İnternet-media ilə bağlı tədbirlər təşkil olunacaq

9

 

“2020-ci ildə internet Azərbaycanda informasiya əldə etmək üçün əsas mənbə olacaq”. Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “İnternet-medianın informasiya təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edərkən deyib.

Onun sözlərinə görə, 2013-cü ilin sentyabrında aparılmış araşdırmaya əsasən, rəyi soruşulanların təqribən 40 faizi informasiya əldə etməyin mənbəyi qismində internetin adını çəkiblər: “Eyni sayda respondent televiziyanın əsas informasiya mənbəyi olduğunu düşünür. 13 faiz yazılı mətbuatdan, 7 faizi isə radio vasitəsi ilə informasiya əldə edir”.
Ə.Amaşov qeyd edib ki, Azərbaycanda təqribən 300 internet informasiya resursu fəaliyyət göstərir: “Təkcə ötən il Azərbaycanın internet seqmentində 70-ə yaxın internet informasiya portalı yaranıb. Biz 2014-cü ili “İnformasiya ili” elan etmişik. Biz ilin sonunadək internet-media ilə bağlı xeyli sayda tədbirlər təşkil etməyi, internet resurslarının monitorinqini aparmağı və bu məlumatları müntəzəm olaraq ictimaiyyətə təqdim etməyi planlaşdırırıq”.