İslam Həmrəyliyi Oyunlarında doqquzuncu medal qazanıldı

03

 

İndoneziyanın Palembanq şəhərində keçirilən üçüncü İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları daha bir medal qazanmışlar. Bununla da medalların sayı 9-a çatmışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 25-də yarışlarda çıxışlarını uğurla başa vuran karateçilərimiz qızıl medal qazanmışlar.
İndoneziya, Malayziya və Əlcəzair yığmalarına qalib gələn komandamız finala vəsiqə qazanmışdır. Finalda İran yığması ilə gərgin mübarizə aparan karateçilərimiz əsl əzmkarlıq göstərərək rəqiblərinə 3:1 hesabı ilə qalib gəlmişlər. İlk döyüşdə Niyazi Əliyev özündən ağır və hündür olan rəqibə məğlub olsa da sonrakı qarşılaşmalarda Asiman Qurbanlı, Rafayel Ağayev və Şahin Atamovun inamlı qələbələri sayəsində komandamız İran komandasını məğlubiyyətə uğratmışdır. Ağırlıqqaldırma yarışlarında idmançımız Zülfüqar Süleymanov 62 kq çəki dərəcəsində yarışların bürünc medalını qazanmışdır. Z. Süleymanov birdən ağırlıq qaldırmada 123 kq, təkanla qaldırmada 155 kq çəkinin öhdəsindən gəlmiş və ümumilikdə 278 kq nəticə ilə üçüncü olmuşdur.Z. Süleymanov gələn ay Polşada keçiriləcək dünya çempionatında da yığma komandamızın heyətində olacaqdır.Üzgüçülük yarışlarında 100 metr məsafəyə batterflyay üsulla üzmədə Yevgeni Lazuka bürünc medala sahib olmuşdur. Y. Lazuka bir gün öncə 50 metr məsafəyə baterflyay üsulla üzmədə gümüş medal qazanmışdır. Sentyabrın 25-də isə idmançımız 55.05 saniyə nəticə ilə özünün 2-ci, komandamızın isə 9-cu medalını qazanmışdır.