“İşğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunmalıdır” – Sona Əliyeva

“Ermənistanın baş nazirinin Şuşada separatçıların liderinin “andiçmə” mərasiminə qatılması həyasızlığın son həddidir. Bütün beynəlxalq hüquq normalarının çeynənməsidir”.

XALQ.AZ xəbər verir ki, bunu politoloq Sona Əliyeva deyib.

Politoloq bildirib ki, Nikol Paşinyanın son davranışları Azərbaycanı müharibəyə təhrik edir və beynəlxalq təşkilatlar ölkəsini müharibəyə və uçuruma sürükləyən bir adama dur deməlidir:

“Əgər Qarabağ cəbhəsində qəfil müharibə başlasa və Azərbaycan Ordusu anti-terror əməliyyatlarına başlasa bunun əsas səbabkarı Nikol Paşinyan olacaq. Ermənistanın baş naziri anlamalıdır ki, cəbhədə məğlubiyyət onun da hakimiyyətinin sonunu gətirəcək. Necə ki, aprel döyüşlərində ermənilərin yenilgisi Serj Sarkisyanı postundan uzaqlaşdırmışdı. Hesab edirəm ki, beynəlxalq qurumlar Ermənistanın hazırkı rəhbərliyi ilə bağlı ölçü götürməlidir. İşğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunmalıdır”.