İslahatçı Prezident və onun xarici siyasət kursu – MÖVQE

Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərindən iki il ötür. Həmin seçkilərdə cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və  müdrik seçim etmişdir. Səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq, Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir.

Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son iki ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlarla xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr  istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin  dönməzliyini təmin edir. Nəticədə daxili siyasətin davamı və tamamlanması olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir.

Məsələyə bu prizmadan yanaşdıqda, Prezident İlham Əliyevin bütövlükdə 16 il ərzində, o cümlədən son 2 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident  İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezident İlham Əliyev harada  çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin – Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu zaman problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə və onları “siyasi hipnoz” vəziyyətinə salmağa müyəssər ola bilir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Həmin həqiqətlərdən bir neçəsi üzərində dayanaraq yuxarıda səsləndirdiyimiz fikir və  mülahizələrimizi əsaslandıraq.

Məlum həqiqətdir ki, 2009-cu ildə ABŞ başda olmaqla Qərb dövlətlərinin təzyiqi nəticəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi kritik mərhələyə daxil olmuşdu. Hətta iş o yerə gəlib çatmışdı ki, Qərb siyasi dairələri həmin il aprelin 6-7-də İstanbul şəhərində “Sivilizasiyalar alyansı” adlanan bir tədbir təşkil edib, orada ABŞ-ın yeni prezidenti Barak Obama və Dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyev ilə görüşünü keçirməyi hədəfləmişdilər. Məqsəd bu görüş çərçivəsində Azərbaycanın dövlət başçısının məlum məsələdə tutduğu güzəştsiz mövqeyinə təsir edib, onu istədikləri istiqamətdə dəyişməkdən ibarət idi. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etdi. Bununla da hələ 23 yaşında ikən SSRİ Xarici İşlər Nazirliyinin məşhur Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya ixtisasının incəliklərini tədris etməsinin təsadüfi olmadığını bir daha sübut etdi. Bununla da əslində bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz miqyası etibarilə böyük dövlət olmasa da belə, lakin sözünün mənası və çəkisi böyükdür. Qətiyyəti və iradəsi böyükdür. Prezident və xalq arasındakı birlik böyükdür. Son nəticədə böyük dövlətlər arxasında xalqı dayanan Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldılar. Türkiyə-Ermənistan sərhədləri bu günə kimi bağlıdır. Onların açılması bağlanmasına səbəb olan amillər aradan qaldırıldıqdan sonra mümkündür. Bu hər iki qardaş dövlətin rəhbərləri olan cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın zamanın sınağından şərəflə çıxmış  ortaq mövqeyidir.

Prezident İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal və uzaqgedən siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmamaq Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi radikal siyasi ünsürlər hay-həşir qaldırdılar ki, “mövcud iqtidar Azərbaycanı Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır”, “bu, az qala dövlətçiliyimizin itirilməsinə bərabərdir” və s. Sonralar həmin ünsürlər öz aralarında etiraf etmək məcburiyyətində qalacaqdılar ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətləb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanın  dünyanın nəhəng universal beynəlxalq  təşkilatı olan BMT TŞ-ya üzv olmasını əsas siyasi hədəf kimi müəyyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmamaq Hərəkatına (QH) (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-ya keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səslə iki il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi böyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.

Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Bu baxımdan 2017-ci ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordun, həmin ilin sentyabr ayında general Valeri Gerasimov ilə NATO Hərbi Komitəsinin rəhbəri, general Peti Pavelin, 2018-ci ilin aprel və dekabr aylarında general Gerasimov ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin Baş komandanı Kertis Skaparatti, 2019-cu ilin iyul ayında Rusiyanın eyni ali hərbi rəhbərliyi ilə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında və nəhayət, 2019-cu ilin noyabr ayında Rusiya Müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüşlərin Bakıda keçirilməsi təsadüfi sayılmamalıdır. Beləliklə, Bakı 6-cı  dəfədir ki, Rusiya ilə Qərb arasındakı ali hərbi danışıqlara ev sahibliyi etmiş oldu. Heç şübhəsiz, bu seçim səbəbsiz deyildir. Əsas səbəb odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır.

