İş və istirahət vaxtının şərtləri təkmilləşdirilir

“Azərbaycanda dövlət qulluqçularının iş və istirahət vaxtına dair şərtlər təkminləşdirilir.”
XALQ.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsyayılov bildirib. O bildirib ki, bunlardan iş və istirahət vaxtına dair şərtlər diqqəti daha çox cəlb edir: “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilmiş dövlət qulluqçularının iş vaxtı istisna olmaqla, qulluq üçün zəruri olduqda, dövlət orqanının rəhbərinin müstəsna halda iş vaxtının ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilməsi, 5 saatdan çox artırdığı təqdirdə isə hər əlavə iş saatı üçün vəzifə maaşının ikiqat məbləğindən az olmamaqla əməkhaqqı verilməsi nəzərdə tutulub.
Azərbaycanda dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsini və onlara tapşırılan mürəkkəb vəzifələrin daha yaxşı yerinə yetirilməsini təmin etmək üçün bu kateqoriyadan olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması da ölkə Prezidentinin daim diqqət göstərdiyi məsələlərdən biridir. Elə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il iyunun 18-də imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqının 250 manata çatdırılması, demək olar ki, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılması hamını, o cümlədən dövlət qulluğunda çalışan insanları son dərəcə sevindirib və təbiidir ki, daha yaxşı çalışmağa ruhlandırıb. Qeyd olunmalıdır ki, bu artımlar respublikada orta əməkhaqqının və pensiyaların miqdarına da müsbət təsir göstərib, bütövlükdə 2 milyona qədər vətəndaşı əhatə edib və bunun üçün büdcədən 1 milyard manata yaxın vəsait ayrılıb.
Ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı da həmişə diqqəti cəlb edən məsələlərdən biridir. İlk baxışda onların sayı çox görünsə də, əslində, heç də belə deyildir. 2019-cu il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir. Aparılan islahatlar nəticəsində dövlət qulluqçularının sayı 0,7 faiz azalıb. Ümumiyyətlə, dövlət qulluqçularının 28,5 faizini qadınlar təşkil edir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü göstərir ki, bu sahədə çalışanların orta yaş həddi 43 ildir. 35-44 yaşda olan dövlət qulluqçuları 26,3 faiz təşkil edirsə, 63-64 yaşda olanlar cəmi 2,9 faizdir. Bu rəqəmlər gənclər üçün zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı olduğunu sübut edir.
Bütövlükdə Azərbaycanda dövlət qulluqçuları ölkənin məşğul əhalisinin çox cüzi bir hissəsini – 0,6 faizini təşkil edir.”

Yeganə