İnternet qiymətləri ilin sonunda ucuzlaşa bilər

 

98

“İKT ili” çərçivəsində nazirliyin hazırladığı Tədbirlər Planına uyğun işlər aparılır və bu ilin sonuna kimi onların başa çatdırılması nəzərdə tutulur”. Bu sözləri Modern.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib. O, qeyd edib ki, qarşıya qoyulan işlərin bir hissəsi artıq yerinə yetirilib.

“Bu ilin 6 ayı ərzində görülən işlərlə bağlı artıq mətbuatda məlumatlar gedib. İl ərzində görülən işlərlə bağlı isə ilin yekununda məlumat veriləcək”.

M. Əmirov internet qiymətlərinin aşağı salınması istiqamətində də danışıqların aparıldığını bildirib. “Təkliflər hazırlanıb, provayderlərlə danışıqlar aparılır. İlin sonunda çox güman ki, bunu da müşahidə edəcəyik”.

M.Əmirov eyni zamanda ölkənin bütün bölgələrində yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması istiqamətində də işlərin aparıldığını qeyd edib. “Bunlarla bağlı da işlər görülür. Sadəcə, böyük layihələr olduğu üçün qarşıdakı illərdə də davam etdiriləcək”.