“Karantinə görə Xəzər dənizinin suları təmizlənib” – Nazir

Respublikanın iri şəhərlərində atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqi məqsədilə yeni nəsil avtomatik stansiyalar qurulur. Eyni zamanda ölkənin istənilən nöqtəsində ilkin analiz aparmağa imkan verən səyyar mobil laboratoriya fəaliyyət göstərir.

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazirin sözlərinə görə  araşdırmaların nəticələrinin müqayisəli təhlili göstərir ki, karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb:

“Xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb. Diaqramlardan da göründüyü kimi, 2020-ci ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası 2019-cu ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır.  

Bunun səbəbi karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və avtomobillərdən istifadənin kəskin azalması olub. 

Karantin dövründə tətbiq olunan məhdudlaşmalar Xəzər dənizinin sahil sularının keyfiyyətinə də müsbət təsir göstərib. Məsələn, Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahilboyu ictimai-iaşə obyektləri fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənmə səviyyəsində azalma müşahidə edilir”.