İtaliya mətbuatı TAP-ın İtaliya və Avropa İttifaqı üçün əhəmiyyətidən yazdı (FOTO)

İtaliyanın “Agenzia Nova” və “Eurasianews” KİV-lərində Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin əhəmiyyətindən bəhs edilən məqalə dərc olunub.
XALQ.AZ “Report”a istinadən xəbər verir ki, məqalədə fikirlərinə yer verilən Venesiyanın Ka Foskari Universitetinin professoru, İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunun (İSPİ) elmi işçisi Karlo Frappi TAP-ın İtaliya üçün, ümumilikdə isə Cənub Qaz Dəhlizi layihəsinin Avropa İttifaqı üçün əhəmiyyətini vurğulayıb.
O, Xəzər dənizi ilə Adriatik dənizi arasında enerji dəhlizinin yaranmasının 15 il öncə başlanmış yolun kulminasiya nöqtəsi olduğunu, TAP layihəsinin iqtisadi baxımdan vacibliyi ilə yanaşı, siyasi cəhətdən də əhəmiyyətli olduğunu qeyd edib:
Ekspert bildirib ki, bu yol Avropanın enerji təhlükəsizliyini təkcə daxili tənzimləyici tədbirlər vasitəsilə deyil, həm də tədarükçülərin və təchizat zəncirlərinin şaxələndirilməsi ilə xarici “geosiyasi” faktorla qoruyan yoldur. Onun sözlərinə görə, TAP İtaliyanın birbaşa əldə edəcəyi üstünlüklər baxımından çox vacibdir.
“İtaliya təchizat marşrutlarını şaxələndirməklə enerji təhlükəsizliyini artıracaq, əlavə qaz həcmləri alacaq, həmçinin qazpaylayıcı şəbəkəsi vasitəsilə üçüncü ölkələrə nəql həyata keçirə biləcək. TAP İtaliyanın qazpaylayıcı mərkəz olmaq yolunda mövqeyini gücləndirmək baxımından da strateji əhəmiyyətə malik layihədir”, – K.Frappi qeyd edib.
İtaliya hökumətinin layihənin tikintisinə icazə verilməsi ilə bağlı son qərarı da şərh edən ekspert bildirib ki, bu, ölkəyə etbarın, qonşularla münasibətin səviyyəsini göstərir, götürülən öhdəliklərə əməl edilməsi beynəlxalq əlaqələrin əsaslarından biridir.
Məqalədə, həmçinin Cənub Qaz Dəhlizi, onun seqmentləri barədə ətraflı məlumat verilib.