İtkin düşən qızlar “KamAZ”da tapıldılar

Ötən gün axşam saatlarında  FHN-nin “112” qaynar telefon xəttinə Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş Kərimova Alamə Tələt qızının, Ələsgərova İlahə Əlövsət qızının və Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub. 

XALQ.AZ xəbər verir ki, 10, 14 və 16 yaşı olan bu qızlar Bakıda yaşayan, Şərəfə kəndindən olan şəxslərin övladlarıdır və kəndə qonaq gəliblər. Axşam saatlarında həmin qızlar Bakıya qayıtmağa qərar veriblər. Onların qonaq qaldığı yer Ələt-Astara yolunun yaxınlığında yerləşib. Qızlar yola çıxaraq Bakı istiqamətinə gedən bir “KamAZ” maşınına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən qızlar həmin maşında aşkarlanıb və valideynlərinə qaytarılıb.