İnternet asılılığı problemi və onun doğurduğu fəsadlar

Ünsiyyət qurmaq insanların ən vacib ehtiyaclarından biridir. Sosial şəbəkələr vasitəsilə asanlıqla qurulan əlaqələr, hiss və düşüncələri ifadə etmək imkanı, yeni uğur və nailiyyətlər qazanmaq üçün internet hər kəsə geniş imkanlar verir. Bundan əlavə, qadağan olunan məlumatlara asan giriş imkanı internetin istifadəsini artıran digər amillər sırasındadır. Gündəlik həyatda təhsil, bank, maliyyə, müxtəlif xidmət sahələrində əlverişli imkanlar təqdim edən internetin həddindən izafi istifadəsi internet asılılığı adlanan sosial problemi gündəmə gətirir. İnternetdən istifadə vərdişlərinin artması müəyyən müddətdən sonra internet asılılığına doğru yönəlir. İnsanlarla söhbət edərkən telefona baxmaq, toy və yas mərasimlərindən şəkillər paylaşmaq gündəlik həyatımızda tez-tez rast gəldiyimiz davranışlardandır. İnternet istifadəçilərinin ondan asılı vəziyyətə düşmələri bu gün narahatlıq doğuran əsas məsələlərdən biridir.

XALQ.AZ  xəbər verir ki, tədqiqatlar internet asılılığının Qərbdə və Asiyada daha çox qeydə alındığını, ciddi risk mənbəyinə çevrildiyini, xüsusən də gənclərin internetdən davamlı istifadə etməklə sağlamlıq, yuxu, iş və ailə münasibətlərini unutduqlarını göstərir. Nəzarətsiz internet istifadəsi insanların fiziki, psixoloji, sosial inkişafına mənfi təsir edir.

Qeyd edək ki, internet asılılığı termini ilk dəfə 1995-cı ildə İvan Qoldberq tərəfindən işlənib. Onun ilk dəfə zarafatla işlətdiyi bu ifadə az sonra müvafiq elmi dairələrdə ciddi termin kimi qəbul edilməyə başlanılıb. Patoloji internet istifadəsi kimi internet asılılığını bildirən ifadələr 1990-cı illərdən müxtəlif nəşrlərdə öz əksini tapıb.

Psixiatr Kimberly Younqun “İnternetdən asılılığın meyarları” adlı yazısının dərc edildiyi hesabatda qeyd edilir: “İnternet asılılığı gec yaşlarda başlayan psixoaktiv maddə, spirt və qumar asılılığının əksinə olaraq, daha gənc yaşlarda başlayır”. Bu asılılığın kişilərdə qadınlara nisbətən 2-3 dəfə daha çox olduğu müəyyən edilib. İnternet asılılığının yalnız psixoloji deyil, fiziki problemlərə da gətirib çıxardığı bildirilir. Bunların arasında kökəlmə və kürək ağrısı daha geniş yayılıb.

İnternet asılılığı problemi qlobal miqyasda böyük təşviş yaratdığına görə bu məsələ müvafiq beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Bu problemin ciddi fəsadlarının qeydə alındığı ölkələrdə təhlükənin qarşısını almaq üçün müxtəlif proqramlar qəbul edilir, layihələr həyata keçirilir, hüquqi mexanizmlər işlənib hazırlanır.

 

Orxan