Fatma Yıldırım: “İnsanlar da üzləşdikləri sıxıntılardan xilas olacaq”

“Azərbaycan dövləti koronavirus bəlası ilə mübarizədə bütün gücü ilə hər bir vətəndaşını qorumağa çalışır”.

XALQ.AZ-ın məlumatına görə, bunu millət vəkili Fatma Yıldırım bildirib.

Millət vəkili qeyd edib ki, virusun daha geniş yayılmaması və vətəndaşlarımızı qorumaq üçün hökumətimiz tərəfindən lazımi qərarlar qəbul edilir, zəruri addımlar atılır: “Bu məqsədlə dövlətimiz xaricdə yaşayan vətəndaşlarımızın da qayğısını hər zaman diqqət mərkəzində saxlayır. Təmsil etdiyim Bərdə rayonundan da qardaş Türkiyədə ali təhsil alan gənclər var. İndiki çətin günlərdə onların valideynləri mənimlə əlaqə saxlayaraq övladlarının durumu ilə bağlı fikirlərini, narahatlıqlarını bölüşdülər.

Məsələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyi ilə əlaqə saxladım. Və bir daha dövlətimlə, Prezidentimizlə qürur duydum. Səfirlikdən mənə verilən məlumata görə, burada yaşayan həmvətənlərimizin durumları diqqət mərkəzindədir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən səfirliyimiz bu çətin günlərdə vətəndaşlarımızın qayğıları ilə məşğul olur. Məlumdur ki, qardaş Türkiyədə də koronavirus pandemiyası ilə bağlı həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması səbəbindən burada yaşayan bəzi Azərbaycan vətəndaşları, xüsusilə öz hesabına Türkiyədə təhsil alan tələbələrimizin müəyyən bir qismi müxtəlif problemlərlə üzləşib”.

Millət vəkili hazırkı vəziyyətin davam etdiyi şəraitdə, yəni hava və quru yolu ilə səfərlər bərpa olunana qədər yaşayış yerindən çıxarılmış və ya qida təminatı, eləcə də qoruyucu tibbi məhsullarla bağlı ciddi sıxıntı ilə üzləşən vətəndaşlarımıza səfirliyimiz tərəfindən müvəqqəti dövr ərzində yardım göstərilməsi nəzərdə tutulduğunu açıqlayıb: “Bununla bağlı ölkəmizin Türkiyədəki səfirliyinin internet saytında lazımi bilgilər verilir və səfirliyin səhifəsində müvafiq formanı dolduran yardıma ehtiyacı olan vətəndaşlarla əlaqə saxlanılacaq. Təsdiqedici sənədlər təqdim edildikdən sonra onların ehtiyaclarına görə hazırda olduqları ərazidə yaşayış yeri və gündəlik qida təminatının təşkil edilməsi imkanlarına baxılacaq. Türkiyədə çətinliklərlə üzləşən vətəndaşlarımız, o cümlədən tələbələrimiz bu ölkədəki səfirliyimizlə əlaqə saxlayıb yardım ala bilərlər. Vətəndaşlarımızdan isə istəyimiz odur ki, yaşadıqları ölkələrdə karantin qaydalarına əməl etsinlər, evdə qalsınlar və bununla da, virusa yoluxmaq riskindən uzaq olsunlar”.

F. Yıldırım qeyd edib ki, dövlətimizin xaricdə çətin şəraitdə olan vətəndaşlarımıza sahib çıxması, onlara yardım göstərməsi təkcə maddi dəstək baxımından dəyərləndirilməməlidir: ”Çünki bunun mənəvi əhəmiyyəti daha böyükdür. Dünyada Azərbaycan kimi çox az dövlət var ki, öz vətəndaşlarına dünyanın harasında olmasına baxmayaraq bu dərəcədə diqqət göstərir. İnşallah, tezliklə bu çətin günlər arxada qalacaq, həyat öz axarına düşəcək və insanlar da üzləşdikləri sıxıntılardan xilas olacaq. Dəyişməyən bir məqam var ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır”.