Kamaləddin Qafarov: “Qanun qarşısında hamı bərabərdir”

kamale

Pandemiya dövründə sanitar-epidemioloji tələblərə, karantin qaydalarına ciddi və kütləvi şəkildə əməl olunmasının zəruriliyi müxtəlif səviyyəli dövlət tədbirlərində, Operativ Qərargahın tövsiyyələrində, həkim və mütəxəssislərin, ayrı-ayrı tanınmış insanların əhaliyə müraciətində dəfələrlə öz əksini tapmışdır. Dövlətimizin başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva davamlı olaraq rəsmi tədbirlərdə, müxtəlif açılış mərasimlərində bu qaydalara çox ciddi əməl edərək, əhalini də pandemiya dövründə məhdudlaşdırılmış məişət və iş davranışları sərgiləməyə, insanların kütləvi şəkildə toplanmasını şərtləndirən mərasim və tədbirlərdən qaçmağa çağırmışlar. Bu çağırışlar fonunda bəzi rəsmi və qeyri-rəsmi şəxslərin, ölkənin tanınmış məmurlarının bu qaydaları kobud şəkildə pozması təəssüf və çaşqınlıq doğurur.

Bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov XALQ.AZ verdiyi açıqlamada bildirib.

Millət vəkili xüsusi vurğulamışdır ki, Prezident İlham Əliyev dəfələrlə vəzifəsindən, statusundan asılı olmayaq hər bir kəsi qanunlara riayət etməyə çağırıb, mövcud qaydaları pozanların cəzalandırılmasını tələb edib. Ona görə də heç kəs unutmamalıdır ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi bərqərar olub, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır.

Ona görə də indiyədək daxili işlər orqanları ölkənin müxtəlif bölgələrində xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb etmiş və bu tipli tədbirlər ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır. Lakin son günlərdə bəzi vəzifəli şəxlərin, məmurların mövcud karantin rejiminin qaydalarını pozaraq müxtəlif toy mərasimləri təşkil etmələrinə dair mediaya sızan faktlar haqlı olaraq vətəndaşlarımızın narazılığına səbəb olmuş və ciddi ictimai qınaqla qarşılanmışdır.

K.Qafarov demişdir ki, heç kəs üçün sirr deyil ki, hazırki pandemiya üzrə karantin dövrü nəinki ölkəmizdə, hətta bütün dünyada xüsusi həssas bir ovqat, mühit və ortam yaratmışdır. Zəriri məhdudlaşdırıcı addımlar, cəmiyyətdə bundan doğan sosial gərginlik, insanların tez bir zamanda əvvəlki sərbəst günlərə qovuşmaq intizarı bu tipli qanunsuzluqlara qarşı haqlı olaraq çox böyük təpki yaradır. Buna görə də heç kəs unutmamalıdır ki, kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və əgər yüksək rütbəli məmurlar, vəzifə sahibləri belə, qanunvericiliyin tələblərini, karantin qaydalarını pozarlarsa, hüquq- mühafizə orqanları tərəfindən dərhal adekvat qaydada cəzalandırılacaqlar.

Millət vəkili bildirmişdir ki, bu hadisənin sosial təhkəliliyinin əsas göstəricisi pespublikanın yüksək vəzifə pillələrində qərarlaşan məmurların qanunun fövqündə dayanmaq cəhdləridir. Cəmiyyət üzvlərini qıcıqlandıran əsas səbəbi da məhz bu faktda axtarmaq lazımdır. Deyək ki, Şəmkirdə, Ağcabədidə, Gəncədə və ölkəmizin digər regionlarında keçirilən gizli toy mərasimlərinin əsas iştirakçılarına ciddi inzibati tənbehin tətbiq edildiyi halda, paytaxt Bakıda və ya Abşeronda analoji inzibati xəta törətmiş, qanun pozuntusuna yol vermiş şəxslərə liberallıq göstərilməsi narazılıq doğurardı, ciddi ictimai qınağa səbəb olardı. Ona görə də son toy mərasimlərinin təşkilatçılarının cəzalandırılması qanuni, məntiqi bir prosedur kimi qiymətləndirilməlidir.

K.Qafarov məlum olaya öz münasibətini Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədovun sözləri ilə tamamlamışdır:” …Heç kimə ayrıca səlahiyyətlər, üstünlüklər və ya imtiyazlar verilməyib və verilə bilməz. Mənim dediyim bu sözlər ilk növbədə Yeni Azərbaycan Partiyasının üzvlərinə aiddir. Belə olan halda partiya üzvlərindən kiminsə xüsusi imtiyazlara sahib olduğunu düşünməsi anlaşılmaz və yolverilməzdir. Hesab edirəm ki, karantin qaydalarının kobud şəkildə pozulmasına görə toy sahiblərinin qanunla cəzalandırılması hamıya ibrət olmalıdır”.