Jalə Əliyeva Prezident İlham Əliyevin çıxışından yazdı

“Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür…Bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilibdir. Hansı məsələ bizim bölgəmizdə Türkiyəsiz həll olundu? Baxın, Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqdır. Onunla hesablaşmaq lazımdır…”.

Bu fikirlər ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Bu fikirləri  “Haber Global” televiziya kanalına müsahibəsində dilə gətirib.

Bəli, ölkə Prezidentinin də qeyd etdiyi kimi, bu gün qardaş və dost Türkiyə bölgənin və dünyanın əsas güc mərkəzlərindəndir.

Bölgənin və dünyanın əsas nüfuz və söz sahiblərindəndir, onun rəyi, razılığı, icazəsi və iştirakı olmadan bölgədə, yerləşdiyi coğrafiyada heç bir addım, heç bir layihə reallaşdırılmır və reallaşdırıla da bilməz.

Qardaş və dost ölkənin 32 ildən çoxdur davam edən və hələ də ədalətli, müsbət həllini tapmayan Qarabağ münaqişəsinə yanaşması, mövqeyi də bəllidir, birmənalıdır, netdir.

Türkiyə münaqişənin yalnız və yalnız Azərbaycan ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində həllini istəyir, həllinə tərəfdardır.

Ötən bu illər ərzində də mövqeyində dəyişən heç nə yoxdur, birmənalı şəkildə Azərbaycanın, onun Haqq davasının yanındadır.

Ancaq çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun üzvü və daha çox haqqı olmasına baxmayaraq, Türkiyə həmsədrlər formatında yoxdur. Bu da öz növbəsində münaqişənin danışıqlar yolu ilə həllinin mümkünsüzlüyünə və uzanmasına gətirib çıxarıb.

Çünki 1992-ci ildə yaradılan Minsk qrupu, 1997-ci ildə təşkil edilən və ötən 23 ildə dəyişməyən üçlü (Rusiya, Fransa, ABŞ) həmsədrlər formatı ötən illər ərzində Qarabağ münaqişəsinin ədalətli və müsbət həlli istiqamətində heç bir əməli, real addımlar atmayıb. Nəinki atmayıb, heç cəhd belə göstərməyib.

Minsk qrupunun bir çox üzvləri, həmsədr dövlətlər erməni və Ermənistanpərəstliyi ilə seçilib, fərqlənib, bu gün də fərqlənirlər.

Onlar katolikdən daha çox katoliklikləri, ermənilərdən daha çox erməniçilikləri ilə “rekord” qırıblar, bu gün də həmin mövqeni sərgiləməkdədirlər.

Çox da uzağa getməyək, elə bugünlərdə, sentyabrın 27-də, Ermənistanın növbəti qanlı təxribatından və şanlı Azərbaycan Ordusunun ikinci Vətən müharibəsinə başlamasından sonra Fransanın bədnam rəhbəri Makron bütün siyasi və diplomatik etiket, əxlaq qaydalarını ayaqlar altına alaraq, qatı erməni və Ermənistanpərəst mövqeyini ortaya qoyaraq, boyunu və həddini aşan sözlər söyləyib, Azərbaycana təhdidlər yağdırıb, “Qarabağın yenidən fəthinə imkan verilməyəcəyini” dilə gətirib və sair.

Tam biabırçılıq və rəzalət…Təbii ki, Azərbaycan, xüsusilə, ölkə Prezidenti tərəfindən də sərt, kəskin, layiqli cavabını alıb. Ancaq bununla belə, hələ də həmsədr olaraq, qalmaqdadır.

Yəni, belə olan halda, həmsədrlər institutunun, Minsk qrupunun necə ədalətli və obyektiv mövqeyinə inanmaq olar? Bu, özü- özünü aldatmaq olardı.

Əgər onlar ədalət, həqiqət və obyektivlik tərəfdarı olsaydılar, o zaman çoxdan əllərini daşın altına qoyaraq, bütün təsir, təzyiq vasitələrindən istifadə edər, Ermənistanı cəzalandırar, yerində otuzdurar, işğaldan çəkindirər və münaqişənin ədalətli həllinə nail olardılar.

Amma etmədilər, etməyiblər, son hadisələr də göstərir ki, etmək fikrində, niyyətində də deyillər, yenə də şərin, işğalın, işğalçının yanındadırlar. Odur ki, əgər ATƏT, Minsk qrupu əgər özünə hörmət qoymaq, az-çox nüfuzunu, ona olan etimadı bərpa etmək istəyirsə, o zaman mütləq şəkildə həmsədrlər formatına yenidən baxmalı, birmənal şəkildə Fransanı həmsədrlikdən kənarlaşdırmalı, qardaş Türkiyəni həmsədrliyə dəvət etməli və bu məsələni gecikdirmədən reallaşdırmalıdır.

Yalnız o zaman ATƏT-dən, Minsk qrupundan nəsə gözləmək olar. Əks halda, nəticə yenə nəticəsizlik olacaq.

Ölkə Prezidentinin də dediyi kimi, artıq dünyada geosiyasi reallıqlar dəyişib. 1992-ci illə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir.

“Bunu Qərbdə bir çoxları qəbul etmək istəmirlər, bu, onları qıcıqlandırır…İndi müzakirələr nə zaman başlayacaq, mən bunu deyə bilmərəm. Çünki Ermənistan bir halda ki, bu atəşkəsi pozur, inanmıram danışıqlarda da səmimi olsun. Ancaq istənilən halda de-yure, ya da de-fakto Türkiyə mütləq bu problemin həllində olmalıdır və onsuz da var. Çünki bu gün sirr deyil ki, biz Türkiyə ilə müntəzəm olaraq məsləhətləşmələr aparırıq. Bu proseslər başlayandan – 27 iyuldan bu günə qədər biz daim əlaqədəyik. Türkiyənin yüksək səviyyəli vəzifəliləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıx təmasdadırlar. Ona görə bu, artıq reallıqdır. Sadəcə olaraq, biz de-fakto reallığı de-yure reallığa çevirməliyik”-deyə, sözlərinə davam edən ölkə Prezidenti bir daha öz qətiyyətli mövqeyini, tavrını ortaya qoydu.

Biz də ölkə Prezindeti səviyyəsində öz mövqeyimizi açıq şəkildə ifadə etdik, indi söz, seçim qarşı tərəfindir. Təbii ki, onlardan hansısa cavab və ya müsbət cavabın olacağı gözlənilən deyil.

Amma onların nə cavab vermələrindən, hansı seçim etmələrindən asılı olmayaraq, Azərbaycan qardaş Türkiyənin də siyasi, mənəvi dəstəyi ilə Qarabağ probleminin müsbət və birmənalı həllinə nail olacaq, öz suverenliyini bütün ərazilərində bərqərar edəcək. Bu, birmənalıdır.

Ali Baş Komandanın da vurğuladığı kimi, “Biz haqq yolundayıq. Həm beynəlxalq hüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq…”.

Bəli, Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olacaq!

Jalə ƏLİYEVA,

Millət vəkili