İtaliya Azərbaycan əlaqələri genişlənir

Aydin Aliyev

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Xalq.az-a verilən məlumata görə, görüşdə A.Əliyev Azərbaycan ilə İtaliya arasında mövcud siyasi, mədəni əlaqələrdən söhbət açıb, bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib. Komitə sədri vurğulayıb ki, ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətinin də öz yeri var və gömrük sistemi bu sahədə körpü rolunu oynayır. 2005-ci ildə gömrük sahəsində iki ölkə arasında imzalanan saziş, eləcə də gömrük xidmətlərinin səmərəli fəaliyyəti əməkdaşlığın genişlənməsinə əlavə stimul verir, tərəflərin qarşılıqlı inteqrasiyasını sürətləndirir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda son illər aparılan iqtisadi islahatların müsbət nəticələr verdiyini konkret faktlarla dilə gətirən A.Əliyev Azərbaycanla İtaliya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu və bu imkandan maksimum yararlanmağın vacibliyini vurğulayıb. DGK sədri bu sahədə perspektivlərdən danışıb, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

C.Kutillo respublikamızda diplomatik fəaliyyət göstərməyindən məmnunluğunu ifadə edib, təmsil etdiyi hökumətin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa çox böyük önəm verdiyini vurğulayıb. Səfir qeyd edib ki, İtaliya Azərbaycanla qarşılıqlı əməkdaşlıq müstəvisində inkişaf edən mövcud iqtisadi-ticari əlaqələrini davam etdirmək və genişləndirmək niyyətindədir.

İtaliya ilə Azərbaycanın gömrük orqanlarının gələcək əməkdaşlığından danışan səfir iki ölkənin uyğun qurumları arasında münasibətlərin genişləndirilməsi üçün heç bir problemin olmadığını vurğulayıb, qarşılıqlı əlaqələrin gələcək perspektivlərindən bəhs edib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.