Kamaləddin Qafarov Milli Qəhrəmanın doğmaları ilə görüşdü

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarov Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun qardaşları Azad və Sahiblə görüşüb.

XALQ.AZ xəbər verir ki, K.Qafarov Vətənin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə 109 soydaşımızın Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək və şərəfli ada layiq görüldüyünü deyib:

“Onlardan biri də Binəqədinin yetişdirməsi olan Fərhad Hümbətovdur. Fərhad 1992-ci il martın 29-da Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas etsə də, özü qəhrəmancasına həlak olmuşdur. Kamaləddin Qafarov qeyd etmişdir ki, Fərhad və onun kimi qəhrəmanların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır. Onlar millətimizin qürur mənbəyi, əbədiyyət simvoludur”.

Azad və Sahib Hümbətovlar qardaşlarının xatirəsinə yüksək dəyər verdiyinə, onlarla səmimi görüşə, yüksək diqqət və qayğıya görə Kamaləddin Qafarova minnətdarlıqlarını bildiriblər. Onlar qeyd edib ki, qədirbilən xalqımız Milli Qəhrəmanımızın xatirəsini daim uca tutur. Rayonumuzda onun adını daşıyan mədəniyyət və istirahət parkında qəhrəmanın əzəmətli büstü qoyulub.

Kamaləddin Qafarov Azad və Sahib Hümbətovlar qardaşları ilə ətraflı fikir mübadiləsi edib, onların problem və qayğıları ilə maraqlanıb, bir sıra məsələlərin həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirib.


XALQ.AZ