Məhz iti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 16 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “Müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək”, – fikri təsadüfi sayılmamalıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək  2006-cı ilə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub Qaz Dəhlizi”ndən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqələrdən biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub Qaz Dəhlizi”nin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə analoji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. TAP üzrə işlər 92% yerinə yetirilərək özünün yekun mərhələyə daxil olmuşdur.

Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: “Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub Qaz Dəhlizi” sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər”.

2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı.  

Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Cənab Prezidentin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktın imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu.

Son 16 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat layihələri icra olunmaqdadır. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıbdır. 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər görülməkdədir. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün işlər yerinə yetirilmişdir. Bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün də imkanlar yaratmışdır. Artıq ölkəmizdən keçən Şimal-Qərb nəqliyyat dəhlizi və hələ ki, istismara verilməyən, lakin potensialı olan Cənub-Qərb nəqliyyat dəhlizi çox böyük layihələrdir. Xüsusilə 2019-cu ildə Azərbaycanın qlobal nəqliyyat qovşağı kimi statusu daha da möhkəmlənmişdir. Çindən gələn ilk qatar Bakı-Tbilisi-Qars dəmir yolundan keçərək Avropaya çatmışdır. Milli iqtisadiyyata təkan verəcək, daşınma xərclərini azaldacaq dəmir yolu sistemi müasirləşdirilib və bu proses davam etməkdədir.

Təsadüfi deyildir ki, Davos Dünya İqtisadi Forumunun 2019-cu il üçün qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərəliliyinə görə dünyada 12-ci, hava yollarının səmərəliliyinə görə isə 11-ci yerdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu dünyadakı beşulduzlu 10 hava limanından biridir. Azərbaycan yolların keyfiyyətinə görə dünyada 27-ci, infrastrukturun keyfiyyətinə görə isə 34-cü yerdədir.

Prezident İlham Əliyevin uzaqgörən  müdrik siyasəti sayəsində Azərbaycan son 16 il ərzində təkcə dünyanın enerji və nəqliyyat  xəritəsini yenidən tərtib etmir, eyni zamanda dünyada ümumbəşəri dəyərlərin qorunması və təbliği istiqamətində fantastik nailiyyətlərə imza atır. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafoboya kimi təhlükəli meyllərin bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı da qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.

“Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm – dövlət siyasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”, – deyən Prezident İlham Əliyevin təşəbbüsü ilə keçən il 10 illiyini qeyd etdiyimiz “Bakı prosesi”nin əsası qoyulmuşdur. Bu təşəbbüs BMT çərçivəsində yüksək dəyərləndirilmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtı iki illik fasilə ilə iki müxtəlif mədəniyyətin daşıyıcılarının böyük idman bayramlarına ev sahibliyi etmişdir. 2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarını keçirən Azərbaycan Respublikası 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməklə mədəniyyətlər arasında unikal körpü rolunu oynamış və idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük töhfə vermişdir. Eyni məntiqdən qaynaqlanaraq Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəylik İli” elan etmişdir. Cənab İlham Əliyevin islam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında geniş rəğbət hissi ilə qarşılanmış və böyük siyasi rezonans doğurmuşdur.

2019-cu ilin 15 oktyabr tarixində Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünün keçirilməsi və quruma sədrliyin Azərbaycan həvalə edilməsi, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII  Zirvə görüşünün keçirilməsi və Azərbaycana  tərkibində BMT-yə üzv dövlətlərin 2/3-nin təmsil olunduğu bu nəhəng beynəlxalq quruma 3 il müddətinə sədrlik etmək hüququnun verilməsi, 14 noyabr tarixində Bakı şəhərinin Dünya dini liderlərinin II Bakı Sammitinə ev sahibliyi etməsi, 2019-cu ili oktyabrı 25-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə baş tutacaq Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması, həmin ildə Çin Xalq Respublikası ilə iqtisadi və siyasi münasibətlərini daha da inkişaf etdirərək Azərbaycanın “Bir Kəmər – Bir yol” təşəbbüsündə “orta marşrut”un fəal və mühüm iştirakçısı kimi yerini möhkəmləndirməsi  və digər mühüm tədbirlər, heç şübhəsiz, müəllifi Prezident İlham Əliyevin olduğu Azərbaycanın müstəqil və milli maraqlara söykənən fəal xarici siyasət kursunun böyük uğurları kimi qiymətləndirilməlidir.

