İsmayıl Şıxlının “Ölüləri qəbristanda basdırın” əsəri
Atakişiyeva Həcər
Filosof şair, mütəfəkkir dramaturq İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə
Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. Xalq yazıçısı, alim-müəllim,
millət vəkili olmuş İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv
qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay
oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin
zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”,
“Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir.
İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir.
İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn
olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ictimai
fəaliyyət göstərən böyük insan, istedadlı yazıçı, gözəl natiq-pedaqoq, alovlu
vətənpərvər-soydaş olan İsmayıl Şıxlı “Namus qaçağı”, “Namərd gülləsi”, “Ölüləri
qəbristanda basdırın” hekayələri ilə milli ədəbiyyatımızın inkişafına çox böyük
dəyər qatmışdır. Qüdrətli nasir, müdrik dramaturq İsmayıl Şıxlının “Ölüləri
qəbristanda basdırın” əsəri Azərbaycan ədəbiyyatında dəyərli nümunələrdəndir.
Ədib əsərdə cəmiyyəti düşündürən problemləri, ictimai-əxlaqi məsələləri yüksək
bədii sənətkarlıqla əks etdirmişdir. Yazıçı “Ölüləri qəbristanda basdırın” hekayəsini
1990-cı ildə yazmışdır. Əsər hekayə janrında yazılmasına baxmayaraq, obrazların
talelərinin, əməllərinin timsalında xalq həyatının bütöv mərhələlərini əks etdirə
bilmişdir. İsmayıl Şıxlı “Ölüləri qəbristanda basdırın” əsərində Həcər obrazı
vasitəsilə ədəbiyyatda əyilməzlik, mərdlik, ləyaqət, namus, cəsarət kimi milli
kökdən gələn dəyərləri ümumiləşdirmişdir. “Ölüləri qəbristanlıqda basdırın”
hekayəsi yazıçının yazmış olduğu sonuncu əsəridir. Əsərdə obrazların çoxluğu
olmasa da, hər bir obraz bitkin, tam xarakterdə canlandırılmışdır. Əsər şəhərin
mərkəzində, dörd yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi, həmişə qış-yay
adamla dolu olan bağda kooperativ restoran açmaq istəyən Rəşidin istəyi ilə
başlayır. Restoran ikimərtəbəli olacaqdı. Ümumi salonu, ayrıca otaqları xüsusi
planda tikiləcəkdi. O istəyirdi ki, həm də yeməkxana açsın, orada nisbətən ucuz
xörəklər satsın. Tənəffüsə çıxanlar, işə tələsənlər, yol adamları vaxt itirmədən
nahar etsinlər. İkinci mərtəbədə xüsusi kabinələrdə isə ayrı dəmdəsgah olsun. Hətta
rayonlarına yeni bir dəb də salmaq istəyirdi. Arvad-uşaqları ilə gələnlərə gözdən
uzaq yerdə ayrıca otaqlar düzəldəcəkdi. İçərisini lap ev kimi sahmana salacaqdı.
Rəşidin bağı gəzərkən bağın ortasında köhnə bir qəbir tapması ilə hadisələrin nəqli
başlanılır. Bu qəbrin baxımsız vəziyyətdə olması ilə yazıçı oxucuya xəyanətkarın
sonluğunu göstərir. “Vaxtilə bu qəbrin ətrafına dəmir mühəccər çəkiblərmiş.
Sonradan paslanıb çürümüş, yağışın-qarın altında qalıb ovxalanmış, bağ-bəndi
qırılıb yerə tökülmüşdü. O da hiss olunurdu ki, qəbrin dörd yanında qızılgül kolları
əkilibmiş. İllər keçdikcə baxımsızlıqdan quruyub solmuş, tapdalanmış və yerlə-
yeksan edilmişdi. Qəbrin özü də dağılmışdı. Nə sinədaşı vardı, nə də başdaşı.
Suvağı tökülmüş, ağ daşları isə ovxalanmışdı. Bir-iki il də keçsəydi, bu sahibsiz
qəbir torpağın altında qalıb tamam itəcəkdi”.
