İsraildə parlament seçkiləri keçirilir

Bu gün İsraildə parlament seçkiləri keçirilir. Seçki hüququna malik 6,34 milyon vətəndaşın səsverməsi üçün ölkə ərazisindəki 10720 seçki məntəqəsi səhər saat 07:00-dan etibarən açılıb. Səsvermə prosesi axşam saat 22:00-dək davam edəcək.
XALQ.AZ  xəbər verir ki, Knessetdəki (İsrail parlamenti) 120 yer uğrunda İsrailin ümumilikdə 40 siyasi blok və partiyası mübarizə aparır. Lakin aparılan sorğulara əsasən, zəruri olan 3,25%-lik seçki baryerini keçərək parlamentə seçilmə şansına malik partiyaların sayı 10-dan azdır.

İsrailda aparılan ən son ictimai rəy sorğularına görə, parlament seçkilərində qələbəyə ən yaxın namizədlər hazırkı baş nazir Binyamin Netanyahunun “Likud” partiyası və İsrail ordusu baş qərargahının sabiq rəhbəri Beni Hantsın başçılığı altındakı mərkəzçi “Kaxol-Lavan” (“Bəyaz-Mavilər” – İsrail bayrağının rənglərinə uyğun olaraq adlandırılıb) blokudur. Ehtimal olunur ki, Netanyahunun partiyası Knessetdə azı 61 mandata sahiblənə biləcək.

Seçkilərin yekun rəsmi nəticəsi elan edildikdən sonra, gələn həftə İsrailin prezidenti Reuven Rivlin parlamentə keçən deputatlardan birinə baş nazir qismində yeni hökumət koalisiyasını formalaşdırmağı tapşıracaq. Bir qayda olaraq, İsraildə baş nazir ən çox mandat qazanan partiyanın rəhbəri olur. Lakin prezident çoxluq qazana bilməyən partiyanın deputatına da bu vəzifəni tapşıra bilər. Bunun üçün o, Knessetdə minimal çoxluğa – 61 yerə nəzarət edən dayanıqlı koalisiya yaratmaq iqtidarında olmalıdır.

Orxan