– Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi qəti qərarlar və qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan dünya ölkələri arasında koronavirus pandemiyası ilə mübarizədə ən nümunəvi ölkələrdən biri hesab olunur. Bunu tək mən və ya Azərbaycan xalqı yox, beynəlxalq təşkilatlar da dəfələrlə bildirib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfransında çıxışı zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru da bunu qeyd etdi. Eyni zamanda Azərbaycanın sədrlik etdiyi, cənab Prezidentin təşəbbüsü ilə çağırılmış və ÜST-ün Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, BMT-nin Baş katibi, BMT Baş assambleyasının sədri, Avropa İttifaqının ali nümayəndəsinin iştirakı ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə də Azərbaycanın rolu, bu sahədə beynəlxaq töhfəsi xüsusi vurğulandı və nümunə kimi göstərildi. Hesab edirəm ki, biz vaxtında görülmüş tədbirlər nəticəsində pandemiyanın birinci mərhələsini uğurla başa çatdırdıq. Qısa zamanda ixtisaslaşmış xəstəxanaların müəyyənləşdirilməsi, “Yeni Klinika”nın açılması və istifadəyə verilməsi, 10-na yaxın modul tipli xəstəxananın tikilməsi, xaricdən süni nəfəs aparatlarının, maskaların, dezinfeksiyaedici məhsulların gətirilməsi və həmin məhsulların istehsalının Azərbaycanda təşkil olunması, bütün bunlar təbii ki, dövlətin bu sahədə gördüyü ən vacib işlərdəndir. Zamanında dövlətin müdaxiləsi olmasaydı, biz daha çox itki verə bilərdik. Vaxtında görülən tədbirlər bu itkilərin qarşısını aldı.

Xüsusi karantin rejimi dövründə işsiz və ya koronavirusla mübarizə tədbirləri nəticəsində işini itirmiş şəxslər üçün dövlət tərəfindən 190 manat məbləğində yardım ayrıldı. Bəziləri yaşayış minimumu həcmində olan bu birdəfəlik ödəmənin az olduğunu bildirirdi. Xüsusən də sosial şəbəkələrdə bununla bağlı müzakirələrdə çox fikirlər səsləndirildi. Siz necə düşünürsünüz, ayrılan məbləğ kifayət qədərdirmi?


– Bir şeyi deyim ki, belə məsələlər sosial şəbəkələr vasitəsilə həll olunmur. Sosial şəbəkələrdə kifayət qədər məsələnin mahiyyətini bilmədən fikir səsləndirən, bəzi hallarda narazı, bəzi hallarda isə məqsədyönlü şəkildə müxtəlif siyasi qüvvələrə xidmət edən insanlar var. Qeyd etmək lazımdır ki, bütün bu məsələlər dövlətin bu sahədə siyasətini həyata keçirən mərkəzi icra orqanlarının mütəxəssisləri tərəfindən araşdırılır, ekspertiza edilir və yerlərdə, respublika ərazisində cəmiyyəti narahat edən, maraqlandıran problemlər öyrənilir. Dövlətin müvafiq strukturları tərəfindən əhalinin tələbatı, sosial şifarişləri öyrənildikdən sonra qərarlar qəbul olunur. Bilirsiniz ki, ilkin olaraq qeyd edilən birdəfəlik ödəmənin 200 min nəfəri əhatə edəcəyi bildirilmişdi. Bu, doğru rəqəm deyildi. O zaman mən də müsahibələrimdə bildirmişdim ki, bu rəqəm reallığı əks etdirmir. Sonradan cənab Prezidentin tapşırığı ilə siyahı genişləndirildi və 600 min nəfəri əhatə etdi. Bu dövrdə həmçinin, iqtisadi cəhətdən zərər görmüş sahibkarlara da dövlət tərəfindən yardım göstərildi. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, dövlət bu sahədə lazımi tədbirləri gördü.


– Prezident İlham Əliyevin Fərmanına əsasən, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Fonda əhalinin müxtəlif təbəqələri tərəfindən ianələr edildi. Necə düşünürsünüz, xalqımız çətin anlarda birlik nümayiş etdirə bildimi?


