“Kənddən Şəhərə” yarmarkaları təşkil olundu

Bu gündən Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC Ramazan bayramı münasibəti ilə Bakıda “Kənddən Şəhərə” yarmarkaları keçirir.
Sabah başa çatacaq yarmarkalar paytaxtın 2 yerində – Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsindəki 225 saylı orta məktəbin qarşısında və Nizami rayonunun Qara Qarayev prospektindəki “Orbita” ticarət mərkəzinin yanında təşkil edilib.
“Kənddən Şəhərə” yarmarkalarında vətəndaşlar ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsulları (meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal, ət və ət məhsulları) ala biləcəklər. Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində yarmarkaların keçirildiyi yerlərdə Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərir və satışa çıxarılan bütün məhsullar yoxlanışdan keçirilib.
“Kənddən Şəhərə” “Dövlət Aqrar Ticarət Şirkəti”nin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Bu layihə çərçivəsində yerli istehsal məhsullarının vahid marka altında qablaşdırılması, eyni zamanda məhsulların satışına dəstək məqsədilə yeni satış kanallarının yaradılması həyata keçirilir.