Kamran Nəbizadə Yaponiya şirkəti ilə videobağlantı formatında görüş keçirib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə ilə Yaponiyanın “Tet İnternational Development” şirkətinin prezidenti və icraçı direktoru Taro Savadanın başçılıq etdiyi nümayəndə heyəti arasında videokonfrans şəklində  işgüzar görüş keçirilib.

XALQ.AZ xəbər verir ki, görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq, “Azərtütün ASK” MMC-yə məxsus Tütün İstehsalı və Emalı Məntəqələrində birgə işlərin aparılması, Yaponiya şirkətinin bu istiqamətdə daha fəal iştirakı, eləcə də gələcəkdə investisiya yatırımı imkanları müzakirə olunub. Korporasiyanın nümayəndə heyəti Qax və Balakəndə yerləşən TİEM-də istehsal, idarəetmə və təşkilati baxımdan həyata keçirilən işlərdə “Tet İnternational Development” şirkəti ilə birgə əməkdaşlığın vacibliyini vurğulayıb.  Sadalanan proseslərin mərhələli şəkildə həyata keçirilməsinin məqsədəuyğun olduğunu qeyd edən Yaponiyanın nümayəndə heyəti quru tütün satışı ilə bağlı məsələlərin də müzakirəsinə toxunaraq, şirkətin bu istiqamətdə geniş imkanlara malik olduğunu və Korporasiyanın bu imkanlardan yararlana biləcəyini bildirib.

Görüş zamanı həmçinin satış imkanlarından bərabər istifadə edilməsi, satış potensialının genişləndirilməsi yolları da müzakirə mövzusu olub.

İşgüzar görüşdə Korporasiyanın “Strateji inkişaf və kommersiya”, eləcə də “Aqrar istehsalat və ticarət” departamentinin rəhbər heyəti və “Tet İnternational Development “şirkətinin vitse-prezidenti Muneçika Tanio iştirak edib.