– Mən belə milli həmrəyliyi 2016-cı ilin aprel döyüşləri zamanı müşahidə etmişdim. Siyasi əqidəsindən, mövqeyindən asılı olmayaraq, bütün xalq dövlətin ətrafında birləşdi, Prezidentin siyasətinə dəstək verdi. Növbəti dəfə isə bu birliyi koronavirusla mübarizə zamanı gördüm. Prezident İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa müraciətlə çıxış etdilər və öz bir illik əməkhaqlarını fonda köçürməklə çox gözəl nümunə göstərdilər. Bundan sonra bütün strukturlarda çalışan insanlar bu çağırışa qoşuldular. Səhv etmirəmsə, qısa zamanda 110 miyondan çox vəsait toplandı. Hesab edirəm ki, bu, çətin zamanlarda Azərbaycan xalqının milli həmrəyliyini, birləşmə qabiliyyətini göstərdi.


– Bu dövr həm də bəzi məmurların qanunsuz əməllərinin üstünün açılması, vəzifəli şəxslərin həbs olunması ilə yadda qaldı. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan əməliyyatlar nəticəsində yenə bir neçə rayonun icra başçısı saxlanıldı. Korrupsiya və rüşvətxorluğa yol verməmələri barədə icra başçılarına dəfələrlə dövlət başçısı tərəfindən xəbərdarlıq edilsə də, bəzilərinin bu çağırışlara məhəl qoymadığı məlum olur. Sizcə, bu nə ilə bağlıdır?


– O insanlar tamahlarını idarə edə bilmirlər. Bu icra başçılarının hansı motivlərlə həbs olunması doğrudan da ağrıdıcıdır. Mən anlamıram ki, onlar aztəminatlı ailələr üçün ayrılan yardımı necə mənimsəyə bilirlər?! Sosial işlərdə çalışan şəxslərin əməkhaqqı kartlarını necə ələ keçirirlər?! Axı insana necə təklif etmək olar ki, gəl, kart açılsın, amma pulu mən alım?! Biləsuvar rayonunun İcra Hakimiyyətinin başçısının saxlanılması ilə bağlı kadrlara baxdım və dəhşətə gəldim. Xüsusi karantin rejimi dövründə insanların evə qapanıb özünütəcrid formasında yaşadığı bir zamanda bunu etmək ən böyük alçaqlıqdır. Dövlətin və yaxud Heydər Əliyev Fondunun göndərdiyi yardımları mənimsəməyin heç bir adı yoxdur. Kadr təyinatları zamanı və müxtəlif müşavirələrdə cənab Prezident dəfələrlə bu barədə kəskin xəbərdarlıq edib. Əvvəllər də bu barədə fərdi olaraq tapşırıq verilirdi, korrupsiya və rüşvətxorluqla mübarizə aparılırdı. Təxminən 10-15 il əvvəl nazirlər də həbs olunurdu, bank rəhbərləri də. Amma bu son tapşırıqları dövlət başçısı ictimaiyyətin, xalqın gözü qarşısında verirdi ki, xalq da buna hazır olsun, digər məmurlar da. Prezidentin tapşırıqlarından sonra yenə bu yolla getmək sadəcə ağılsızlıqdır. Nəticəsi də belə faciəli olur.


– Nəsib müəllim, məhkəmələrdə yeni hakim təyinatları barədə nə deyə bilərsiniz? Bu təyinatlar məhkəmə-hüquq sisteminə necə təsir edəcək?


