İrəvan qarışdı: əhali küçələrə çıxdı – Video

Ermənistanda xüsusi xidmət orqanları Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanın evini mühasirəyə alıb. XALQ.AZ xarici mətbuata istinadən xəbər verir ki, Çiçəklənən Ermənistan Partiyasının ofislərində isə yoxlamalar başlayıb. Buna cavab olaraq çoxlu sayda insan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyasına başlayıb.

Ermənistan mediasının yaydığı məlumata görə, Çiçəklənən Ermənistan Partiyasının lideri Gagik Çarukyanın tərəfdarları olan etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Əraziyə polis qüvvələri yeridilib. Polis etirazçıların qarşısını kəsib və onları binaya daxil olmağa imkan vermir.

Etirazçılar “Çarukyan”, “Nikol, get”, “Çarukyan baş nazirdir” şüarları səsləndirirlər.

Çiçəklənən Ermənistan Partiyasından deputat Arman Abovyan bunun sırf siyasi təqib olduğunu bildirib. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti Çarukyanın evində axtarış aparır. Deputat deyib ki, onlarda olan məlumata görə, axtarış 2017-ci il seçkilərində Martunidən namizədliyini irəli sürmüş bir nəfərdə olan sənədlə bağlıdır.

XALQ.AZ