İsmayıl Şıxlı “Ölüləri qəbristanda basdırın”
əsərində Cavanşirin qəbrinə elin-obanın laqeyd münasibətinin təsviri ilə göstərir ki,
insanlar əhdinə vəfa etməyənə nə qədər də xidmətləri olsa da dəyər vermirlər. Bağa
gəlib-geden insanlar bu qəbrin kimin olduğunu bildiyi üçün bu qəbrə laqeyd
yanaşırdılar. Rayon mərkəzlərində, bağda basdırılan vaxtı ilə on doqquz yaşlı,
qaşları çatma, gözləri ala, kürəyi enli, yol ilə gedəndə çəpərlərin dibindən boylanan
qızların sayı bilinməyən, kəndlərində ad çıxarmış, igid, pəhləvan, yaraşıqlı, cavan
bir oğlan idi. Kəndin subay qızları onun gözəlliyinə, yaraşığına aşıq idilər. Kəndin
gözəl qızlarından olan yəhərli-yüyənli atla gəzən Şəmistan ağanın qızı Həcərdə
gözəlliyini, igidliyini eşidib, gördüyü Cavanşirə aşiq olmuşdu. Şəmistan ağanın
qızı Həcər xanımın Cavanşirdən çox xoşu gəlməsinə baxmayaraq, onunla
görüşlərdən imtina edib, el adəti ilə elçi göndərməsini tələb edir. Cavanşir anası ilə
danışıb, el dağdan arana enəndə Həcər xanıma elçi göndərib, nişan taxırlar.
Cavanşiri dövlət qulluğuna qəbul edə bilmək üçün Qəza Firqə özəyinə çağırırlar və
ikiillik firqə məktəbinə oxumağa göndərirlər. Bu iki il Həcər xanım səbirsizliklə və
namusla nişanlısının yolunu gözləyir. Lakin Həcər xanımın atası Şəmistan ağanın
Cavanşirin boylu-buxunlu, yaraşıqlı bir oğlan olmasından xoşu gəlsə də, – Yəni
deyirsən dul arvad oğlundan kişi çıxar? – deyib, tərəddüd keçirirdi. Şəmistan
ağanın fikirləri özünü doğrutmuşdu. Belə ki, ikiillik firqə məktəbini oxuyub, geri
qayıdandan sonra Cavanşiri tanımaq olmadı. Özü də dəyişmişdi, əyin-başı da.
Ayağında uzunboğaz çəkmə, belində aşırmalı enli kəmər vardı. Tünd bənövşəyi
rəngli şivyotdan qalife şalvar-köynək geyinmişdi. Kürəyi bir az da enlənmiş, özü
bir az da gözəlləşmişdi. Artıq ona nişanlısı qolçomaq Şəmistan ağanın qızı Həcər
xanım lazım deyildi. O, qarşısına məqsəd qoymuşdu: Qəzada birinci “Kommuna”
yaratmaq. Bunun üçün əvvəlcə qolçomaqları, yəni, Şəmistan ağanı əzmək lazım
idi. Qolçomaq olduğuna görə Şəmistan ağanın evini taladılar, ev-eşiyi bir-birinə
qatdılar, arvad-uşağı çölə tökdülər, yorğan-döşəyi, ələ keçən pal-paltarı bir arabaya
doldurub dörd polisin müşayiəti ilə qəza mərkəzinə, arvad-uşaqlarını isə sürgünə
yolladılar. Şəmistan ağa özü isə dağlara qaçıb, qaçaq düşməyə məcbur olmuşdu.
Nişanlısı qolçomaq Şəmistan ağanın qızı Həcər xanımı sürgünə göndərəndən sonra
Cavanşir kəndlərdə əyri-üyrü çəpərləri dağıtdı, köhnə evləri uçurtdu və çay
kənarında, gözəl, sulu yerdə cərgə ilə yeni evlər tikdirdi. Dəyirman yerində balaca
bir elektrik stansiyası da qurdurdu. Evlərə işıq gəldi. Arvadların canı hisli çıraq
şüşəsi təmizləməkdən qurtardı. Hər şey onun gözündə gözəlləşdi. Kommunanın
balaca “Fordzon” traktoru, taxıldöyəni, otbiçəni vardı. Klubu hər gecə işləyirdi.
Belə bir qayda qoymuşdu: kəndə gələn qonaq qohumunun evinə yox, kommunanın
qonaq otağına düşməli idi. Qohumlar burada görüşməli, kommunanın hesabına
düzələn yemək-içməyi də bir yerdə yeməliydilər. Artıq Cavanşirin adı dillərə
düşmüşdü. Tez-tez mərkəzdən adamlar gəlir, şəklini çəkir, qəzetlərə məqalələr
yazırdılar. Onun başı işə o qədər qarışmışdı ki, çox vaxt evə də gəlmirdi. Elə
idarədə divana uzanıb yatır, ya da şinelini üstünə salıb dirsəklənirdi. İsmayıl Şıxlı
“Ölüləri qəbristanda basdırın” əsərində Cavanşirin səhvlərinin bədəlini
ödəyənlərdən ən əsasının onun anasının olduğunu qeyd edir. Belə ki, onun anasının
gecəsi-gündüzü yox idi. Arvad səksəkə içində səhərəcən, oğlunun yolunu
gözləyirdi. Həftədə bir-iki dəfə ancaq görüşürdülər. Görüşəndə arvad kəlağayısının
ucu ilə gözünü silə-silə oğlunu danlayırdı. Ananı narahat edən o idi ki, o yaxşı
bilirdi ki, oğlunun qədrini bilən olmayacaq. O, oğlu Cavanşirin nişanlısı Həcərə
etdiyi haqsızlıqları bildiyi üçün çox qorxurdu və çox yaxşı bilirdi ki, qaçaq düşmüş
Şəmistan ağa bu etdiklərinin qisasını Cavanşirdən alacaq. Ana oğlunu məzəmmət
edərək deyirdi. “Səndə də taqsır oldu, oğul, Həcər sənin nişanlın idi, istəsən
qoymazdın. Uzun saçlının ahı yerda qalmır, bir az ehtiyatlı ol”.
