Jurnalistlər üçün treninqlər başladı

 

09

İnformasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) və “Nar Mobile” şirkətinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Onlayn medianın inkişafına dəstək” mövzusunda treninq başlanmışdır.
Təlimlərdə müxtəlif media subyektlərində çalışan jurnalistlər, ali məktəblərdə jurnalist ixtisasları üzrə təhsil alan tələbələr – gənc jurnalistlər və bloqçular iştirak etmişlər.Xalq.az xəbər verir ki, təlimlərin məqsədi ölkədə informasiya cəmiyyətindən, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik göstərməkdir.
Bir həftə davam edəcək təlimləri İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər və ekspertlər aparacaqlar.
Təlimlər jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi proqram əsasında keçiriləcəkdir. Proqramda sosial mediadan səmərəli istifadə imkanları, multimedia jurnalistika, internetdə reklam, mobil internet və mobil texnologiyalar, onlayn şəffaflıq və informasiya azadlığı, elektron hökumət və açıq hökumət, kibercinayətkarlıq sahəsi ilə əlaqəli mövzular öz əksini tapmışdır.
Təlimləri uğurla başa vuranlara sertifikatlar veriləcəkdir.
Adı çəkilən layihə çərçivəsində, həmçinin jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan onlayn media müsabiqəsi də davam edir. Müsabiqə üçün məqalələr və müsabiqə çərçivəsində mikrobloqçular tərəfindən yazılan tvitlər noyabrın 15-dək qəbul olunur.