Bundan savayı, Prezident İlham Əliyevin müəyyən etdiyi dinamik xarici siyasət kursunun tələblərinə uyğun olaraq Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində sanballı addımlar atılmışdır. Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələyə keçidini təmin edəcək genişmiqyaslı ”Strateji tərəfdaşlıq” sazişinin hazırlanması prosesində Azərbaycan öz milli maraqlarından çıxış edir və danışıqlar prosesi sonuncu mərhələdədir.

Beynəlxalq siyasi və iqtisadi əlaqələr sahəsində atılmış bu addımlar ölkəmizin beynəlxalq təhlükəsizliyində xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün davamlı islahatların nəticələri beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək qiymətləndirilir. Dünya Bankı tərəfindən 190 ölkənin biznes mühitinin qiymətləndirildiyi və hər il dərc edilən ən mühüm hesabatlardan biri olan “Doing Business” hesabatlarında son illərdə ölkəmizdə reallaşdırılan islahatlar daim vurğulanaraq,  nümunəvi islahatlar kimi nəzərə alınmışdır. Ölkəmiz 2020-ci il üçün dərc olunan hesabatda 20 ən islahatçı ölkənin sırasında yer almışdır. 2020-ci ilin yanvar ayında Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu arasında Bakıda “Davos Dördüncü Sənaye İnqilabı Mərkəzinin yaradılması haqqında niyyət protokolu” imzalanmışdır. Bu, Qafqaz və Mərkəzi Asiyanı əhatə edəcək regional mərkəzdir.

Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik İndeksi-2019” hesabatında 2018-ci ildəki göstərici ilə müqayisədə mövqeyini 11 pillə yaxşılaşdıraraq 141 ölkə arasında 58-ci yerdə qərarlaşan Azərbaycan Respublikası 12 indikatordan 8-i üzrə irəliləyərək, MDB ölkələri arasında liderlər sırasında mövqe tutmuşdur. Eyni zamanda “Mülkiyyət hüquqlarının qorunması” indikatoru üzrə isə 30-cu yeri tutmuşdur. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Avropa ölkələrini üstələyir.

Bu bir həqiqətdir ki, əgər Ermənistanın Azərbaycana təcavüzü və etnik təmizləmə siyasəti olmasaydı, Prezident İlham Əliyevin rəhbərliyi altında son 16 ildə həm daxili, həm də xarici siyasətdə qazandığımız uğurların miqyası daha da böyük olardı. Münaqişənin hələ də həllini tapa bilməməsi reallığına baxmayaraq, Azərbaycanın son 16 il ərzində konfliktin həlli prosesində siyasi, diplomatik və hərbi üstünlüyünü təmin edilmişdir. Əvvəla, Ermənistanın bütün çoxsaylı cəhdlərinə baxmayaraq, heç bir beynəlxalq subyekt, o cümlədən rəsmi İrəvanın özü də separatçı rejimin müstəqilliyin tanımamışdır. Bu, Azərbaycanın mühüm siyasi üstünlüyüdür. İkincisi, Ermənistanın  separatçı rejimdə keçirdiyi son qondarma referendumun nəticələrini heç bir dünya dövləti və ya beynəlxalq təşkilat qəbul etməmişdir. Bu, əslində beynəlxalq birliyin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsinin bariz nümunəsidir. Bu, eyni zamanda Azərbaycanın diplomatik üstünlüyü deməkdir. Nəhayət, 2016-cı ildə Ermənistan silahlı qüvvələrinin aprel avantürası onların məğlubedilməzliyi haqqında mifin bir neçə gün  ərzində Azərbaycanın şanlı ordusunun əks həmləsi ilə darmadağın edilməsinə gətirib çıxartdı. Bu qələbə Azərbaycan ordusunun hərbi texniki təchizatı və döyüş ruhunun ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Deməli, münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın hərbi üstünlüyü də təmin edilmişdir. Bu bir həqiqətdir ki, Azərbaycan ordusu dünyada ön güclü 50 ordu sırasındadır. Azərbaycan paytaxtında keçirilmiş son iki hərbi parad bu həqiqəti növbəti dəfə təsdiqlədi. Azərbaycanın milli hərbi sənaye kompleksi formalaşmışdır. Son illər ərzində ölkəmizdə 20 hərbi zavod tikilib istifadəyə verilmişdir. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal edilir. Bu məhsullar dünyanın müxtəlif ölkələrinə, o cümlədən Azərbaycanda keçirilən müdafiə sənayesi sərgilərində təqdim olunur və müsbət reaksiyalar doğurmaqdadır.

