Kənd təsərrüfatı məhsullarının Bakıya gətirilməsinə icazə verilir

Nazirlər Kabineti xüsusi karantin rejimində orta və böyük tonnajlı yük maşınları ilə kənd təsərrüfatı məhsullarının rayonlar arasında, o cümlədən rayonlardan Bakı və digər böyük şəhərlərə daşınması proseduruna aydınlıq gətirib.

XALQ.AZ xəbər verir ki, Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov APA-ya açıqlamasında deyib ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı Təlimat”a əsasən, fermerlərin kənd arasında hərəkətləri sərbəstdir, kəndlərarası hərəkət və rayona gedib-gəlmək üçün kənd icra nümayəndəsindən, rayonlararası hərəkət üçün isə rayon icra hakimiyyəti orqanından arayış almalıdırlar.

Fermerlərin məhsullarını alaraq Bakı və digər böyük şəhərlərdə satış mərkəzlərinə çatdıran təchizatçılara gəlincə, İ. Məmmədov qeyd edib ki, əgər təchizatçı kimi VÖEN-i varsa, icazə.gov.az vasitəsi ilə icazə alınmalıdır: “Əgər yük daşıyan hansısa şirkətin əməkdaşıdırsa, həmin şirkət bunun üçün icazə.gov.az vasitəsi ilə icazə almalıdır. Bu icazə alındıqdan sonra yüklər sərbəst daşına bilər. Çünki Nazirlər Kabinetinin qərarına əsasən, yükdaşıma sərbəstdir”.