Kamran Əliyev prokurorluğun ictimai köməkçiləri ilə görüşdü

8b18bb19 c979 327a 9311 175b5ea7b2e6 850

Sentyabrın 24-də prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən prokurorluğun ictimai köməkçiləri ilə görüş keçirilib.

Bu barədə XALQ.AZ-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbiri giriş sözü ilə açan Baş prokuror Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atıldığını qeyd edib, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradıldığını vurğulayıb.

Prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyətin prokurorluqda kadr siyasətinin həyata keçirilməsi üçün ictimaiyyətlə qarşılıqlı əlaqələrin qurulması, yüksək peşə hazırlıqlı kadr ehtiyatının formalaşdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərə bu dövlət orqanının fəaliyyətinin məzmunu və iş şəraiti ilə tanışlıq imkanının yaradılması, onların bilik, bacarıq və peşə vərdişlərinin artırılması məqsədi daşıdığını qeyd edən Baş prokuror ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin prokurorluq orqanlarında da davam etdirilməklə gənc kadrların müsabiqə yolu ilə işə qəbulu nəticəsində prokurorluğun kadr tərkibinin 70 faizinin məhz gənclərin hesabına formalaşdırıldığını nəzərə çatdırıb.

Daha sonra görüş zamanı Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Natiq Hüseynov prokurorluq orqanlarında dövlət gənclər siyasətinə uyğun olaraq həyata keçirilmiş islahatlar, könüllülər üçün yaradılan geniş imkanlar, könüllülük hərəkatının daha da inkişaf etdirilməsi məqsədilə görülən işlər barədə ətraflı məlumat verib.

Tədbir zamanı çıxış edən gənclər ictimai köməkçi qismində fəaliyyət göstərdikləri müddət ərzində prokurorluğun fəaliyyət istiqamətləri ilə görülmüş işlərlə yaxından tanış olaraq, yeni bilik və bacarıqlar qazandıqlarını, öyrəndikləri nəzəri biliklərin praktiki işdə həyata keçirmək imkanı əldə etdiklərini qeyd ediblər. 

Prokurorluq orqanlarında kargüzarlığın aparılması qaydalarının, o cümlədən xidməti və prosessual sənədlərin layihəsinin tərtibinə dair təlimatların dərindən öyrənməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayan gənclər uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərdiyini bildiriblər.

Tədbirə yekun vuran Baş prokuror prokurorluqda ictimai əsaslarla çalışan könüllü gənclərə dövlətə və dövlətçiliyə sadiqliyin, vətənpərvərliyin vacibliyini vurğulayaraq onlara dünyagörüşü səviyyələrinin, o cümlədən xarici dil biliklərinin inkişaf etdirilməsi ilə bağlı daim üzərlərində çalışmalarının əhəmiyyətindən söz açıb, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edərək, uğurlu iş həyatının formalaşdırılması ilə bağlı tövsiyələrini verib.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.

08d2e4ee 0b59 38dd 8ee3 98acdc61734f
4f6dff79 cd59 360a 86a6 588a06468b4d
3f8c6dc7 2ff2 3e87 b97c 3597876a32f3
8357d64d f607 3777 9f40 7dc08306b22c

XALQ.AZ