Ali Baş Komandan İlham Əliyevin təcavüzkar Ermənistan dövlətinə qarşı son 16 ildə tətbiq etdiyi dərinləşməkdə olan iqtisadi və nəqliyyat blokadası siyasəti, başqa sözlə, təcavüzkar ölkəyə münasibətdə istifadə olunan “taqətdənsalma taktikası” öz real nəticələrini verməkdədir. Ən mühüm nəticələrdən biri və bəlkə də birincisi Ermənistanda inqilabın baş verməsi və 20 ildir ki, bu ölkədə bərqərar olmuş xunta rejiminə son qoyulmasıdır. İnqilabi proseslərin dalğasında hakimiyyətə gəlmiş Nikol Paşinyan hökuməti münaqişənin tənzimlənməsi istiqamətində sələflərinin buraxdığı kobud səhvlərdən nəticə çıxarmalı və konstruktiv davranış tərzi nümayiş etdirməlidir. Bilməlidir ki, Ermənistanda bütüm siyasi və iqtisadi fəlakətlərin  əsasında dayanan əsas amil işğalçılıq siyasətidir. Onun davamı yeni Ermənistan hökumətini də Sarkisyanın sığınacaq tapdığı tarixin çirkli zibilxanasına yuvarlaya bilər. əksi isə tunelin sonu və işığın bərq vurması deməkdir. Seçim üçün tarix Ermənistana  heç də intəhasız vaxt ayrılmayıbdır.

Təəssüf ki, Nikol Paşinyanın münaqişənin həlli ilə bağlı davranışı onun yaxın tarixi keçmişdən müvafiq nəticələr çıxarmadığını təsdiqləyir. O, öz sələfləri kimi daxili auditoriyaya ünvanlanmış populist, məsuliyyətsiz, ziddiyyətli və bir çox hallarda avantürist bəyanatlar verməkdə davam edir. Xüsusilə Nikol Paşinyanın 2019-cu ilin 5 avqust tarixində işğal altındakı Azərbaycan ərazisində – Xankəndində dar əhatədə səsləndirdiyi “Dağlıq Qarabağ Ermənistandır. “Nöqtə” sərsəm fikri işğalçı ölkənin özündə belə qeyri-ciddi və populist mövqe kimi qarşılanmışdır. Azərbaycan xalqı isə görür ki, Prezident İlham Əliyev ən mühüm ümummilli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində son dərəcə prinsipiallıq və qətiyyət göstərir. Sonuncu dəfə bu davranışı Soçidə “Valday” Beynəlxalq Diskusiya Klubunun plenar sessiyasında nümayiş etdirdi. Münaqişənin tarixi, Ermənistanın işğalçılıq siyasətinin humanitar fəlakət törətməsi, beynəlxalq hüququn işləməməsi, BMT TŞ-nın müvafiq qətnamələrinin kağız səviyyəsinə enməsi, təcavüzkar dövlətin yeni rəhbərliyinin populist və məsuliyyətsiz bəyanatlar səsləndirməsi kimi həqiqətləri lazımi məqamda və yerdə dünya ictimaiyyətinə çatdırdı. Çıxışının sonunda isə Paşinyanın dar çərçivədə söylədiyi və daxili auditoriyaya ünvanlanmış “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” sayıqlamasına qarşı “Dağlıq Qarabağ Azərbaycandır. Nida işarəsi” hökmünü irəli sürdü. Cənab Prezidentin bu qətiyyətli mövqeyi Azərbaycanda böyük coşqu və ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu ümumxalq ruhunun məntiqi nəticəsi olaraq Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi, Baş nazirin müavini Əli Əhmədov “Dağlıq Qarabağ Azərbaycandır!” İctimai Hərəkatının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Bu təşəbbüs cəmiyyətimiz daxilində, xüsusilə gənclər arasında böyük rezonans doğurmuşdur. Ermənistan isə matəm içindədir. Paşinyanın ən qatı silahdaşları belə onu böyük diplomatik məğlubiyyətdə qınayır, Azərbaycan Prezidentinin böyük uğurunu etiraf edirlər. Yaranan yeni reallıqda Ermənistanda da “Valday” məğlubiyyətindən irəli gələrək bir ictimai hərəkat formalaşmağa başlamışdır. Bu hərəkat “Dağlıq Qarabağ Ermənistandır” adlanmır. Onu adı “Paşinyandan xilas hərəkatı”dır.

