İstanbulda kitab sərgisi keçirildi

 

95

 

32-ci İstanbul Beynəlxalq Kitab Sərgisi işə başlayıb. TÜYAP sərgi və konqres mərkəzində gerçəkləşən kitab bayramına Türkiyədən və dünyanın bir çox ölkələrindən 700-ədək nəşriyyata qatılıb. Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir. Nazirliyin və ölkəmizin İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə Azərbaycan kitabları da sərgidə geniş şəkildə nümayiş olunur. Qarabağ problemindən, Azərbaycanın tarixi həqiqətlərindən bəhs edən 300 adda 1000 nüsxəyə yaxın kitab, eləcə də ölkənin turizm potensialı barədə 20 adda 700 nüsxədən çox reklam materialları sərgilənib. Sərgi çərçivəsində “Sözün iki qanadı – Məhsəti Gəncəvi, Nigar Rəfibəyli” mövzusunda elmi, ədəbi-bədii tədbir keçirilib.

Görkəmli şairə, mütəfəkkir M.Gəncəvinin 900 illiyi və XX əsr poeziyamızın tanınmış nümayəndəsi, xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi ilə bağlı müvafiq sərəncamlara uyğun olaraq keçirilən tədbirdə rəsmilər, millət vəkilləri, ədəbiyyat, mədəniyyət xadimləri iştirak ediblər.

Millət vəkili, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, professor Rafael Hüseynovun aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkili Qənirə Paşayeva, ölkəmizin İstanbul şəhərindəki baş konsulu Həsən Zeynalov çıxış edərək M.Gəncəvi və N.Rəfibəylinin həyat və yaradıcılığından söz açıblar. Azərbaycan Prezidentinin sərəncamları ilə hər iki şairənin yubileylərinin ölkə miqyasında və beynəlxalq səviyyədə geniş qeyd olunduğunu diqqətə çatdırıblar. UNESCO tərəfindən 2013-cü ildə M.Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. Bir-birini səkkiz əsrlik tarix ayıran bu iki şairənin əsərlərində qadın ləyaqəti və hüquqları da geniş yer alıb.

Tədbirin sonunda əməkdar artist, xanəndə Fehruz Məmmədovun rəhbərlik etdiyi muğam qrupunun (əməkdar artist, tarzən Əlağa Sədiyev, kaman ifaçısı Xəyyam Məmmədov və xanəndə Lalə Hüseynova) ifa etdiyi musiqi parçaları salona toplaşanların alqışları ilə qarşılanıb. 32-ci İstanbul Beynəlxalq Kitab Sərgisi noyabrın 10-dək davam edəcək.

 

96 9 50 88