İzmirdə ümummilli lider Heydər Əliyev adına park və abidənin açılışı olub

 

 

 

 

 

 

 

 

 

 

 

 

Türkiyənin İzmir şəhərinin Karşıyaka rayonunda ümummilli lider Heydər Əliyevin adına salınmış parkın və abidənin açılışı olub. Qardaş qonşu ölkənin və Azərbaycanın hökumət nümayəndələrinin qatıldığı mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib, ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Karşıyaka bələdiyyəsinin sədri Hüseyn Mutlu Akpınar Bakının qardaş şəhəri İzmirdə ümummilli liderin adına parkın açılmasını tarixi hadisə adlandırıb. O, qeyd edib ki, Türkiyənin qurucusu Mustafa Kamal Atatürkun ən çox sevdiyi və ömrünün çox hissəsini keçirdiyi bu şəhərdə dahi şəxsiyyət Heydər Əliyevin də adının əbədiləşdirilməsi türk dünyasının hər iki şəxsiyyətinə verdiyi ən böyük dəyərdir. Karşıyaka kaymakamı Sadettin Yücel də çıxışında belə bir abidənin və parkın açılmasının böyük əhəmiyyətindən danışıb. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Valeh Hacıyev, millət vəkilləri  Qənirə Paşayeva və Sona Əliyeva çıxışlarında çağdaş Azərbaycanın qurucusu Heydər Əliyevin keçdiyi çətin və keşməkeşli həyat yolundan, apardığı mübarizələrdən danışıblar. Çıxışlarda həmçinin Heydər Əliyevin İzmirlə bağlı maraqlı xatirələrindən bəhs edilib.  Layihənin həyata keçirilməsinin təşkilatçılarından olan  İzmir Azerbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Mülazim Paşa da  ümummilli lider Heydər Əliyevin adına salınmış parkın və abidənin İzmir Karşıyakada açılmasının bir millət, iki dövlət birliyi üçün çox önəmli olduğunu xüsusi vurğulayıb.