“Kadrlar müasir çağırışlara cavab verməlidirlər”

Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri, 62 saylı Saatlı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Nahid Bağırov “Yeni parlamentdən yeni gözləntilər” adlı məqalə yazıb. O bildirib ki, seçici ilə sıx ünsiyyət qurmaq hər bir deputatın əsas vəzifəsi olmalıdır.

XALQ.AZ sözügedən yazını təqdim edir:

Ölkənin dinamik inkişafının mühüm şərtlərindən biri də sistemli islahatların həyata keçirilməsidir. Məhz məqsədyönlü, ardıcıl və bütün sahələri əhatə edən kompleks islahatlar idarəetmənin təkmilləşdirilməsini, daha geniş mənada isə ölkə qarşısında dayanan strateji hədəflərin əlçatanlığını təmin edir. İslahatlar həm də ona görə mühüm əhəmiyyət daşıyır ki, ölkə vətəndaşlarının həyatının keyfiyyətinə birbaşa təsir göstərir və deməli, vətəndaş məmnunluğu baxımından da son dərəcə vacibdir. 

Azərbaycanın bütün sahələrini əhatə edən islahatlar son vaxtlar xüsusilə sürətlənib və daha geniş, əhatəli xarakter alıb. Bu islahatlar sırasında kadr və struktur islahatlarının da xüsusi yerinin olması isə məhz hərtərəflilik və sistemliliyin təmin edilməsi məqsədinə bağlıdır. İslahatların ölkəmizin ümumi inkişafında roluna gəlincə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində bu məsələyə və islahatların mahiyyətinə tam aydınlıq gətirib: “Kadr və struktur islahatları, əslində, bir-birini tamamlayan islahatlardır. Bu, ümumi islahatlar siyasətinin təzahürüdür. İslahatlar müxtəlif dövrlərdə, müxtəlif templə və səmərə ilə həyata keçirilib. Bu, labüddür, çünki dayanıqlı inkişafı təmin etmək üçün həm struktur çevik olmalıdır və ağır olmamalıdır, eyni zamanda, kadrlar müasir çağırışlara cavab verməlidirlər”. 

Son dövrlərdə aparılan islahatların ən mühüm xüsusiyyəti məhz müasir çağırışlara əsaslanmasıdır. Aydındır ki, indi dünyadakı inkişaf templəri sürətlə dəyişir, qlobal çağırışlar artır və inkişafı hədəfləyən ölkə birmənalı olaraq bu çağırışlara cavab verməyə hazır olmalıdır. Elə cəmiyyətin özü də daim yenilənməkdədir və təbii ki, idarəetmə bu tempə uyğunlaşmağı bacarmalıdır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi “işə yanaşma tərzi dəyişir. Azərbaycan yeniləşir, Azərbaycanın yeni siması ortalığa çıxır, iqtidarın yeni siması ortalığa çıxır – müasir dövrə uyğun, cəmiyyətimizin gözləntilərinə uyğun və bizim inkişaf strategiyamıza uyğun. Hər şey buna bağlıdır. İlk növbədə, bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidirlər. O kadrlar ki, bu məsuliyyəti dərk etmir, onlar əlbəttə, ən yaxşı halda vəzifədən uzaqlaşdırılır. Yaxud da, onlara qarşı daha ciddi tədbirlər görülür və görüləcək”.

Sözsüz ki, müxtəlif sahələri əhatə edən genişmiqyaslı islahatlar qanunverici orqandan da yan keçə bilməz. Hakimiyyətin digər qollarında islahatların getdiyi bir dövrdə parlamentin bu prosesdən kənarda qalmaması son dərəcə vacib məsələdir. İlk növbədə ona görə ki, ölkənin inkişafı üçün daha təkmil, müasir çağırışlara cavab verən qanunvericilik bazasının formalaşdırılması vəzifəsi məhz parlamentin üzərinə düşür. Bunun üçün isə, şübhəsiz ki, deputatların özlərinin də işə yanaşma tərzi dəyişməli,  onlar daha çevik, daha müasir düşüncə tərzinə malik olmalı, müasir dünyanın çağırışlarını bilməli, qlobal inkişaf templərini tutmağı bacarmalıdırlar. İndi kənd və ya şəhərdəki seçki dairəsindən seçilməsindən asılı olmayaraq, hər bir deputatın əsas vəzifəsi seçici ilə sıx ünsiyyət qurmaq, birbaşa işləmək olmalıdır. Bax, yeni Milli Məclisdən ən böyük gözlənti də məhz ölkə seçicisinin qarşısına bu xüsusiyyətlərə malik yeni tərkibdə çıxması ilə bağlıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, “növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin”. 

Dövlət başçısının yeni seçiləcək deputatlara tövsiyəsi isə odur ki, “onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq”. Bu mənada yeni parlamentin əsas missiyası məhz ictimai nəzarətə əsaslanan deputat-seçici münasibətlərinin qurulması olmalıdır.

Deputat seçicinin səsini eşitməli, sözünü dinləməli və buna müvafiq olaraq, onunla digər qurumlar arasında körpüyə çevrilməyi bacarmalıdır. Deputat əhalinin ən müxtəlif qruplarının problemlərindən xəbərdar olmalı və bu problemlərin əlaqədar orqanlara çatdırılması, zərurət olduqda onların həllinə xidmət edən qanunvericilik təşəbbüsləri ilə çıxış etmək kimi mühüm istiqamətləri özünün əsas vəzifəsi olaraq dərk etməlidir. Başqa sözlə, yeni çağırışlar dövründə istər ayrı-ayrı deputatlar, istərsə də bütövlükdə parlament geniş mənada vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmalı, xalqa xidməti özünün müqəddəs vəzifəsi bilməlidir. Nöbbədənkənar parlament seçkilərinin keçirilməsi üçün seçilmiş majoritar sistem bu məqsədlərə nail olmaq baxımından seçicilər üçün ən uyğun sistemdir. Bir şərtlə ki, ölkə Prezidentinin vurğuladığı kimi, “seçilən deputat fəal olsun və vətəndaşlarla sıx təmasda olsun”. 

İnanırıq ki, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri bütün gözləntiləri doğruldaraq, islahatlar dövrünün yeni səhifəsini açacaq. Ümidvarıq ki, yeni parlament zaman və vətəndaşların çağırışlarına səs verərək, Azərbaycan tarixinin ən genişmiqyaslı islahatlar dövrünün növbəti uğurlarına öz töhfəsini verməyə nail olacaq.