İsmayıllıda turizim inkişaf edə bilərdi…

Ismayilli

Bu gün Azərbaycanda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Son illər əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Dövlət Başçısının 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda bu imkanlardan yararlanaraq qarşıdakı illərdə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi üçün əhatəli tədbirlər planı əks olunub. Qeyd etmək lazımdır ki, hazırda ən çox turist axını olan rayonlardan biri də İsmayıllıdır. Rayona üz tutan turistlərin sayı ilbəil artır. Bakı-İsmayıllı yolunun yaxşı vəziyyətdə olması, istirahət mərkəzlərində şərait və xidmətin səviyyəsi rayona gələn qonaqların sayının artmasına səbəb olur. İsmayıllının təbiətinin gözəlliyi, sakinlərin qonaqpərvərliyi turist axınına səbəb olan əsas amillərdir. Təqdirəlayiq haldır ki, İsmayıllı Peşə Tədris Mərkəzində turizimlə bağlı qruplar fəaliyyət göstərir. Burada bələdçilər, barmenlər və ofisiantlar hazırlanır. Lakin bütün bu deyilənlər heç də İsmayıllı rayonunda turizm sahəsinin problemlərsiz inkişaf etdiyi anlamına gəlməməlidir.

Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasovun öz işində yol verdiyi ciddi nöqsanlara dair faktlar öz əksini tapmışdır. Məlum olduğu kimi İsmayıllı rayonu özünün əsrarəngiz təbiəti, saf havası ilə hələ sovetlər dönəmindən ölkə əhalisinin istirahət üçün getməyə üstünlük verdiyi bölgələrdəndir. Bu gün isə rayonda həmçinin ekoturizmin bir sıra növlərini inkişaf etdirmək üçün müvafiq tədbirlər həyata keçirilir. Dövlət səviyyəsində görülən bu işlərin müqabilində isə Azər Abbasov bütöv bir rayonun turizm obyektlərinin sırf şəxsi məqsədləri naminə istismarı ilə məşğuldur. Məlumatlarda bildirilir ki, İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bütün turizm və istirahət mərkəzləri, mədəniyyət müəssisələri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə “haqq” ödəməlidirlər. Əks halda isə A.Abbasov tərəfindən ödənişdən boyun qaçıran obyektin sahibi üçün elə problemlər yaradıla bilər ki, müəssisəyə dəyəcək ziyan aylıq haqqı bir neçə dəfə üstələyər.

Həmçinin məlumatlarda bildirilir ki, bölgədə turizmin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Azər Abbasov tərəfindən mənimsənilir. Məlum olduğu kimi bu gün İsmayıllıda fəaliyyət göstərən təkcə kitabxana və filiallarının sayı əlliyə yaxındır. Mənbələr isə iddia edirlər ki, rayondakı kənd klubları və mədəniyyət evlərinin əksəriyyəti hazırda Azər müəllimin vəsait silmə işindən başqa heç nəyə yaramırlar. Çünki kəndlərdəki çoxlu sayda klublar, mədəniyyət evləri formal olaraq fəaliyyət göstərirlər. Daha doğrusu bu klublar sənədlərdə mövcuddur və bu klublarda çalışanlar da Azər Abbasovun “ölü canları”dır. Daxil olan məlumatlarda həmçinin göstərilir ki, mədəniyyət və turizm şöbəsinin müdiri son 1 ildə rayon büdcəsindən ayrılmış külli miqdarda vəsaitləri məhz bu “ilğım-mədəniyyət evləri”nin cari təmirinə «sərf» edib. Əslində isə ayrılan vəsaitin onlarla klubun, mədəniyyət evinin carı təmiri adı altında sənədləşdirərək mənimsədiyi bildirilir.

Daha sonra məlumatlarda göstərilir ki, Azər Abbasovun əsas qazanc yerlərindən biri də kənd mədəniyyət evlərində yalnız kağız üzərində fəaliyyət göstərən dərnəklər və olmayan dərnəklərdə çalışan mədəniyyət işçilərdir. Belə ki, məhz bu klubların və formal olaraq fəaliyyət göstərən dərnəklərin vasitəsi ilə Azər Abbasov hər ay büdcədən daha bir neçə min manata yaxın vəsait mənimsəyə bilirTəəssüflər olsun ki, bu gün rayon mədəniyyət və turizm şöbələrnə rəhbərlik edən kadrların heç də hamısı öhdəsinə düşən vəzifələrin vacibliyini və məsuliyyətini tam ciddiliyi ilə dərk etmirlər. Bu isə Azərbaycanda turizmin inkişafını ciddi maneələr qarşısında qoyur.