İsmayıl Şıxlı “Ölüləri qəbristanda basdırın” əsərində Cavanşirin
səhvlərinin heyfini anasından alan Şəmistan ağaya haqq qazandırır. Bu ana düzgün
oğul tərbiyə edə bilmədiyinə görə diri-diri yanıb, ölməyə layiq görülür. Şəmistan
ağa Cavanşirlə haqq-hesabı çəkməyi isə qızı Həcər xanıma saxlayır. Cavanşirin evi
yanıb külə dönərkən, anasıda alovlar içində yanıb kösövə dönmüşdü. Həcər beş il
sürgün həyatı bitəndən sonra Cavanşiri görməyə gəlir. Cavanşir elə bil qırx yaşlı
kişi idi. Bığları codlaşmış, sifətinə qırışlar düşmüşdü. Sürgündən sonrakı bu ilk və
son görüşdə Həcər xanım Cavanşiri öldürüb, Göyxallı atı da aparır. Nə qədər
axtarsalar da, Cavanşiri kimin öldürdüyünü tapa bilmirlər, qolçomaqların
öldürdüyünü yəqin edib, hörmətli adam kimi bağda basdırırlar. Hökumətə
göstərdiyi o qədər xidmətlərə baxmayaraq, el ona xəyanəti bağışlamır. Məzarı
baxımsız qalır, lakin bu illər ərzində onun məzarını ziyarət edib, güllər əkən, yad
edən bir adam vardı, o da ki, Həcər xanım idi. Baxmayaraq ki, Cavanşir onu
canından artıq istəyən Həcərə rəhm etmədi, lakin Həcər ona ən səmimi
duyğularını, hisslərini vermişdi. El-obanın igidləri içində onu seçib-sevmiş, ona
könül vermişdi. Məhz bu sevgisinə görə də o, onu qolu bağlı Sibirə sürgünə
göndərən Cavanşirin məzarını heç vaxt tək qoymur. Şəmistan ağanın qızı Həcər
dul Güləndamın oğlundan qisasını almışdı və el-oba da Cavanşirə bu gədalığına
görə rəhm etməmişdi. Bir sözlə uzunsaçlının ahı yerdə qalmamışdı. Cavanşirin
anası yandırılaraq öldürülmüş, evi xarabaya çevrilmiş, özü isə güllələnmişdi.
İsmayıl Şıxlı
“Ölüləri qəbristanda basdırın” əsərində bitkin insan xarakterləri ilə yanaşı xarakteri
formalaşmış heyvan obrazıda vardır. Bu obraz Şəmistan ağanın Göyxallı atıdır.
Cavanşir Şəmistan ağanı öldürdükdən sonra Göyxallı atı özünə götürmüşdü.
Göyxallı at isə onu yaxına buraxmır, Cavanşiri görəndə yüyəni çeynəyib şahə
qalxıb, onu tapdalayıb, öldürmək istəyirdi. Çünki at hiss edirdi ki, Həcərin sürgün
olmasına, Şəmistan ağanın ölümünə Cavanşir günahkardır. Dilsiz-ağızsız heyvanın
hərəkəti ilə yazıçı Cavanşirə olan nifrətini ifadə edir. Əsərdə heyvanlar insanlardan
etibarlı və sədaqətli təsvir olunmuşdur. İsmayıl Şıxlının “Ölüləri qəbristanda
basdırın” əsərində Şəmistan ağanın atı olan Göyxallı, müəllifin “Dəli Kür”
əsərindəki Cahandar ağanın atı olan Qəmərin taleyini yaşayır. Ümumiyyətlə, at
obrazlarının xarakterinin yaradılması İsmayıl Şıxlı yaradıcılığında yayğın idi.
İsmayıl Şıxlının “Ölüləri qəbristanda basdırın” əsəri Həcər xanımın Cavanşirin
qəbrini tapmayaraq və ondan ümidini tamamilə kəsərək, o bağdan birdəfəlik
getməsi ilə bitir. Restoranda isə müğənni oxuyur: “Dünya sənin, dünya mənim,
dünya heç kimin”.