Kirayə mənzil müqaviləsinə bu sənədlər tələb olunacaq…

Vüqar Bayramov: “Kirayə mənzil fondu ilə bağlı mexanizmin hazırlanması yekunlaşıb”
Ölkə Prezidenti İlham Əliyev “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanının icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik edib.
XALQ.AZ-ın xəbərinə görə, iqtisadçı Vüqar Bayramov nəzərdə tutulan bu dəyişikliklərə və vətəndaşların satın almaq məqsədi ilə kirayə mənzilə nə zamandan sahib ola biləcəkləri məsələsinə aydınlıq gətirib.
O bildirib ki, son fərman kirayə mənzil fondunun yaradılması ilə bağlı mexanizmin hazırlanmasının yekunlaşdığından xəbər verir: “Bu o deməkdir ki, yaxın zamanlarda artıq vətəndaşlarımız kirayə mənzilə müraciət edə biləcəklər.
Yeni fərmanla da kirayə mənzilin təklif edilməsi artıq ipoteka ilə əlaqəli bütün qanunvericiliyə daxil olundu və bu da hüquqi bazanın formalaşıb başa çatması anlamına gəlir. Eyni zamanda elektron ipoteka portalında da kirayə mənzillərə müraciət formalaşdırılacaq.
Fondun təklif edəcəyi mənzillər ilə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək. Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axtarış sistemi vasitəsi ilə əldə etməsidir.
Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçiriləcək”.
V.Bayramov evi kirayə götürmək üçün aşağıdakı sənədlərin tələb olunacağını vurğulayıb: “Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi, iş yerini və gəlirlərini təsdiq edən məlumatlar, ailə tərkibi barədə məlumatlar, vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi, şəxsin kredit bürolarında saxlanılan məlumatları, sosial sığorta ödənişləri barədə məlumatlar, şəxsin məhkumluğunun olması (olmaması) barədə məlumatlar tələb olunacaq. Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq.
Digər vacib dəyişiklik kirayə mənzilə müraciətə yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil, həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcəyidir. Vətəndaşlar həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə ilədə kirayə evlərə müraciət edə biləcəklər”.

Yeganə