İslahatlar təhsilin keyfiyyətini yaxşılaşdırır

Müstəqillik qazandıqdan sonra  ölkəmizdə təhsil sisteminə xüsusi  qayğı göstərilməyə başlandı. Bu sahədə əldə edilmiş nailiyyətlərin nəticəsidir ki, təhsilin keyfiyyəti  yüksəlmiş və deməli, islahatlar  bəhrəsini vermişdir.
Sevindirici haldır ki, ölkəmizdə  Bilik Gününün  bayram kimi qeyd olunması  ənənəyə çevrilib. Birinci sinfə qədəm qoyan uşaqlar  şəraitdən yararlanaraq, peşəkar və fədakar müəllimlərin sayəsində savadlı, yüksək dünyagörüşlü və layiqli vətəndaş, vətənpərvər gənc kimi formalaşırlar.
Ölkəmizdə təhsilin müasir  standartlar səviyyəsinə qaldırılması məqsədi ilə aparılan islahatlar uğurla davam etdirilir, sağlam ruhlu vətəndaşların yetişdirilməsi ümummilli məsələyə çevrilib. Bu, ilk növbədə dövlətin müəyyənləşdirdiyi təhsil strategiyasının tələbidir. Xalqımızın gələcəyi və sivilizasiyalı dünyaya inteqrasiyasının yeganə yolu məhz təhsilin inkişafından keçir.
Sevindirici haldır ki, Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində, xüsusilə də Vətənimizin parlaq gələcəyinə hesablanan elm və təhsil sahəsində mütərəqqi islahatların aparılmasına böyük önəm verilir.
Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlar – təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi ölkədə təhsillə bağlı nəticələrə də müsbət təsir göstərib.
Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar paytaxtla yanaşı, ən ucqar bölgələrdə də həyata keçirilir. Təsadüfi deyil ki, son 15 ildə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, yeni korpuslar inşa olunub, köhnə tədris müəəssisələri bərpa və əsaslı təmir edilib.
Gəncə şəhərində də təhsil quruculuğu sahəsində görülən işlər tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Bunun nəticəsidir ki, hər il Gəncə şəhərində fəaliyyət göstərən təhsil müəssisələrindən ali məktəblərə qəbul olunan məzunların sayı artır. 2017-2018-ci tədris ilində Gəncə şəhəri üzrə ümumtəhsil məktəblərinin məzunlarından 1824 nəfəri qəbul imtahanlarında iştirak edib. Onlardan 1105 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul imtahanlarında 174 məzun 500-600, 90 nəfər 600-dan yuxarı, 1 məzun isə maksimum nəticə – 700 bal toplayıb.
İnanırıq ki,  yeni tədris ili də təhsilimizdə müsbət hadisələrlə yadda qalacaq.

Pərvin Kərimzadə,
Milli Məclisin deputatı,
elm və təhsil komitəsinin üzvü, Gəncə Dövlət Universitetinin prorektoru 

 

 

Orxan