“İntihar səbəbi ilə dostluq siyahımda azalmayın” Elşən Musayev

 

els

 

Anlayıram, bəzən insanın ruh vəziyyəti sözlə ifadəyə gəlməz. O elə təklənər ki, bütün intihar variantlarını beynində çək-çevir edər, oturub qorxunc “mövzular” düşünər, tükürpədən ssenarilər çizər, stupor vəziyyəti alar, hamını, əsas da qədrini bilməyənləri öz yoxluğu ilə çox böyük imtahanına çəkmək istəyər…

Kimsə çətin anlarında bu düşüncələrdən xali deyil. Təəssüf.

Amma məndən bir qardaş məsləhəti: İntihar etməyi düşünürkən həyatda ən əziz insanı bir anlıq göz önünə gətirin. Bax, sadəcə bunu edin. Vəssalam. Məsələn, övladınızı. Təsvir edin, gəlib sizi asılı, yıxılmış, qanlı vəziyyətdə görür. Təsvir edin, onun naəlac, vahiməli baxışlarını. Təsvir edin, gözlərində, üzündə əbədi donan sevinci. Təsvir edin, əslində sizinlə bərabər öldüyünü. Təsvir edin kiməsə köməksizcə qısılaraq atasının (anasının) tabutunu seyr etməsini, Təsvir edin, bu zədədən dolayı onun bir ömür boyunca ayaq üstdə, dizi üstdə bərk dura bilməyəcəyini…

Təksənmi? – 4 divara sığınacaqsan. Pulsuzsanmı? – iradəni, səbrini zorlayacaqsan. Sevgisizsənmi? – məntiqini hisslərə sipər edəcəksən. Amma…özünü qurban verməyəcəksən! Əsla və əsla!

Qəhrəmanlıq ölüb can qutarmaq deyil ki. Sən uzağı 10 saniyə, 20 saniyə əzab çəkirsən, hardansa harasa bir səfə dəyirsən, bir dəfə ağrayırsan, bir dəfə boğulursan. Amma geridə qalan doğmaların hər gün diri-diri çəkir bu əziyyəti, hər gün ayıq başla çırpılır 17-ci mərtəbədən üzü aşağı, hər gün yuyulur məsciddə, hər gün dəfn olunur, hər gün məzara gömülür.

Möhkəm olun, əzizlərim. Vallah ki, intihar çarə deyil. Bu məsələni ümumən ağlınızdan silib atın. Heç ona şantaj gərəyi də istinad etməyin. Ki, tutaq məsələn, bax qədrim bilinməsə elə edərəm, belə edərəm. Yəni, diliniz bu ifadənin heç yalandan deyilişinə də adətkar olmasın…

Əcəl, Allahın əmri.
Amma lütfən…, qeyb olmayın.

Sizləri çox sevirəm.

Elşən Musayev