“İstənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik”

vuqarrrr

“İşğalçı Ermənistan növbəti dəfə ölkəmizə qarşı təxribata əl atıb. Lakin həmişə olduğu kimi bu dəfə də Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını alıb və işğalçılara sarsıdıcı cavab zərbələri endirib. Eyni zamanda, xalqımız ordumuzla həmrəylik nümayiş etdirməkdədir. Bu baxımdan iyulun 14-15- də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər:

“Bununla yanaşı, dünən gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı”.

Bu cür halları “düşmən dəyirmanına  su tökmək” kimi dəyərləndirən deputat bildirib ki, hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası şəhidlərin ruhuna hörmətsizlikdir. Vüqar İskəndərovun sözlərinə görə, əslində dünən gecə bir qrup şəxs tərəfindən həyata keçirilən vandallıq 1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələri, anarxiya, özbaşınalıq və xaosu bir daha xatırlatdı:

“Həmin vaxt baş verənlərin Azərbaycan üçün hansı itkilərə səbəb olduğunu xatırlatmaqla yanaşı birmənalı olaraq bəyan edirəm ki, bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi qınanılmalı, cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz bu pozucu fəaliyyətə lazımi qiyməti verməlidirlər. Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik”.

Açıqlamasında istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirməyin zəruri olduğunu bir daha xatırladan deputat qeyd edib ki, bu günlər hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik.

 “Həm xalqımız, həm də bütün dünya bir daha əmin olsun ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir. Vətəndaş olaraq bizim üzərimizə düşən başlıca vəzifə isə bu günlər daha ayıq-sayıq olmaq, təxribatlara uymamaq və hər zaman olduğu kimi milli birliyimizi bütün dünyaya bir daha nümayiş etdirməkdir” deyə, sonda deputat əlavə edib.