Jalə Əliyeva parlamentdə uşaqlarla bağlı çağırış etdi

““Dünyanı verək uşaqlara bir günlüyünə” deyirdi Nazim Hikmət. Bu gün dünya uşaqlar günüdür. Ramazan günlərində seçildiyim dairədə – Zərdab və Ucar rayonunda uşaqlarla görüşdüm. Məhz, bayramda onları sevindirmək, sevinməyə xüsusi ehtiyacı olduqları üçün. Kiçik yaşlarından ana-ata nəvazişindən məhrum olan, ən yaxşı halda nənəyə, babaya pənah aparan uşaqlar idi onlar.. Müxtəlif yaşlarda və müxtəlif şəraitdə yaşayan 21 gözəl övlad. Yaşları və şəraitləri kimi özləri, davranışları da fərqli idi. Bəzisi utancaq və çəkingən, bəzisi qayğısız və şən”.

XALQ.AZ xəbər verir ki, bu fikiləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı çıxış edən deputat Jalə Əliyeva deyib. O bildirib ki, bu uşaqların hamısını birləşdirən və bundan sonra heç kimin dəyişdirə bilməyəcəyi bir həqiqət var idi:

“Bu uşaqlar heç zaman heç kimə ana-ata deyə bilməyəcəklər. Heç kimin qucağına ana-ata deyib qaçmayacaqlar. Bir də ata-anası ola-ola bu sözü tələffüz etməyə həsrət qalan, uşaq evlərində böyüyən, atılmış, dövlətin himayə etdiyi uşaqlar var. Qapı hər açılıb bağlandığında bəlkə atamdır, anamdır deyə ümidlənən uşaqlar”…

Parlamentari uşaqlarının gözünü yolda qoyan həmin valideynlərə də çağırış edib:

“Etməyin! Baxmayacaqsınızsa, baxa bilməyəcəksinizsə dünyaya gətirməyin! Bir günlük, bir anlıq həvəs xətrinə onları bədbəxt etməyin! Yox, əgər dünyaya gətirmisinizsə, nə olur-olsun, hansı şərtlərdə yaşayırsınızsa, yaşayın, kim nə deyirsə-desin o varlıqlara sahib çıxın. Dövlət sizin yerinizə o uşaqlara sahib çıxır, onları yedirir, geyindirir, oxudur, tərbiyələndirir, himayə edir. Ancaq bu uşaqların bütün bunlarla birlikdə isti qucağa ehtiyacı var. Bunu isə onlara ancaq siz verə bilərsiniz”.

Jalə Əliyeva dünyaya sözdə demokratiya dərsi keçənlərə də səslənib:

“Bir də burada özünü insan haqlarının qoruyucuları sayan dünya başbilənlərinə dünyaya “demokratiya dərsi” keçməyə çalışan dairələrə səslənmək istəyirəm. Cənablar, bu gün dünyada onminlərlə, yüzminlərlə uşaq müharibələrdən əziyyət çəkir. Dünyamızın indiki inkişafı dövründə uşaqlar, qaçqın, köçkün, müharibə taleyi yaşayırlar. Bu uşaqların içərisində onminlərlə azərbaycanlı uşaqlar da var. Uşaqlarımız Ermənistanın təcavüzkar siyasəti nəticəsində ədalətsiz müharibənin qurbanı olub. Bu körpələrin fəryadını eşidin. Onların səsinə səs verin! Yüksək ideallardan danışırsınızsa, yüksək tribunalardan dünyaya, eləcə də, Azərbaycana davamlı olaraq demokratiya öyrədirsinizsə, birinci növbədə bu uşaqlarla bağlı ədalətinizi ortaya qoyun! Həqiqətən demokratik olduğunuzu göstərin. Günahsız uşaqların günahına girməyin! Ancaq o zaman insanlıq naminə danışmaq haqqını qazanarsınız!”.