Kiçiklər böyükləri kövrəltdilər

Xocalıya can dedilər uşaqlar, haray çəkdilər, kiçik ürəklərində böyük Xocalı ağrısı yaşadılar, qəhər boğdu onları, kədərləndilər, amma bu kədərin içində bir Vətən coşqusu da var idi, həm də qisas hissi…

Bakı şəhəri Xətai rayonu 95 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə keçirilən tədbir yaddaşlara belə həkk olundu, kiçiklər böyükləri kövrəltdilər.

Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin müəllimi Ofelya Babayevə giriş nitqi söylədi. Natiq bildirdi ki, iki əsrdən artıq bir müddətdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin qanlı hadisələrlə dolu çox ağrili mərhələlərini təşkil edir. Bu millətçi və şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin xəyal etdikləri “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Məhz Xocalı soyqırımı da bu qanlı siyasətin davamı və bir qoludur. Ofelya Babayeva öz çıxışında beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan bu terror aktının Azərbaycan xalqının qan yaddaşında silinməz izlər qoyduğunu diqqətə çatdırdı.

Tədbir şagirdlərin hazırladıqları bədii-musiqili kompozisiya ilə davam etdi. Şagirdlər öz çıxışları ilə Xocalıda baş verən soyqırım hadisələrini təsvir etdilər, Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər, müharibənin törətdiyi faciələri əks etdirən səhnələr təqdim etdilər.

Muğam ustaları Səbinə Ərəblinin və Pərviz Qasımovun ifaları tədbirə xüsusi rəng qataraq qonaqları duyğulandırdı.

Tədbirdə ulu öndər Heydər Əliyevin Xocalı faciəsi ilə bağlı səsləndirdiyi fikirləri əks etdirən videoçarx nümayiş etdirildi.

Məktəbin direktoru Elçin Abdullayev çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu söylədi. Xocalı soyqırımına ilk dəfə hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, 1994-cü il fevralın 24-də ulu öndərin imzaladığı fərmanla həmin günün xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi qeyd edilməyə başlandığını bildirdi. E. Abdullayev qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilir və bu gün də Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmaqdadır. Natiq çıxışının sonunda çox yaxın bir gələcəkdə keçiriləcək tədbirlərin qələbə ilə bağlı olacağına əminliyini bildirdi.

Tədbirdə şair-jurnalist Ələmdar Quluzadənin, şair-tərcüməçi Yusif Savalanın, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimovun və digər qonaqların çıxışları böyük maraqla qarşılandı.

Sonda məktəb direktoru E. Abdullayev 2c sinfinə Azərbaycanın Milli Qəhrəmanı Əlif Lətif oğlu Hacıyevin adının verilməsi ilə bağlı imzaladığı əmri oxudu, tədbirin təşkilatşısı, məktəbin müəllimi Ofelya Babayevaya təşəkkür elan etdi, tədbirin təşkil olunmasında yaxından köməklik göstərdiyinə görə tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Hikmət Xudiyevə minnətdarlığını bildirdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.