Kamran Əliyev erməni təcavüzündən danışdı

kamr

MDB-nin iştirakçısı olan dövlətlərin Baş prokurorlarının Əlaqələndirmə Şurasının videokonfrans formatında 30-cu iclası keçirilib

Oktyabrın 8-də Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) videokonfrans formatında 30-cu yubiley iclası keçirilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, MDB prokurorluq orqanlarının və Beynəlxalq Prokurorlar Assosiasiyası rəhbərlərinin iştirak etdiyi iclasda ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda çıxış edən Kamran Əliyev beynəlxalq tədbirdə iclas iştirakçılarının nəzərinə çatdırıb ki, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları və ümumilikdə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri, hətta döyüş bölgələrindən kənarda yerləşən Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərləri, Abşeron və Xızı rayonlarını ağır silahlardan atəşə tutub.

Baş prokuror qeyd edibki, hazırda qeyd olunan faktlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 26 cinayət işi başlanıb. Hazırda ərazidə həyati təhlükə olmasına baxmayaraq prokuror və müstəntiqlər tərəfindən müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Bildirilib ki, 27 sentyabr tarixindən bugünədək Ermənistanın hərbi təcavüzü nəticəsində 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxs həlak olmuş, 148 mülki vətəndaş ağır yaralanıb, ümumilikdə 778 yaşayış evi, 117 mülki obyekt dağıdılıb.

Məsələyə dair Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldaşev və Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri çərçivəsində və sülh yolu ilə həll olunmasının vacibliyini qeyd ediblər.

Daha sonra təşkilati məsələlər müzakirə edilərək əməkdaşlıq haqqında müvafiq sənədlər imzalanıb. Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov BPƏŞ-in növbəti il üçün sədri seçilib, həmçinin Şuranın 31-ci iclasının 2021-ci ildə Qazaxıstanda keçirilməsi qərara alınıb.