Prezident İlham Əliyev hücum taktikasından istifadə edərək, işğalçı Ermənistanın rəhbərliyinə siyasi kürsülərdən bir-birinin ardınca zərbələr vurmaq siyasətinə sadiq qalaraq, 2019-cu il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasındakı olduqca arqumentli çıxışı ilə işğalçı ölkənin baş naziri Nikol Paşinyanı “siyasi nokaut” vəziyyətinə salmışdır. Azərbaycan Prezidenti öz çıxışında ölkəmizin faşizm üzərində qələbə qazanmasında müstəsna xidmətləri barədə danışaraq vurğuladı ki, Bakı nefti olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Faktlarla və arqumentlərə istinad edərək danışan Prezident İlham Əliyev bunun qarşılığında MDB məkanında, xüsusən Ermənistanda faşizmin təbliğatının aparıldığını, faşizmə xidmət edən şəxslərin xatirəsinə abidə ucaldılmasının qəbuledilməz olduğunu təəssüf hissi ilə iclas iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, 2016-cı ildə Ermənistan İrəvanın mərkəzində Böyük Vətən Müharibəsində faşistlərə yardım etmiş Qaregin Njdeyə 6 metr hündürlüyündə abidə ucaldılmışdır. Dövlət başçısı Qaregin Njdenin birbaşa faşistlərlə əməkdaşlıq etməsini konkret faktlarla sübut edərək 2011-2015-ci illərdə hazırlanmış 12 cildlik ensiklopediyanın 6-cı cildindən, habelə Rusiya XİN-in 2019-cu ilin may ayında hazırladığı analoji məzmunlu hesabatdan sitatlar gətirdi. Ensiklopediyanın Rusiyanın Müdafiə Nazirliyinin Kollegiyası tərəfindən, Müdafiə naziri Sergey Şoyqunun birbaşa rəhbərliyi ilə hazırlandığını və ciddi mənbə olduğunu vurğuladı. Azərbaycan lideri bununla da siyasi hoqqabazlıq edən Nikol Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi. Dövlət başçısının bu çıxışından sonra erməni mətbuatı Nikol Paşinyanı kəskin tənqid atəşinə tutdu. Onu səriştəsiz, savadsız və populist siyasətçi adlandırdı. Prezident İlham Əliyevin isə lazımi yerdə və lazımi məqamda Azərbaycan həqiqətlərini ən yüksək tribunalardan səsləndirməyi bacaran xarizmalı lider kimi xarakterizə etdi.