– Bir qədər əvvələ qayıdıb xatırlatmaq istəyirəm ki, 2018-ci ilin aprel ayında növbədənkənar prezident seçkilərindən sonra cənab Prezident İlham Əliyev cəmiyyətin bütün sahələrini əhatə edəcək dərin islahatların anonsunu verdi. Bu islahatlar çərçivəsində məhkəmə-hüquq siteminin təkmilləşdirilməsi ilə bağlı xüsusi fərman verildi. Fərmanda çox ciddi müddəalar öz əksini tapdı. Sahibkarlığın inkişafı, kommersiya məsələlərinə operativ baxılması üçün peşəkar kommersiya məhkəmələri yaradıldı. Hesab edirəm ki, bu sahədə çox düzgün addımlar atıldı. Gələcəkdə sahibkarlığın inkişafına mane olan amillər operativ şəkildə aradan qaldırılacaq. Bu da bütövlükdə dövlətimizin iqtisadi inkişafına xidmət edəcək. Təyinatlara gəldikdə isə, bilirsiniz ki, əvvəllər də bu təyinatlar olunub. Biz onların qısa şəkildə tərcümeyi-halını görürük. Fərdi qaydada onları dinləmək, onların bu vəya digər sahələrə münasibətini öyrənmək imkanımız məhduddur. Lakin bu faktdır ki, istənilən islahatın uğurlu olması üçün ədalətli məhkəmə sistemi olmalıdır. Bu, dövlətin imici, iqtisadi inkişafı, cəmiyyətdə sosial ədalət prinsiplərinin bərqərar olması və eyni zamanda vətəndaşların dövlətə inamı məsələsidir. Bütün bunlar ədalət mühakiməsində də öz yerini tapmalıdır. Tapmayanda o inam itir. İstənilən qanunları istənilən cür yozmaq olar. Əsas məsələ vicdan məsələsidir. İnsanın əxlaqı, vicdanı yerində olmasa, yenə öz bildiyini edəcək. Etiraf etmək lazımdır ki, bizim məhkəmə sistemində görülməli çox iş var. Məhkəmə sistemi işini elə qurmalıdır ki, cəmiyyətin ona inamı artsın. Məhkəmə ədalətinə inam, dövlətə olan inam deməkdir. Hər bir vətənini sevən hakim, gündəlik fəaliyyətində, vətəndaşın dövlətə olan inamını artırmalıdır. Hansısa məmur savadına, korparativ maraqlarına görə qanunsuz qərar qəbul edərsə, vətəndaş təbii olaraq, ədaləti məhkəmədə tapmalıdır. Son nəticədə, o inamı öldürmək olmaz.


– Bəs yeni Baş prokuror təyinatından sonra bu qurumda aparılan kadr islahatlarını necə qiymətləndirirsiniz?

– Kamran müəllimin Baş prokuror vəzifəsinə təyin olunması çox müsbət haldır. Çünki o, çox müsbət ictimai imicə malik olan peşəkar insandır. Təsadüfi deyil ki, bu təyinata Azərbaycan xalqının da münasibəti birmənalı oldu. Əminəm ki, Kamran müəllimin apardığı kadr təyinatları da uğurlu olacaq.


– Nəsib müəllim, bilirsiniz ki, mayın 18-dən etibarən Azərbaycanda karatin rejimi yumşaldıldı, bəzi qadağalar aradan qaldırıldı. Təəssüf ki, bəzi vətəndaşlarımızda bir qədər arxayınlıq yaranıb, problemə laqeyd yanaşan və qaydalara riayət etməyənlər var. Bu da yoluxmaların artmasına səbəb ola bilər. Siz vətəndaşlarımıza bununla bağlı nə demək istərdiniz?


– Koronavirus pandemiyası başa çatmayıb. Nə bizdə, nə də digər ölkələrdə. Hətta bəzi ölkələrdə vəziyyət ağır olaraq qalır, yoluxmalar daha da artır, itkilər də kifayət qədərdir. Heç kim zəmanət verə bilməz ki, hansısa ölkədə daha ciddi ikinci dalğa olmayacaq. Biz hər zaman bunu nəzərə almalıyıq. Karantin rejimi yumşaldılıb, ancaq biz karantin rejimində olduğu kimi yaşamağı artıq vərdiş etməliyik. Koronavirusla mübarizədə şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etməli və ətrafımızdan da bunu tələb etməliyik. Sosial məsafə qorunmalıdır. Xüsusən də insanların daha çox toplaşdığı ictimai yerlərdə, ictimai nəqliyyatda mütləq maska taxılmalıdır və gündə bir neçə dəfə dezinfeksiya edilməlidir. Aprel ayının sonunda karantin rejiminin yumşaldılması ilə bağlı qərar verildikdən sonra müşahidə edirdim ki, insanlar heç bir şey olmamış kimi, qaydalara əməl etmədən davranır. Onlar fikirləşməlidir ki, bu qaydalara əməl edilməsə, yoluxmalar arta bilər. Bu qaydalara riayət etməməklə insanlar həm özləri, həm yaxınları, həm də dövlət üçün problem yaradırlar. Ona görə də tövsiyə edirəm ki, qaydalara ciddi əməl etsinlər.