“İtirdiyim xoşbəxtlik” kitabı özbəkcə nəşr olunub – Foto

“İtirdiyim xoşbəxtlik” (“Qarabağ hekayələri” silsiləsindən) kitabının ön söz yazarı Mili Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevadır.

XALQ.AZ xəbər verir ki, görkəmli özbək professoru, türkoloq Babaxan Şərif kitaba “Təqdim” yazısı yazaraq, Azərbaycan həqiqətləri, bu həqiqətlərin bədii ədəbiyyatda inkası, habelə iki qardaş ölkənin daha da doğmalaşmasında və sarsılmaz dostluğunda ədəbiyyatın mühüm rolu barədə fikirlərini bölüşüb. “Qarabağ hekayələri” adı ilə gün üzü görən yeni nəşrdə yer alan hekayələri özbəkcəyə istedadlı gənc şair-tərcüməçi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Şahistə Artukova (Kamranlı) uyğunlaşdırıb.


Antologiyanın redaksiya heyətinə, adıçəkilən ziyalılarla yanaşı, Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Regional Hüquqi və İqtisadi maarifləndirmə İB-nin sədri Arzu Bağırova, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, eləcə də, imzası Azərbaycanlı oxuculara da yaxşı tanış olan “Kitab Dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm (Özbəkistan) və tanınmış yazıçı-tərcüməçisi İmdat Avşar (Türkiyə) daxildir.


Gələcəkdə ikinci cildinin də nəşri planlaşdırılan antologiya geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva, antologiyanın Özbəkistanda və Azərbaycanda geniş təqdimat törənlərinin keçiriləcəyini, bunun qlobal pandemiyadan irəli gələn və hər iki ölkədə qüvvədə olan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra baş tutacağını deyib.

“Qardaş Özbəkistanın xalqı və dövləti Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə edir və biz 12 iyulda Tovuza düşmən hücumları baş verərkən bunun bir daha şahidi olduq. İnanırıq ki, bu yeni nəşrlə qardaş ölkə ictimaiyyətinin daha geniş bilgilənməsinə müəyyən qədər xidmət etmiş olacağıq. Antologiyada yer alan hekayələrin oxucuların marağına səbəb olacağına, bununla da yeni münasibətlərin, əməkdaşlıqların yaranacağına inanırıq. Fürsətdən istifadə edərək, nəşrin hazırlanmasında əməyi keçən hər kəsə, hekayələrin müəlliflərinə, redaksiya heyətinə, “AZMAN” Holdinqə, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinə, rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin kollektivinə, nəfis dizayn və poliqrafik işləri təmin edən nəşriyyata könül dolusu təşəkkürümü yetirirəm.”– Xanım Paşayeva adını onun hekayəsindən alan “İTİRDİYİM XOŞBƏXTLİK…” (“Qarabağ hekayələri” silsiləsindən) haqqında danışarkən deyib.

Görüntünün olası içeriği: 1 kişi
Görüntünün olası içeriği: 1 kişi

XALQ.AZ