Nəhayət, cari ilin 15 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Panel müzakirə zamanı sözün həqiqi mənasında Ermənistanın baş naziri Nikol Paşinyana həm tarix, həm də hüquq dərsi keçdi. Onun “mikro-inqilablar” nəzəriyyəsini öz tutarlı faktları və arqumentləri ilə darmadağın etdi. Tarix həqiqətlərə və hüquqi bazaya söykənərək Dağlıq Qarabağın əzəli və qədim Azərbaycan torpağı olduğunu təkzibedilməz faktlarla sübuta yetirdi. Bu debatdan sonra Ermənistan mətbuatı hələ uzun müddət ərzində Azərbaycan Prezidentinin münaqişənin həlli ilə bağlı prinsipial, qətiyyətli və beynəlxalq hüquqa söykənən mövqeyi qarşısında Nikol Paşinyanın olduqca cılız, sönük və inamsız davranışının etnik erməniləri hiddətləndirdiyini vurğulamış, bunun qarşılığında isə Prezident İlham Əliyevin olduqca hazırlıqlı, təcrübəli, peşəkar və dünya səviyyəli siyasətçi olduğunu etiraf etməli olmuşdular.

Prezident İlham Əliyev martın 19-da Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik müraciətində Ermənistanın baş naziri ilə Münhendə keçirdiyi görüşə toxunaraq qeyd etmişdir ki, “Bu konfransda Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulmuşdur. Demək olar ki, onların təbliğatı sübutlar, tarixi faktlar, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr və qərarlar  əsasında darmadağın edilmişdir. Hesab edirəm ki, bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur. Bizim haqq işimiz bir daha təsdiqini tapdı və bütün dünya bir daha gördü ki, – mən bunu Valday forumunda da demişəm – Qarabağ Azərbaycandır və nida işarəsi”.

Azərbaycan müxalifətinin radikal kəsimi – AXCP və özünü “Milli Şura” kimi təqdim edən siyasi qruplaşmalar yenə sevinmədilər. Qəmə batdılar. Revanşist düşüncələr girdabında boğularaq, çarəni nəticəsinə özlərinin də inanmadıqları növbəti piket və mitinqlərdə axtarmağa başladılar. Xalq arxasında dayandığı öz Prezidentinin “Dağlıq Qarabağ Azərbaycandır. Nida işarəsi” siyasi ideyası ətrafında birləşib, milli birlik və həmrəylik nümayiş etdirdiyi reallıqda, radikal müxalifət qruplaşmaları isə həmişəki kimi “hakimiyyət sevdası” ilə alışıb-yanırdılar. Heç bir sosial bazaya malik olmayan və əslində xalq tərəfindən baykot edilən bu antimilli ünsürlər “çarəsizlik sindromu”nun doğurduğu psixoloji apatiya vəziyyətində 2020-ci il 9 fevral tarixli növbədənkənar parlament seçkilərini “boykot” etdiklərini bağırmağa başladılar. Xalq onların hay-həşirinə qətiyyən məhəl qoymadı. Xalqın üz döndərdiyi “psevdosiyasətçi”lər əslində bütün nəticələri və fəsadları etibarilə “siyasi  yalquzaq” taleyi yaşamağa məhkumdurlar.

Bu iqtidar, bu da radikal müxalifət davranışı. Fərq göz qabağındadır. Bu fərqi dünya birliyi də görür və qəbul edir. Həm də möhtərəm Prezidentimiz İlham Əliyevin səsləndirdiyi “Azərbaycan tarixində heç bir zaman indiki qədər güclü və qüdrətli olmayıb”, – fikrini təsdiqləyirlər. Elə bu baxımdan təsadüfi deyil ki, ABŞ-ın nüfuzlu  “U.S.News & World Report” jurnalının açıqladığı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycan 80 ölkə arasında 45-ci yerdə qərarlaşmışdır. Bu möhtəşəm nəticəsi ilə Azərbaycan  hətta bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoymuşdur. Məlumat üçün qeyd edək ki, reytinq siyahı ABŞ-ın nüfuzlu Pensilvaniya Universitetinin “BAV Group & Wharton School” qrupunun analitikləri tərəfindən tərtib edilmişdir.

