Kəbədə Ramazan ayının ilk namazı – Fotolar

Səudiyyə Ərəbistanında koronavirus pandemiyası ilə mübarizə çərçivəsində sosial məsafənin qorunması, küçəyə çıxma qadağası və namazların camaatla qılınmasının qadağan edilməsi Ramazan bayramının ilk təravih namazına az sayda insanın qatılması ilə nəticələnib.

XALQ.AZ-ın məlumatına görə, Məkkədə yerləşən Məscidül-Həramda, Mədinədəki Məscidi-Nəbəvidə və Qüdsdəki Məscidül-Əqsada ilk təravih namazı COVID-19 səbəbi ilə tədbirlər görülərək qılınıb.

Məlumata görə, Məscidül-Həram ilə Məscidi-Nəbəvidə namaza məmurlar, dezinfeksiya işlərini həyata keçirən şəxslər və digər işçilər qatılıb.

Şərqi Qüdsdəki Məscidül-Əqsa məscidində İslam Vəqfləri İdarəsinin işçiləri epidemiyaya qarşı sosial məsafə qaydalarına riayət edərək Ramazan ayının ilk təravih namazını qılıblar. Məscidül-Əqsanın digər əraziləri tamamilə boş qalıb.

Məscidül-Əqsanın direktoru Şeyx Ömər əl-Kisvani verdiyi açıqlamada məscidin virus səbəbiylə 22 martda bağlandığını, lakin azan və namazlara oradakı işçilər tərəfindən davam edildiyini bildirib.

Təravih namazlarının Ramazan ayında Məscidül-Əqsadakı işçilər tərəfindən qılınacağına işarə edən Kisvani “Məscidlər bağlanıb, ancaq Allahın qapıları bağlanmayıb. Namazlarınızı evdə qılın və bu virusdan xilas olmaq üçün dua edin” deyə söyləyib.

Qeyd edək ki, Qüds İslami Vəqflər Şurası keçən həftə Məscidül-Əqsanın koronavirus səbəbiylə Ramazan ayında ibadət üçün açılmayacağını açıqlayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında 15 102 nəfər koronavirusa yoluxub, 127 nəfər ölüb.