Kamaləddin Qafarov: Erməni rəhbərliyinə son xatırlatma: “Külək əkən-fırtına biçər!”

kamale

“Gəncə, Mingəçevir, Ağdam və digər şəhər və rayonlarda yaşayan dinc əhalinin gecə yarısı raket atəşinə tutulması erməni faşizminin vəhşiliyinin və barbarlığının növbətı təzahürüdür”. Bu sözləri Milli Məclisinin deputatı Kamaləddin Qafarov yap.org.az saytına müsahibəsində bildirmişdir.
Millət vəkili demişdir ki, ermənilərin bu vəhşiliyi XXI əsrin insanlığa qarşı ən qansız hücumu kimi qiymətləndirilməlidir. Mənfur düşmən humanitar atəşkəs haqqında razılığa belə məhəl qoymadan yenə öz çirkin xislətinə sadiq qalmış, qocalara, qadınlara və uşaqlara belə rəhm etməmişdir. Erməni cəlladları Xocalı soyqırımını da məhz gecə yarısı törətmişdilər və eyni ssenari bu gecə də təkrarlanmışdır.
Gəncədə yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olmuş, 6-sı azyaşlı uşaq olmaqla 34 nəfərdən çox insan müxtəlif dərəcədə yaralanmışdır. Hələ dağıntılar altında axtarışlar aparıldığı üçün ölən və yaralananların sayının artacağı istisna deyil.
K.Qafarov bildirmişdir ki, atəşkəs haqqında razılıqdan sonra dinc sakinlərin və şəhərlərin atəşə tutulması, məsuliyyətsizliyin və vəhşiliyin daha bir hiddətləndirici nümunəsidir. Bir daha sübut edildi ki, Ermənistan rəhbərliyinin atəşkəsə çağırışları riyakarlıqdan və vaxt qazanmaq cəhdindən başqa bir şey deyildir.
Ermənistan tərəfindən Azərbaycanın mülki obyektlərinin, əhalinin qəsdən atəşə tutulması göstərir ki, Ermənistan beynəlxalq hüququn əsas normalarına, habelə öz üzərinə götürdüyü öhdəliklərə riayət etmək iqtidarında deyildir və ya bunu istəmir.
Millət vəkili qeyd etmişdir ki, Ermənistan dinc sakinləri hədəf alır. Onlar gözləyirlər ki, bunun qarşılığında Azərbaycan da mülki şəxslərin yaşadığı yerlərə hücum etsin. Ancaq Azərbaycan beynəlxalq hüquqa hörmət edərək bu addımı atmır. Ermənistanın məqsədi başqa ölkələri də müharibəyə cəlb etmək və bölgədə gərginlik yaratmaqdır. Artıq təkcə Azərbaycan deyil, bütün tərəqqipərvər ictimaiyyət də bu fikrdədir ki, Ermənistanın barbarlığına “dur” deyilməlidir və dünya bu vəhşiliyə qarşı öz etiraz səsini ucaltmalıdır.
Ermənistanın bu əməli açıq terror və beynəlxalq cinayətdir. Bu təkcə müharibə cinayəti deyil, eyni zamanda insanlıq əleyhinə törədilən ən ağır cinayətdir. İnsan nə qədər vəhşi və nə qədər vicdansız olmalıdır, nə qədər insanlıq hissini itirməlidir ki, uşağa, qocaya, qadına, bir sözlə, yatan insanların üstünə raket atsın.
K.Qafarov bildirmişdir ki, Gəncə qətliamı bir daha göstərdi ki, erməni faşizmi ilə ancaq onun anladığı, başa düşdüyü dildə- hərb dilində danışılmalı, işğal olunmuş torpaqlarımız azad edilənə qədər onlarla məhz tərzdə bu davranılmalıdır. Məşhur bir məsəldə deyildiyi kimi:” Külək əkən- fırtına biçər!”