Böyük fəxr hissi ilə onu da vurğulayaq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabət qabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək  qiymətləndirilir. Məsələyə bu xüsusda yanaşdıqda, ABŞ-ın kifayət qədər nüfuzlu “İrs” Fondunun 2020-ci ili mart ayında təqdim etdiyi  dünyanın 180 ölkəsi üzrə “İqtisadi azadlıq indeksi”ndə Azərbaycan mövqeyini 16 pillə yaxşılaşdıraraq 44-cü yerə sahib olmuşdur. Azərbaycan dünyada “iqtisadi azadlıq” indeksini ən çox təkmilləşdirən 11 ölkə sırasındadır. Azərbaycan bu uğuru ilk növbədə biznes azadlığı, investisiya azadlığı və  fiskal  sağlamlıq göstəricilərinə görə əldə etdiyi nailiyyətlərə görə qazanmışdır. Onu da xüsusi olaraq qeyd edək ki, Azərbaycan “iqtisadi azadlıq” indeksinə görə hətta Avropanın Polşa, Portuqaliya, İspaniya, Fransa və Belçika kimi ölkələrini belə arxada qoyaraq, köhnə qitənin 45 ölkəsi arasında 24-cü yerdə qərarlaşmışdır.

Sonda təəssüf hissi ilə qeyd edək ki, 2019-cu ilin dekabr ayında Çin Xalq Respublikasının Uhan şəhərindən başlayaraq dünyanın bütün ölkələrini əsarətə alan koronovirus pandemiyası dünya iqtisadiyyatında yeni və daha ağır böhran təhlükəsi yaratdığı kimi, Azərbaycana da təsirsiz qalmamışdır. Xüsusilə bu infeksiyanın məlum təsirləri fonunda dünya neft bazarında qiymətlərin 2 dəfədən artıq enməsi, heç şübhəsiz, ölkəmizin də sosial-iqtisadi həyatına, diplomatik və beynəlxalq iqtisadi əlaqələrinə mənfi təsir göstərməkdədir. Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dövlətinin koronavirus infeksiyasına qarşı mübarizədə həmrəylik, birlik və məsuliyyətimizi daha da möhkəmləndirməklə bağlı çağırışları yalnız bir məqsədə xidmət edir. Bu məqsəd xalqımızı və dövlətimizi bu qorxulu infeksiyanın  fəlakətli nəticələrindən hifz etmək və qorumaqdan ibarətdir. Elə bu niyyətlə də dövlətimizin rəhbəri koronovirus pandemiyasına qarşı mübarizədə preventiv, profilaktik, ardıcıl və sistemli  addımların atılamsını təmin etməklə bu qorxulu xəstəliyin təsirlərinin minimuma endirilməsinə nail olmaq üçün gecə-gündüz çalışır. Şəxsi ləyaqət hissini paklıq zirvəsinə qaldıran mərhəmətli Mehriban xanım Əliyeva dəfələrlə ölkə vətəndaşlarına həm Birinci vitse-prezident, həm də bir ana olaraq müraciət edərək, onların sağlamlığının hər şeydən dəyərli olduğunu vurğulamış, eyni zamanda  insanlara mənəvi dəstək olaraq böyük inam hissi ilə vurğulamışdır ki, “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə  bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə can sağlığı və uzun ömür arzulayıram!”

Qədirbilən oxucu, arxasında xalqının dayandığı iqtidarın məlum insanpərvər və humanist davranışı fonunda radikal müxalifət dəstələrinin də yeni şəraitdə özünü necə aparması məsələsi maraq doğurmaya bilməz. Bu bir həqiqətdir ki, əsl müxalifət dairələri ümummilli məsələlərdə və xüsusən xalqın və dövlətin taleyi təhlükə ilə üz-üzə dayandığı reallıqlarda siyasi mənsubiyyətini unudur, iqtidarla ən azı təhlükə sovuşanadək əməkdaşlıq yolunu seçir.

