“İşğalçı hərbi qüvvələr torpaqlarımızdan çıxarılmalı…”


“Bütün dünyaya məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib və uzun illərdir ki, işğalçılıq siyasətini davam etdirir. İşğal faktı nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Belə bir şəraitdə işğalçı Ermənistanın hər hansı təhlükəsizlik, sülh barədə fikirlər səsləndirməsi imitasiyadan başqa bir şey deyil”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma ilə bağlı səsləndirdiyi fikirləri Ermənistan öz “məntiqi” izah edir. İşğalçı ölkənin xarici işlər nazirinin açıqlaması bunu deməyə əsas verir.

“Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti münaqişənin mərhələli şəkildə həllinin tərəfdarıdır. Dövlətimizin mövqeyi ondan ibarətdir ki, ilk növbədə işğalçı hərbi qüvvələr torpaqlarımızdan çıxarılmalı, dinc insanlar, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Bundan sonra isə ölkəmizin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusu müəyyənləşdirilə bilər.  Ermənistan öz müqəddəratını təyinetmə prinsipinə öz “məntiqi” ilə yanaşır. Halbuki, bu məsələlər beynəlxalq hüquqda tam təsbit olunub. Öz müqəddəratını təyinetmə prinsipi dövlətin ərazi bütövlüyünə xələl gətirə bilməz. Üstəlik, erməni xalqı bir dəfə öz müqəddəratını təyin edib”-deyən deputat qeyd edib ki, bu gün regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın işğalçılıq siyasətidir.

Sevinc Fətəliyeva qeyd edib ki, işğalçı siyasət yürütdüyü halda Ermənistanın hakimiyyət nümayəndlərinin sülhdən danışması səmimi deyil, beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır: “Əgər həqiqətən Ermənistan sülh istəyirsə, işğalçılıq siyasətinə son qoymalı, işğal etdiyi Azərbaycan torpaqlarından öz hərbi birləşmələrini çıxarmalıdır”.