Kamaləddin Qafarov: Bu günlər təkcə Azərbaycanın deyil, bütün regionun müqəddəratı həll olunur

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov yap.org.az saytına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəni ölkəmizin ideoloji- diplomatik sahədə böyük qələbəsi kimi dəyərləndirmişdir. Bu müsahibə Azərbaycanın Vətən Müharibəsinin bütün insani və hərbi mahiyyətini, qanuniliyini, beynəlxalq hüququn bütün tələblərinə uyğun gəldiyini və nəhayət, konkret zamanın tələbi olduğunu sərrast və dəqiq faktlarla Rusiya və dünya ictimaiyyətinə çatdırmışdır.

Millət vəkili göstərmişdir ki, Prezidentimiz öz məntiqi, əsaslandırılmış, hadisələrin real xronologiyası və dinamikasını açıb göstərən informasiyası ilə milyonlarla tamaşaçının gözü qarşısında öz bədnam opponentinin-N.Paşinyanın, sözün əsl mənasında, danışığının və nitq qabiliyyətinin itməsinə səbəb olmuş, son nəticədə isə onu ağır məğlubiyyətə düçar etmişdir.

Türkiyənin regionda sabitləşdirici xarakter daşıdığını çox böyük auditoriya qarşısında bəyan edən Prezident İlham Əliyev bildirmişdir ki, bizim üçün Türkiyə qardaş ölkə və müttəfiqdir. O, Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı, həmçinin beynəlxalq hüququ dəstəklədiyini qeyd etdi. Prezidentimiz Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfinin yaydığı bütün şayiələrin təxribat xarakteri daşıdığını vurğuladı. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət də yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.

İnformasiya məkanında Ermənistanın SU-25 döyüş təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulması haqqında xəbərinə toxunan ölkə başçısı bildirmişdir ki, bu, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfinin bu cür yalan xəbərlər yaratmaqda məqsədi aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etmək üçün dəridən-qabıqdan çıxır. “Azərbaycan bütün məsuliyyəti ilə bəyan edir ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”

K.Qafarov bildirmişdir ki, Prezidentimizin də təsdiq etdiyi kimi, Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən, son iki ildə dəfələrlə bəyan edilib ki, Minsk qrupunun və onun həmsədrlərinin illər boyu işlənib hazırlanmış, danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bildirilib ki, danışıqların formatına da sadiqik.

Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə’’. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər? ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, danışıqlar Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparılsın. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır.

Millət vəkili demişdir ki, Ermənistan artıq bir neçə ay idi ki, hücuma – yeni müharibəyə hazırlaşırdı. Onların hərəkətlərinin və bəyanatlarının xronologiyası aşkar göstərir ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Prezident İlham Əliyev BMT Baş Assambleyasının tribunasından çıxış edərkən demişdir ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. Əvəzində Ermənistan açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan etdi ki, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bütün bunlar şüurlu provokasiyalar, Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etmək idi. Amma Azərbaycan bəlli bir vaxta qədər çox böyük təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdi…

K.Qafarov öz fikirlərini dövlətimizin başçısının dünən cəbhədə yaralanmış bir qrup döyüşçü ilə keçirdiyi görüşdə dediyi sözlərini iqtibas gətirərək tamamlamışdır: “Mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq… Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Bilirsiniz ki indi, müxtəlif beynəlxalq təşkilatların, müxtəlif ölkələrin rəhbərləri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, öz fikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir…”