İndi isə Azərbaycan nümunəsinə nəzər salaq. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin xalqımızı və dövlətimizi bu qorxunc xəstəliyin acı nəticələrindən hifz etmək üçün atdığı sərt karantin tədbirləri “5-ci kolon” nümayəndələri tərəfindən süngü ilə qarşılanmış, növbəti qarayaxma, yalan və iftira kampaniyasını həyata keçirmək üçün növbəyə dayanmışlar. Onların paralel olaraq ianələrini aldıqları müəyyən xarici dövlətlərin eyni infeksiyaya qarşı eyni qəbildən olan addımlarının şərəfinə mədhiyyələr söyləmək növbəsinə dayanıqları da diqqətdən yayınmır. Bu ikiüzlülük və milli xəyanətin klassik nümunəsi kimi göz qabağındadır. Hətta iş o yerə gəlib çatıb ki, bu antimilli ünsürlər işğalçı Ermənistanın koronovirusa qarşı atdığı müəyyən addımları təqdir etməkdən belə çəkinmir, guya ki, rəsmi İrəvanın məcburi məhdudiyyətlərə rəvac verən addımları ölkədə “demokratiyanın baza prinsiplərini zədələmir” kimi gülünc və sərsəm ifadələr işətməkdən belə vaz keçmirlər. Halbuki “sapı özümüzdən olan baltalar” çox gözəl bilirlər ki, işğalçı Ermənistanda martın 16-da fövqəladə vəziyyət elan edilmişdir. Mətbuata senzura tətbiq olunmuşdur. Kütləvi informasiya vasitələri və sosial şəbəkələrin koronavirus pandemiyası ilə bağlı yalnız rəsmi dövlət məlumatlarına istinad etmələri bir qanun tələbi kimi irəli sürülmüşdür. Bunun əksi olduqda, müvafiq addımı atmış tərəf 2 saat ərzində mətbuatda təkzib verməlidir. Bunun edilməyəcəyi təqdirdə, fövqəladə vəziyyət rejiminin bütün sərtliyi ilə məlum qaydanı pozmuş tərəfə qarşı istifadə olunması sırf zaman məsələsidir.

Yeri gəlmişkən, sonda onu da vurğulayaq ki, ölkəmizdə radikal dəstə və qruplaşmalar öz naqis xislətlərinə və xudbin dünyagörüşlərinə adekvat olaraq “koronavirus demokratiyası” deyilən həqarətli bir termin də icad ediblər. Xalqımız onları “şanlı” keçmişlərinə görə “azadlıq aşiqləri” kimi xatırlayır və rədd edir, Bundan sonra isə müdrik xalqımızın onları “koronavirus demokratları” kimi  permanent “siyasi izolyasiya”da saxlayacaqları və yenidən gəldikləri yerə – tarixin zibilxanasına göndərəcəkləri sübuta ehtiyacı olmayan bir aksiom kimi qəbul edilə bilər.

Beləliklə, yuxarıda apardığımız təhlil və analizlər o qənaətə gəlməyə əsas verir ki,  dövlət iki halda beynəlxalq güclərin təzyiq obyektinə çevrilir. Birinci hal dövlət zəif olanda baş verir. Həmin dövlətin ilk növbədə ərazi bütövlüyü və suverenliyi böyük təhlükə altına düşür Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan analoji vəziyyəti yaşamışdır. İkinci hal isə, nə qədər paradoksal səslənsə də, dövlət güclü olanda labüdləşir. Azərbaycan bütün parametrlərə görə regional gücə-liderə çevrilmişdir. Deməli, bu reallığı qəbul edə bilməyən beynəlxalq qüvvələrin və onların miskin əlaltısına çevrilmiş daxili qaragüruhçu seqmentin naqis planlarını alt-üst etmək üçün indi daha güclü milli həmrəyliyə sahib olmalıyıq. Son 16 il ərzində ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı  olan Prezident İlham Əliyev ətrafında daha sıx və monolit birlik nümayiş etdirməliyik. Bu zamanın çağırışıdır!

Elman NƏSİROV,
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru