İranda qadınlar üçün qadağa

 

6

“İndiki siyasət ənənəvi İslama yox, qərb dünyasının dəyərlərinə uyğundur”.

İran parlamenti, müsəlman dünyasında ən proqressiv hesab edilən ailə planlaması qanunvericiliyini yenidən nəzərdən keçirməyi qərara alıb.

Xalq.az Vesti.az-a istinadən bildirir ki, bu addımın məqsədi doğuşun sayının artması və əhali arasında yaşlanmanın qarşısının alınmasıdır.

1979-cu ildə İslam inqilabının qələbəsindən sonra Ayətulla Ruhulla Xomeyni “İslam ordusuna 20 milyon yeni döyüşçüsü qatılsın”, deyə iranlıları daha çox uşaq dünyaya gətirməyə çağırdı. XX əsrin 80-ci illərində əhali artımı 3,9% oldu.

Əhalinin sürətli artımının İranın iqtisadiyyatına zərər vuracağını düşünən hakimiyyət doğum sayını məhdudlaşdırmaq qərarına gəldilər. Ölkədə doğum sayını məhdudlaşdırmaq üçün abortlara, kişilərə sterilizasiya əməliyyatlarına (vazektomiya) icazə verildi, pulsuz prezervativlər paylanılırdı.

2013-cü ilin oktyabr ayında İranın ali rəhbəri 74 yaşlı Əli Hameneyi bu yanaşmaya etiraz etdi. Onun fikrinə görə indiki siyasət ənənəvi İslama yox, qərb dünyasının dəyərlərinə uyğundur. İslam respublikasının qocalarla dolu bir dövlətə çevrilmək riski var.

“Nəyə görə bir çox valdeynlər bir-iki uşaq dünyaya gətirirlər? Nəyə görə insanlar uşaq olmasın deyə müxtəlif vasitələrdən istifadə edirlər? Bu məsələni araşdırmaq lazımdır. İran 77 milyon nəfər yox, bundan iki dəfə artıq əhalisi olan bir ölkə olmalıdır”, – o zaman dövlət başçısı bəyan edib.

Amma bir çox ekspertlər qeyd edirlər ki, doğuş sayının azalması ölkə siyasəti ilə yox, cavan iranlıların ağır maddi vəziyyəti ilə əlaqədardır. Onlar iddia edirlər ki, yeni tədbirlər doğuş üstə anaların və qeyri-qanuni aborta gedən qadınların ölüm sayının artması ilə nəticələnəcək.

Qeyd edək ki, hələ 2010-cu ildə İran prezidenti Mahmud Əhmədinejad doğuş sayının təşviq edilməsinin lazım olduğunu bildirib. Bəlkə də Xameneyi ilə münaqişəsi üzündən dövlət başçısının bu çağırışı cavabsız qaldı.