Keçmiş nazirin aviaşirkətini bağlandı

14

“Turan Air” aviaşirkəti bütün müntəzəm uçuşları dayandırıb. 1994-cü ildən fəaliyyət göstərən aviaşirkət praktiki olaraq sərnişin daşımaları bazarını tərk edib, amma bu barədə rəsmi məlumat verməyib.

 

Aviaşirkət 2006-cı ilin iyulundan “SW Holding” şirkətlər qrupuna daxil olub və onun bir neçə “Tu-154” təyyarəsi olub. Yaxın vaxtlara kimi o, Bakıdan Kazan və Yekaterinburqa, Lənkərəndan Surquta uçuşlar həyata keçirib. Holdinqdən “Turan”a bildiriblər ki, reyslər sərnişin axınının azlığından dayandırılıb.

 

Xatırladaq ki, ilk özəl aviaşirkət olan “IMAIR” (“İmprotex Group” şirkətlər qrupuna daxil olub) 2009-cu ildə ləğv edilib. Beləliklə, hazırda yerli hava daşımaları bazarında “Azerbaijan Airlines” QSC və “Silk Way Business Avioation” qalıb. Sonuncunun 6 təyyarəsi var (“Gulfstream-550”, “Gulfstream-450”, “Gulfstream-200”, “Gulfstream-280”, “Boeing-727-200” və “ATR-42-500”) və kommersiya uçuşları həyata keçirir (ayda təxminən 200 sərnişin) və ziyanla işlədiyi barədə hesabat verir. Amma “Silk Way Business Avioation” daha bir “Gulfstream” almaq üçün plan qurur.

 

“Turan Air” aviaşirkəti sabiq əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərova məxsusdur. F.Ələkbərov oğlu Vüqar Ələkbərov bu ilin yanvarında İsmayıllı iğtişaşlarının törədilməsinə bais olandan sonra hakimiyyətin gözündən düşüb. Bu ilin oktyabrında isə vəzifəsindən uzaqlaşdırılıb. Onun İsmayıllının icra başçısı olan qardaşı Nizami Ələkbərov rayondakı iğtişaşlardan sonra vəzifədən qovulub. Bundan sonar Ələkbərovların ağır günləri başlayıb. Onlara məxsus biznes qurumlarında işlər fırıqlaşıb. “Turan Air” olayını da Ələkbərovlara növbəti zərbə saymaq olar. Şirkəti sadəcə olaraq sahibinə görə çökdürürlər. Yoxsa 1994-cü ildən bəri az qala 20 illik fəaliyyət təcrübəsi olan aviaşirkətin birdən-birə “sərnişin qıtlığı” çəkməsi hər halda qəribə görünür…